"Təəssüf ki, Ermənistan cəmiyyətində sülhə çağırış edən ictimai və siyasi fəal insanları görmürük". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.Onun sözlərinə görə, bəlkə də belələri var, lakin onlar da açıq şəkildə bunu deməkdən çəkinirlər, böyük ehtimal bundan qorxurlar: "Sülhə nail olmaq üçün bu mövzuda iki ölkənin siyasi və ictimai şəxsləri arasında müzakirələrin keçirilməsinə ehtiyac vardır. Bu sahədə beynəlxalq təşkilatlar təşəbbüs göstərsələr yaxşı olardı. Lakin hələ ki, məcburi sülhdən danışmaq olar. Ermənistan rəhbərliyi, eləcə də cəmiyyəti anlayır ki, Azərbaycan sərhədlər müəyyən olunmayana qədər və iki ölkə arasında ərazi bütövlüyünün tanınması məsələsi həll olunmayana qədər Azərbaycan öz səylərini davam etdirəcək. Bu da sülh müqaviləsindən keçir, əgər sərhəd yoxdursa, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmirsə, demək ki, sülhdən danışmaq çətindir. Sülh inteqrasiya və qarşılıqlı anlaşma deməkdir, bunun üçün Ermənistan addım atmalı və Zəngəzur dəhlizinin açılmasına razı olmalıdır. Təəssüf ki, Nikol Paşinyan öz ziddiyyətli açıqlamaları ilə həm erməni cəmiyyətini çaşdırır, həm də Azərbaycan tərəfini yenidən bu məsələləri güc yolu ilə həll etməyi nəzərdən keçirməyə məcbur edir. İndi hər şey Ermənistanın tutduğu mövqedən asılı olacaq, Azərbaycanın bu məsələlərdə mövqeyi dəqiq və ölçülüb biçiləndir".
Müəllif: Abutel İlhamqızı