Siyasət

  • 850

Davamlı sülhün tərəfdarı

image

Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan “Ola Politica” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərindən bəhs edən məqaləsi dərc olunub.Məqalədə 30 il boyunca erməni işğalında olduğu dövrlərdə dağıdılmış, xarabalığa çevrilmiş və vandalizmə məruz qalmış ərazilərə yenidən həyat vermək üçün Azərbaycan hökuməti tərəfindən sürətlə yenidən qurma işlərinin aparıldığı qeyd olunur.

Həmçinin Ermənistanın BMT Təhlükəsizlik Şurasının torpaqların qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı 4 Qətnaməsinə məhəl qoymadığı, lakin Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və uzaqgörən strategiyası sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdiyi bildirilir. Yazıda Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğal müddətində həmin ərazilərə çoxlu sayda mina basdırılmasının bu ərazilərin xarabalığa çevrilməsi məqsədini daşıdığı qeyd olunur və bir vaxtlar Azərbaycanın ən gözəl şəhərlərindən biri olan hazırda isə "Qafqazın Hirosiması" adlandırılan Ağdam şəhərində hazırda da 90 minə qədər minanın aşkarlandığı qeyd olunur.
Azərbaycan hökuməti qarşısında duran əsas məqsədlərdən birinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və orada “ağıllı” şəhərlərin: bir biri ilə avtomagistral, dəmir yolu və beynəlxalq hava limanları ilə bağlanan müasir şəhərlərin salınması olduğu bildirilir. Bu xüsusda cəmi 8 ay ərzində Füzuli şəhərində Beynəlxalq Hava Limanının açıldığı və digər iki hava limanının da inşa edildiyinə diqqət çəkilir.
Məqalədə, həmçinin Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikildiyi, bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük potensiala malik həmin ərazilərin “yaşıl enerji” zonası elan edildiyi, qısa müddət ərzində Laçın rayonunda “Güləbird” SES-in bərpa edildiyi və azad edilmiş əraziləri elektrik enerjisi ilə təmin etmək üçün onlarla hidroelektrik stansiyaların tikildiyi bildirilir, işğaldan azad edilmiş ərazilərdə məktəblərin açılmasının və artıq yüzlərlə uşağın tədrisə başlamasının təqdirəlayiqliyi qeyd olunur.
Müəllif Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərinə dəstək verən beynəlxalq biznesin artan iştirakına diqqət çəkərək, hazırda Türkiyə, İsrail, İtaliyadan olan bir neçə şirkətin əməkdaşlıq etdiyi və tezliklə Kolumbiya şirkətlərinin də bu işə cəlb olunacağına ümidvar olduğunu bildirir.
Yazıda Azərbaycanın erməni xalqının düşməni olmadığı, həm Qarabağda, həm də Azərbaycanın digər bölgələrində ermənilərin hər zaman dinc yaşadığı, həmçinin Azərbaycanın regionda davamlı sülhün tərəfdarı olduğu vurğulanır. Bunun üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq öz təcavüzkar siyasətindən əl çəkməsinin vacibliyi diqqətə çatdırılır.

yap.org.az

Digər xəbərlər