Siyasət

  • 2 154

AHİK sədri nümayəndə heyəti ilə görüşüb

image

Sentyabrın 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Türkiyənin həmkarlar ittifaqı KAMU-SEN Konfederasiyasının sədri Öndər Kahveçi ilə görüşüb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.AHİK sədri bildirib ki, Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan, biri-birini hər zaman bütün müstəvilərdə ən yüksək səviyyədə dəstəkləyən ölkələr yoxdur. Onun sözlərinə görə, iki ölkənin münasibətlərinin ən yüksək səviyyəyə çatdırılması Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub, təşkil olunan qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq əlaqələri daha da möhkəmlənib.AHİK sədri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev prezident seçildikdən sonra da Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin mühüm tərəfini təşkil edir. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da dərinləşməsinə, xalqlarımızın yaxınlaşmasına səbəb olub.S.Möhbalıyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə Türkiyə hakimiyyəti və xalqı bütün dünyaya Azərbaycanla həmrəy olduqlarını bir daha göstərdilər. Görüşdə AHİK sədri Şuşa Bəyannaməsinin əhəmiyyətindən, Şərqi Zəngəzur və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən və bu prosesdə Türkiyə şirkətlərinin yaxından iştirakından söz açıb.S.Möhbalıyev Ermənistanın bu il sentyabrın 13-də törətdiyi növbəti hərbi təxribata diqqət çəkərək bildirib ki, işğalçı ölkə hələ də sülh prosesində maraqlı görünmür, təcavüzkar əməllərə əl atmaqda davam edir. S.Möhbalıyev həmçinin baş verən hərbi təxribatlara Azərbaycan Ordusu tərəfindən layiqli cavab verildiyini də diqqətə çatdırıb. Bildirib ki, son hərbi təxribatlar zamanı şəhid olan hərbçilərin övladlarının da AHİK tərəfindən himayəyə götürülməsi nəzərdə tutulub.Daha sonra Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri bildirib ki,qurum ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində mühüm işlər görür. Eləcə də işəgötürənlə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin mənafeləri yüksək səviyyədə təmin olunur, kollektiv danışıqlar aparılır, kollektiv müqavilələr, sazişlər bağlanılır və onların yerinə yetirilməsinə nəzarət həyata keçirilir. İttifaq üzvlərinin, onların ailələrinin sağlamlığı, pensiya təminatı, sanatoriya-kurort müalicəsi və istirahətləri, əməyin mühafizəsi, ətraf mühitə, sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması, üzvlərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsi daim Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzindədir.Konfederasiya sədri əlavə edib ki, Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əlaqələr gündən-günə güclənir, hərtərəfli təcrübə mübadilələri aparılır, əməkdaşlığa dair müxtəlif sənədlər imzalanır. S.Möhbalıyev əminliyini ifadə edib ki, əlaqələrimiz bundan sonra da genişlənəcək və inkişaf edəcək.Səmimi qəbula görə təşəkkür edən KAMU-SEN Konfederasiyasının sədri Öndər Kahveçi Azərbaycan-Türkiyə münasibətlərinin bütün dünyaya nümunəvi səviyyədə olduğunu bildirib. Qeyd edib ki, Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər bütövlükdə Türk dünyasının parlaq qələbəsidir. Ö.Kahveçi Ermənistanın son zamanlar törətdiyi hərbi təxribatları qətiyyətlə pisləyərək bu cür hərəkətlərin münasibətlərin nörmallaşmasına mane olduğunu diqqətə çatdırıb. Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında əlaqələrdən danışan qonaq bu münasibətlərin günü-gündən inkişaf etdiyini, təşkil olunan qarşılıqlı səfərlərin, aparılan təcrübə mübadilələrinin əməkdaşlığın dərinləşməsinə səbəb olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.
Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

Müəllif: Banuçiçək Hüseynli

Digər xəbərlər