PDF Oxu

Siyasət

  • 3 165

“Dəmir yumruğ”un zəfər müjdəsi və ya SON DƏRS ŞƏRH

“Dəmir yumruğ”un zəfər müjdəsi və ya SON DƏRS ŞƏRH

Tarixdə elə anlar, elə günlər olur ki, onlar heç vaxt yaddan çıxmır, heç vaxt unudulmur. Belə günlərdən biri tarixə qızıl hərflərlə yazılan, xalqımızın XXI əsr hərb salnaməmizin böyük tarixi keçmişə malik olan Ulu Öndərin memarı olduğu müasir Azərbaycanın şanlı zəfər səhifəsinin başlanğıcı 27 sentyabr 2020-ci ildir.Əzəli Azərbaycan torpaqlarını düşmən tapdağından azad etmək arzusu ilə yaşayan Azərbaycan ordusu düşmənin hücumuna qarşı Vətən müharibəsinə başladı. İgid, mərd, vətənpərvər oğullarımız canları bahasına işğal olunmuş ərazilərimizi 44 günə işğaldan azad etdilər.Cari ilin sentyabr ayının 12-14-də öz çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribata əl atan Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədimizin müxtəlif istiqamətlərində atəşkəsin növbəti dəfə kobudcasına pozulmasına cavab olaraq şanlı ordumuzun həyata keçirdiyi düşünülmüş, cəsarətli və qətiyyətli cavab tədbirləri bir daha göstərdi ki, “Dəmir yumruq” yerindədir və düşmənin istənilən təxribatçı hərəkətinin qarşısını dərhal alır.Bundan əvvəl avqustun 3-də Ermənistan ordusunun növbəti təxribatına qarşı Azərbaycan Ordusunun dərhal keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində qanunsuz erməni silahlarının döyüş mövqeyi dağıdılmış ,canlı qüvvəsi məhv edilmişdir. Bu hadisədən sonra Ermənistana bir daha xəbərdarlıq edən Prezident İlham Əliyev demişdir: “Bu hərbi təxribat nəticəsində bir hərbiçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidlərimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidlərimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyatdan və xəbərdarlıqdan sonra məntiqlə normal təfəkkür sahibi növbəti təxribata əl atmalı deyildi. Amma Ermənistanda bunun əksini görürük. Nəticədə “Dəmir yumruq” növbəti dəfə zəfər qazandı, belə ki, Müzəffər Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal “Qətiyyətli cavab” əməliyyatını gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi. Çoxlu sayda hərbi texnika, ümumi dəyəri yarım milyard ABŞ dollarından artıq olan iki S-300 zenit- raket kompleksi, 300 nəfərdən artıq canlı qüvvə, müxtəlif hərbi obyektlər və onlarla post məhv edildi. Hazırda erməni hərbi hospitallarında və mülki xəstəxanalarında yüzlərlə yaralı var. Darmadağın edilmiş həmin hərbi obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il lazımdır. Ən əsası isə əks-hücum əməliyyatı zamanı Silahlı Qüvvələrimizin bölmələri həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri vizual və atəş nəzarətinə götürüb, düşmənin real təhlükə imkanları yox edilib. Ermənilər Qafqaza sonradan gəlsələr də, burda yaşayan xalqların kişi sözünə etimad göstərməsini yaddan çıxarmamalıdırlar. Azərbaycan Prezidenti İlham Əliyev: "Bizim sözümüz də imzamız qədər keçərlidir”, deməklə bir daha “Dəmir yumruğ”-un və qüdrətli ordumuzun gücünü bütün dünyaya göstərdi. Torpağını al qanıyla suvararaq şanlı tarix yazan qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhidlər ölməz, vətən bölünməz! Torpaq uğrunda ölən varsa Vətəndir! Ümid edək ki, “Dəmir yumruğ”un növbəti zəfəri SON DƏRS olacaq.

Ağaəli Hüseynov
YAP Nərimanov rayon təşkilatının SOCAR üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər