Siyasət

  • 2 381

“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

“Azərbaycana qarşı 200 ildən çox davam edən bir müddətdə əzəli Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik və etnik dözümsüzlük siyasəti bu günə qədər davam edir. Ermənilər məskunlaşdıqları dövrdən etibarən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.Onun sözlərinə görə, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir: “Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixiAzərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur”.Deputat sözlərinə belə davam edib: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəvrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əkshücuma keçmək əmri vermişdir.44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 7 nəfər itkin düşmüşdür.Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Eyni zamanda, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaqdır. Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır.İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Zəfər tarixdə əbədi qalacaq. Azərbaycanın Şanlı Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 gün ərzində düşmən ordusunu darma-dağın edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qailb dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq”.

Ayşən Vəli

Digər xəbərlər