Siyasət

  • 793

Dövlət hər zaman öz əsgərinin yanındadır

image

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq bütövlükdə Azərbaycan xalqı - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız haqq və şərəf işimiz olan, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Ali Baş Komandanımızın rəhbərliyi altında Vətən müharibəsinə başladı.

Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmiş, həmvətənlərimizdən şəhidlik zirvəsinə ucalanlar, itkin düşənlər, yaralanaraq sağlamlıqlarını itirənlər olmuşdur. Bu gün regionda sülhün, əmin-amanlığın qarantı olan Müzəffər Azərbaycan ordusu Vətənimizin ən yeni tarixini yazaraq addım-addım irəliləyib, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini darmadağın edərək, torpaqlarımızı qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad etmişdir.
44 gün sürən Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktına qol çəkməsi ilə bitdikdən dərhal sonra düşmən işğalından azad olunmuş torpaqlarımızda planlı şəkildə aparılan hərtərəfli tikinti-quruculuq işlərinə start verilmişdir. Lakin torpaqlarımızda Ermənistan ordusunun basdırdığı yüz minlərlə mina planlaşdırılmış bərpa-quruculuq işlərini əsaslı şəkildə ləngidir, mülki əhalinin həyatı üçün təhdid yaradır.
Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycanda hər bir şəhid ailəsinə, hər bir müharibə qazisinə və iştirakçısına xüsusi dövlət qayğısı göstərilir. Azərbaycan bü gün yürütdüyü daxili və xarici siyasətinə görə sosial dövlət meyarlarına tam cavab verir. Sosial siyasətdə əsas amil kimi məhz vətəndaş məmnunluğunu əsas prinsip qəbul edən Prezident İlham Əliyevin “Mən hər zaman qazilərin yanında olacağam” deməsi, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan yüksək münasibəti bildirir. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan dövləti şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirləri görür və bundan sonra da görəcəkdir.

Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Digər xəbərlər