Siyasət

  • 835

Etinasızlıq Ermənistanın fəlakətə açılan qapısına çevrilir ŞƏRH+AKTUAL

image

Vaqe Ovannisyan: “Müharibə İrəvandan iki saatlıq məsafədə baş verə bilər”

Maraqlıdır ki, Ermənistan bir tərəfdən müharibə xofu və qorxusu ilə yaşayır, digər tərəfdən isə müharibəyə təhrik edən addımları ilə regiondakı vəziyyəti müxtəlif təxribatçı əməlləri ilə gərginləşdirməyə çalışır. Bir-birinə təzad olan bu iki amil isə erməni siyasi-ictimai rəyinin hələ də yekun nəticəyə gəlmək imkanında olmadığını isbatlayır. Lakin fakt budur ki, növbəti eskalasiya mümkünlüyü Ermənistan ictimaiyyətinin gündəmində birinci yerdə qalmaqda davam edir.
“Aparıcı fəlsəfi müzakirələrdə mövcud olan biganəliyi anlamıram”
“Əgər müharibə baş verərsə, o İrəvandan iki saatlıq məsafədə olacaq. Və belə bir vəziyyətdə mən erməni ictimaiyyətində, siyasi elitada, hakimiyyətdə, müxalifətdə, aparıcı fəlsəfi müzakirələrdə mövcud olan biganəliyi anlamıram. Sanki bizim nə ilə məşğul olmağımız aydın deyil”. SİA xəbər verir ki, bu fikirləri news.am saytına sabiq deputat, “Alternativ layihə” ekspertlər qrupunun təmsilçisi Vaqe Ovannisyan bildirib. Onun sözlərinə görə, ictimai rəy üç qrupa bölünüb: “Bir hissəsi sənədlərin imzalanması tərəfdarıdır, başqa yarısı buna qəti etiraz edənlərdir və heç kim soruşmur ki, hansı söhbət hansı sənəddən gedir, onun məzmunu nədən ibarətdir və sənəd imzalansa, yaxud imzalanmasa nə baş verəcək? Digər istiqamət isə dəhlizin açılması və ona qarşı çıxanlardır və bir daha nəticəsizlik özünü göstərir – sıfır həddi. Dəhliz nədən bəhs edir, o bizə nə verəcək, ya da verməyəcək? Və üçüncü qrup – onlar panikaçıdırlar ki, bəs qoymayın, sərhəddə 200 minlik türk ordusu dayanıb və indi daxil olacaqlar, hazırlaşın”, deyə iddialar irəli sürürlər.
“Əgər müharibə baş versə onlar istədiklərini əldə edəcəklər, bəlkə onların son hədəfləri İrəvandır?”
Bunları izah edən erməni eksperti əlavə edib ki, o və başqaları dövlətçilik düşüncəsi ilə məşğul olmurlar, erməni elitası isə bu gün sadəcə qeybət edirlər: “O barədə qeybət edirik ki, bizi müharibəyə çəkəcəklərmi, ölkəmiz Suriyaya dönəcək ya dönməyəcək? Belə olmur, əgər biz dövlətə sahib olan xalqıqsa onda problemlərə dövlətçilik ölçüsündə baxmalıyıq. Əgər müharibə təhlükəsi varsa, onda biz bunun qarşısını almaq üçün nə edirik? Əgər müharibə baş versə onlar (Azərbaycan-R.R.) istədiklərini əldə edəcəklər, bəlkə onların son hədəfləri İrəvandır? Əgər kimsə onları saxlamasa başqa nə olmalıdır ki? Müharibənin olmaması üçün hər şey etmək lazımdır və bu da dövlətçilik düşüncəsidir. Qeyriləri isə fatalistik mükamilələrdir”.
“Ölkəni kəsimə aparılan donuz kimi saxlamazlar”
Vaqe Ovannisyan fikirlərini davam etdirərək onu daha geniş şəkildə izah etməyə çalışır: “İrəvandan 2 saatlıq məsafə nə deməkdir? Bu, dövlətçilik üçün real təhlükədir. 44 günlük müharibə zamanı binaların girişlərində bomba sığınacaqlarının və zirzəmilərinin siyahıları vurulmuşdu, lakin 5 gün sonra insanlar bütün bunları unutdular”.Ermənistan parlamentinin sabiq deputatı əlavə edib ki, ictimai rəydə belə bir düşüncə gəzir ki, bu geosiyasi oyundur və bizdən asılı olan heç nə yoxdur: “Ölkəni kəsimə aparılan donuz kimi saxlamazlar. Burada 3 milyon insan yaşayır, burada biz, bizim uşaqlar, bizim ailələr var, bura bizim vətənimizdir ki, onu avantüra elementinə çevirməməliyik. Əgər Rusiya ilə Qərb arasında barrikadalar mövcuddursa bu, Ukraynadakı müharibədən sonra baş verdi – bütün bunlar mövcuddur, amma dövlət, həmçinin hökumətə bağlı olmayan elitalar ona görə mövcuddurlar ki, ölkəni belə macəralardan qorusunlar. Bizim işimiz bu iki qütbün arasına düşməməkdən ibarət idi. Bunun üçün hazırkı dövrə qədər bir çox imkanlarımız olub, indi də bu imkanlar var, halbuki son həftələrdə öz situasiyamızı daha da çətinləşdirmişik”.Ovannisyan hələ də Ermənistanın vaxtının qaldığını bildirib və bunun çox mühüm bir məsələ olduğunu qeyd edib: “Bizim hələ ki, vaxtımız var və özündə məsuliyyətlik hiss edən xadimlər, ictimai təbəqələr həqiqətən də konsolidasiyaya gəliblər. Biz bir yerdə işləməliyik və nəyi isə öz biliyimizin köməyi ilə dəyişməliyik. Başqa heç kimə arxalanmağa ehtiyac yoxdur. Bu, hazırda mövcud olan Ermənistanda baş verən avantüradır. Etinasızlıq Ermənistanın fəlakətə açılan qapısına çevrilir”.

Rövşən RƏSULOV

Digər xəbərlər