Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından dəfələrlə qəddarlıqla deportasiya edilib. Nəticədə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından zorla qovulub, qətlə yetirilib, yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar. Əsassız ərazi iddiaları irəli sürən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Bununla da, münaqişə yeni “qaynar mərhələ”yə keçdi. Müharibə dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirdi. Müharibə nəticəsində Azərbaycan Respublikası öz torpaqlarının beşdə birini itirdi, bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşdü. Beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb oldu. 1992-ci ildə bu münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM-in) prinsipləri əsasında sülh yolu ilə həlli üçün Minsk qrupu yaradıldı. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə 1993-cü ildə işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən beynəlxalq hüquqda çox böyük əhəmiyyətə malik 4 qətnamə qəbul etdi. Azərbaycan üçün olduqca mürəkkəb şəraitdə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev belə bir nəticəyə gəldi ki, münaqişənin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Havadarlarından böyük dəstək almış Ermənistanın başlatdığı Birinci Qarabağ müharibəsi 1994-cü ildə Bişkekdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəslə başa çatdı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə nəinki təkcə cəbhədə vəziyyət Azərbaycanın xeyrinə deyildi. Nəinki təkcə hərbi güc balansı Ermənistanın xeyrinə idi, həm də informasiya mübarizəsində və siyasi simpatiyaların yönümündə onlar daha əlverişli vəziyyətdə idi. Belə bir şəraitdə müharibənin davam etdirilməsi uğurlu nəticələrə gətirə bilməzdi. Dahi Öndər Heydər Əliyev vəziyyəti vaxtında düzgün qiymətləndirdi və ilk addım olaraq atəşkəs əldə edildi. Beynəlxalq ictimai rəyi dəyişmək, Dağlıq Qarabağ reallıqlarını dünyaya olduğu kimi çatdırmaq, böyük dövlətlərin mövqeyində haqqa-ədalətə doğru dönüş yaratmaq uğrunda uzun və gərgin mübarizə başlandı.Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da ta¬rixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi.Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin baş¬çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqla¬rımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı. Şübhəsiz ki, dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-ad¬dım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı.İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribuna¬larından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi.Bəli, Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı önəmli rol oynadı. Onlar Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilirdilər. Onlar Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmirdilər, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tuturdular. Bax, bütün bunlara görə də Vətən müharibəsində torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimiz şücaət göstərərək, parlaq qələbə qazandılar. Məsələn, müzəffər Azərbaycan Ordusunun igid əsgər və zabitləri hərb tarixinə düşəcək bir səviyyədə döyüşərək, yaxın məsafədən əlbəyaxa döyüşlərdə düşmənə qalib gəldilər.
Könül İbrahimova
YAP Yasamal rayon AMEA Fiziologiya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri