Siyasət

  • 1 979

İlham Əliyevin Laçın bəyanatı: İrəvanın vaxtı azdır! ANALİTİK+ÖZƏL

image

Müzəffər Ali Baş Komandan bu dəfə yalnız Ermənistana deyil, həm də onun havadarlarına qətiyyətli mesajını verdi

Prezident İlham Əliyevin Laçın şəhərinə səfəri çərçivəsində irəli sürdüyü qətiyyətli mesajları artıq belə deməyə əsas verir ki, Azərbaycan regional və müstəqil güc olması ilə yanaşı, həm də dövlətçilik maraqlarımıza xələl, yaxud sülh prosesinin əldə olunmasına mane ola biləcək istənilən cəhdlərin qarşısını almağa qadirdir.Digər tərəfdən, fakt budur ki, Azərbaycanın sülhə doğru çoxsaylı addım atmalarına rəğmən, Ermənistanın hərbi-siyasi dairələri və bu dairələrin havadarları hər dəfə sülh prosesini müxtəlif bəhanələrlə uzadır, üstəlik, bu da azmış kimi yeni təxribatlar törətməklə vəziyyəti gərgin saxlamağa səy göstərir. Eyni zamanda, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əks olunan bəndlərə də əməl etməyən Ermənistanın terrorçu qrupları ərazilərimizdə minalar basdıqmaqla çoxsaylı vətəndaşlarımızın və hərbçilərimizin ölümlərinə, yaralanmalarına yol açırlar. Məhz bu baxımdan, Prezident İlham Əliyev Laçın səfərində həmin məqamlara xüsusilə toxundu və bildirdi ki, müharibədən sonra təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırılıb. Bu isə reallıqda müharibənin davam etməsi anlamını daşımaqdadır. Lakin düşmən nə qədər belə cəhdlərini davam etdirərsə bir o qədərdən də artıq daha ağır zərbələrə məruz qalmalı olacaq.
Əbəs deyil ki, Müzəffər Ali Baş Komandan çıxışı zamanı sentyabrın 12-13-də növbəti erməni təxribatı məsələsinə də toxundu
SİTAT: “Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq”.Əbəs deyil ki, Müzəffər Ali Baş Komandan çıxışı zamanı sentyabrın 12-13-də növbəti erməni təxribatı məsələsinə də toxundu və ümid etdiyini bildirdi ki, həmin zaman düşmənə vurulan sarsıdıcı zərbə ona dərs olmalıdır. SİTAT: “Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq”.
Hansısa dövlətlərin hansısa “başbilənlərinin” cəhdləri Bakı üçün səfər həddindədir!
Sərhəd boyunca əldə edilən mövqelərin istənilən erməni təxribatını qabaqcadan görməyə və lazımi tədbirlər həyata keçirməyə imkan verdiyini bildirən Prezident onu da deyib ki, qəhrəman Azərbaycan Ordusu artıq bütün strateji cəhətdən əlverişli mövqelərə sahiblənib və düşmən bundan sonra da həmin cəhdlərini davam etdirmək qərarına gələrsə onda tamamilə öz məhvinə imza atmalı olacaq. SİTAT: “Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır”.Beləliklə, dövlət başçımız bir daha öz xəbərdarlığını etdi və bununla yanaşı, Ermənistana havadarlıq edən bəlli Qərb və s. dairələrinə də öz mesajını yolladı. Yəni bununla bildirmək istədi ki, hansısa dövlətlərin hansısa “başbilənləri” Azərbaycana qarşı ədalətsiz, haqsız mövqe nümayiş etdirmək qərarını davam etdirəcəksə, üstəlik Ermənistanın təxribatçı əməllərinə öz təbirlərincə “haqlı don” geyindirməyə çalışacaqsa, bu kimi məsələlər rəsmi Bakı üçün sıfır həddindən o tərəfə keçməyəcək. Çünki Azərbaycan öz dövlətçilik maraqlarını və xalqının maraqlarını müdafiə edir və heç bir xarici “siyasi başbilənlik” bu maraqları əsla üstələyə bilməz!
Ermənistan öz subyektliyini qorumaq istəyirsə, onun Azərbaycanla sülh müqaviləsini imzalamaq marağı olmalıdır!
Digər tərəfdən, fakt budur ki, reallıqda sülhün razılaşmasının imzalanması üçün hər bir şərait yaradılıb və əslində, Ermənistan tərəfi də anlamağa məhkumdur ki, bu razılaşma ona və xalqına da sərf edir. Lakin təəssüf ki, bunu anlamayan düşmən tərəfi yalnız Azərbaycan tərəfindən sərt cavab addımları atıldıqdan sonra hər hansı qərarlar verməyə məcbur olur. Yəni fakt budur ki, sülhün əldə olunması prosesinə əngəllər törədən Ermənistana münasibətdə məntiq, ağıl, düşüncə deyil, təəssüf ki, eskalasiya daha münbit vasitəyə çevrilir. Məhz güc tətbiqindən sonra hazırda əldə olunmuş bəzi məsələlər öz həllini tapıb. Çünki erməni tərəfi qarşılıqlı addımlara getmir, üstəlik qeyd edilənlərlə yanaşı, nəqliyyat dəhlizinin açılmasında da inadkarlıq nümayiş etdirir.O cümlədən, əgər Ermənistan öz subyektliyini qorumaq istəyirsə, onun Azərbaycanla sülh müqaviləsini imzalamaq marağı olmalıdır. Əslində bu, Ermənistanın öz müttəfiqlərini tez-tez dəyişməsindən daha məntiqli addım sayıla bilərdi. İrəvanın vaxtı çox azdır!

Rövşən RƏSULOV

Digər xəbərlər