PDF Oxu

Siyasət

  • 2 252

Anım günündən başlanan Zəfər

Anım günündən başlanan Zəfər

Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı.2016-cı ilin aprel döyüşləri, həmçinin 2020-ci ilin Tovuz hadisələri zamanı Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatları Azərbaycanın bu işğalla barışmayacağını nümayiş etdirsə də, “ağlını” itirmiş ermənilər bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmişdir. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal etməklə 30 il ərzində öz tarixi ata-baba yurdundan didərgin düşən soydaşlarımızın haqqlarının tapdanması ilə yanaşı xalqımızın mədəniyyətinə, incəsənətinə, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur.Sentyabr ayının 27-si əks-hücum əməliyyatları müharibənin ilk günündə əsas reallığı ortaya çıxardı. Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsi idi. Vətən müharibəsi bir daha ölkənin iqtisadi gücü ilə yanaşı hərbi gücünü nümayiş etdirdi. Azərbaycan əsgəri sübut elədi ki, qısa zaman ərzində böyük işlər görmək olar. 44 gün ərzində 30 il davam edən, müasir mühəndis qurğularından ibarət müdafiə səddlərini yararaq düşməni əzdi. Azərbaycan əsgəri başqa xalq və millətlərə nümunə olacaq qədər əzmakrlıq, hünər, döyüş qabiliyyəti nümayiş etdirdi. Xalq İlham Əliyevə olan inamını həmrəylikdə göstərdi. Hakimiyyətə gəldiyi 2003-cü ildən bu günədək verdiyi bütün vədlərə əməl etməklə xalqın etimadını qazanan Prezident İlham Əliyevin ətrafında xalqın birləşməsi xalq-ordu-dövlət birliyinin ən unikal formasını dünya ictimaiyyətinə təqdim elədi. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsində Qələbə çalmaqla bütün dünyaya gücümüzü sübut etdik. Bu güc xalqımızın bir yumruq kimi birləşməsində daha güclü oldu. Həmrəyliyimiz, milli birliyimiz Qələbədən sonrakı dövrdə də daha da bərkidi.Vətən müharibəsində şəhidlərimiz, qazilərimiz canları, qanları bahasına vuruşaraq bizim ən böyük problemimiz olan Qarabağ münaqişəsini həll etdilər. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ordumuzun göstərdiyi igidlik tarix durduqca bizim qürur mənbəyimiz olacaq. Bu baxımdan, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Şəhidlik əlçatmaz zirvədir. Özlərinə əbədiyyət heykəli ucaldaraq şəhid adını qazanan igid oğullarımız xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq. İllər keçsə belə onların Vətəninə, xalqına, millətinə olan sevgisi hər birimiz üçün örnək olacaq. Ölkə rəhbərliyi daim şəhid ailələri və qazilərə həssaslıqla yanaşır, onların problemləri, çətinlikləri tez bir zamanda həll olunur. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, eləcə də qazilərimizin müalicəsi və sağlamlıqlarının bərpası diqqət mərkəzində saxlanılır.

Elçin Məmmədov,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Digər xəbərlər