PDF Oxu

Siyasət

  • 2 901

Haqq savaşımız: bərpa olunan tarixi ədalət TƏHLİL

Haqq savaşımız: bərpa olunan tarixi ədalət TƏHLİL

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Zəfər tariximiz 44 günlük qətiyyətli yolun sonunda yazıldı. Azərbaycan ordusu ilk gündən düşmənin müdafiə xəttini yarmağa müvəffəq oldu və yalnız qələbə xəbərləri aldıq. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən müharibəsində öz gücünü nümayiş etdirdi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi öz sözünü demiş oldu. İki il bundan əvvəl başlanan müharibədə minlərlə vətən oğlu şəhid oldu. Onların qanı ilə suvarılan vətən torpağının başı bu gün ucadır. 27 sentyabrın ölkəmizdə dövlət başçısının Sərəncamı ilə Anım günü kimi qeyd olunması şəhidlərimizin ruhuna olan ehtiramın əlamətidir. "Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik", - deyən dövlət başçısı bildirib ki, şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaq: "Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək".Ötən əsrin 90-cı illərində baş verən hadisələr Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi. 1990-cı illərin əvvəlində Azərbaycan olduqca mürəkkəb vəziyyətlə, siyasi, iqtisadi böhranla üz-üzə olduğu zamanda Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub, işğalçı Ermənistan deyil, bütün dünya gördü. Cənab Prezident bildirib ki, müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq: "Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq". Müharibə dövründə hər bir azərbaycanlı Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşdi. Və hər kəs Ali Baş Komandanın əmrini gözləyirdi. Xalq-iqtidar birliyi ən çətin anda belə özünü göstərdi. Dövlət başçısının bildirdiyi kimi, Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi: "Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq".

"MƏN DEYƏNDƏ Kİ, "QARABAĞ AZƏRBAYCANDIR", BU, HƏQİQƏTDİR"
Xatırlatmaq yerinə düşərdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. Əlbəttə ki, Azərbaycan heç bir təxribata yox, öz torpaqlarını işğaldan azad olunması istiqamətində ayağa qalxdı. Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. Əlbəttə ki, ölkənin hərbi qüdrəti və üstünlüyü 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirildi. Həmin döyüşlərdə ən müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələrinin gücü öz sözünü demiş oldu. Azərbaycan Ordusunun Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunu bir daha göstərdi. Əlbəttə ki, Tovuz döyüşləri böyük qələbənin başlanğıcı oldu. "Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə "Qarabağ Ermənistandır", bu, yalandır. Mən deyəndə ki, "Qarabağ Azərbaycandır", bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir". Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Bu tarixi qələbə Azərbaycan tarixinə məğlubedilməzlik kimi həkk olundu. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi oldu. Bu gün xalqımızın qələbə sevincini bizə yaşadan Ali Baş Komandana və Azərbaycan Ordusuna ehtiramı sonsuzdur. Qələbə məğrur Azərbaycan xalqına çox yaraşır.
"O TORPAQLARA ARTIQ HƏYAT QAYIDIR, İNSANLAR QAYIDIR"
Müharibə dövründə ermənilər fərarilik göstərdi. Azərbaycan xalqı isə məğlubedilməzliyini ortaya qoydu. Statistik məlumatlara əsasən, Ermənistan ordusunda 10 mindən çox fərari olub. "Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik", - deyə Cənab Prezident bildirib. Bu gün Azərbaycan xalqı şəhidlərimizi böyük ehtiramla yad edir. Bu Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza böyük ehtiramın nümunəsidir. Düşmənin hədəf aldığı Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də, ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirdilər. Xalqımız mərd, məğrur insanları ilə qürur duyur və illər, əsrlər boyu bu xatirələrdə, əsərlərdə yaşanılacaq. Bir dastana, eposa çevriləcək. Hər bir vətən oğlu qəhrəman övlad kimi gələcək nəsillərə nümunə olaraq təqdim ediləcəkdir. "Dəmir yumruq" əməliyyatı ilə torpaqlarımız işğaldan azad edildi. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyini, gücünü bütün dünyaya nümayiş etdirdi. 2020-ci ilin noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan edərək: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"- deməsi hər bir azərbaycanlının qəlbində böyük bir sevinc yaşatdı. Əvəzsiz və əbədi sevinc hissini. "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi". - deyə Prezident bildirib. Şəhidlərimizinin, qəhrəman oğulların vətənpərvərliyi, şücaiəti sayəsində Azərbaycan böyük bir qələbəyə imza atdı. Canlı qüvvə və döyüş texnikası sarıdan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi və "Dəmir yumruq" əməliyyatı Azərbaycanın Zəfəri, Qələbəsi ilə başa çatdı. Bu gün Azərbaycan xalqı böyük qələbədən sonra işğaldan azad olunmuş torpaqlara BÖYÜK QAYIDIŞA başlayıb: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir ", - deyə Cənab Prezident bildirib.
Zümrüd BAYRAMOVA

Digər xəbərlər