Müharibənin ilk günü Füzuli rayonunun 4 və Cəbrayıl rayonunun 2 kəndi işğaldan azad olundu
Xalqımız, milyonlarla insan İkinci Vətən müharibəsində qazandığımız Zəfəri böyük iftixar hissi ilə yaşayır. Bu, qürurverici bir məqamdır. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənə verdiyi dərs tarix boyu yaddan çıxmayacaq. 27 sentyabr 2020-ci il tarixində başlanan müharibə 44 gün ərzində Qələbə ilə sona çatdı. Azərbaycanın 30 ilə yaxın bir zamanda işğal altında olan torpaqları işğaldan azad olundu. Bu torpaqların işğaldan azad olunması Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycanın Müzəffər Ordusunun gücü ilə reallığa çevrildi. Vətən oğulları qanları ilə torpaqlarımızı işğaldan azad etdilər. Hər gün bizi Qələbəyə doğru aparırdı. "Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya verdiyi müsahibəsində bildirmişdi.
"BİZ HAQQ YOLUNDAYIQ"
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd edirdi ki, bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir: "Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, "Dağlıq Qarabağ ordusu"nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" Bəli, 27 sentyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri işğaldan azad olundu. Müharibənin ilk günü. Bu artıq Ali Baş Komandan, Cənab İlham Əliyevin müdrik siyasətinin nəticəsi idi. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu.
"BİZ MÜASİR SİLAHLARDAN İSTİFADƏ EDİRİK, TEXNİKADAN İSTİFADƏ EDİRİK, DÜŞMƏNİN TEXNİKASINI MƏHV EDİRİK"
Dünyanı öz qüdrəti ilə təəccübləndirən Azərbaycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qısa bir zamanda düşmən üzərində tarixi zəfər çaldı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərimiz erməni işğalçılarından azad olundu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasi iradəsini ortaya qoymuş oldu. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibəsində ölkəmizin haqq mövqeyini dünyaya çatdırmış oldu. Azərbaycan xalqının torpaq uğurunda savaşı və sonda qələbə tarixinin yazılması ilə nəticələnən 44 günlük müharibə Azərbaycan ordusunun Vətən Müharibəsindəki hünərindən, qəhrəmanlığından qaynaqlanırdı. Sanki hadisələr xronoloji ardıcıllıqla davam edirdi. Beləliklə, Zəfər tariximiz yazıldı. Bu sevincləri yaşadan Azərbaycan əsgəri qəhrəmanlıq simvoluna çevrildi. Döyüşdən qorxub qaçan erməni Azərbaycan əsgəri qarşısında məğlub olduğunu dünyaya göstərdi. "Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik", - deyə bildirən Cənab Prezident torpaqlarımızı ancaq Azərbaycan əsgərinin, Azərbaycan zabitinin azad etdiyini qeyd edirdi: "Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir". Əlbəttə ki, Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında mühüm rol oynadı. Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etməsi bir daha təsdiqlədi ki, tarixən olduğu kimi bu gün də Türkiyə Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verərək, həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulamışdı. Həqiqətən də belə oldu. Türkiyə dost, qardaş ölkə olaraq 44 gün ərizində Azərbaycanın yanında oldu. Ona qardaş dəstəyini əsirgəmədi.
"UĞURLU ƏKS-HÜCUM ƏMƏLİYYATI NƏTİCƏSİNDƏ DÜŞMƏNİN CANLI QÜVVƏSİNƏ VƏ HƏRBİ TEXNİKASINA BÖYÜK ZİYAN VURULMUŞDUR"
2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı "Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik", - deyərək onu da bildirmişdi ki, Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir: "Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir, uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm! ". Xalqımız demək olar ki, hər gün xoş müjdəli xəbər alırdı. Bu, Azərbaycan xalqının 30 ilə yaxın həsrətlə gözlədiyi Qələbə soraqlı tarixi günlərin ilk müjdəsinə çevrildi.
Nəzakət ƏLƏDDİNQIZI