PDF Oxu

Siyasət

  • 3 072

Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur ŞƏRH

Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur ŞƏRH

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Xüsusilə, basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Obyektiv həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün çalışan jurnalistlərin sülh dövründə öz peşə vəzifələrinin icrası zamanı həlak olması faktı dünya jurnalistləri tərəfindən qınanılmalıdır. Beynəlxalq ictimaiyyətin susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır. Azərbaycanın gücü qarşısında məyus qalmış Ermənistan havadarları. Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir.

Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Digər xəbərlər