Məlum olduğu kimi, Rusiya 23-27 sentyabr aralığında Ukraynanın “DNR”, “LNR” kimi separatçı qurumlarında və s. nəzarəti altına aldığı bölgələrində referendumlar keçirdi və həmin referendumlarda üzə çıxmış çoxsaylı saxta faktlar sübuta yetirilsə belə, artıq Kreml sözügedən prosesin reallaşdırıldığı qənaətinə gəldiyini nümayiş etdirir. Daha dəqiq desək, Ukraynanın bu əraziləri beynəlxalq aləm tanımasa belə, Rusiyanın təhkimi altına keçir və Ukrayna bu ərazilərdə hərbi əməliyyatlarını davam etdirəcəyi halda Rusiya bunu “öz ərazilərinə müdaxilə” kimi qiymətləndirəcək. Bu faktor isə bölgədəki vəziyyətin daha da gərginləşəcəyi siqnallarını verməkdədir.Digər tərəfdən, Rusiyanın Xarkov cəbhəsindəki ağır məğlubiyyətinin ardınca referendum prosesinin ortaya atılması, bunun ardınca nüvə silahının işlədilməsi mümkünlüyü, üstəlik səfərbərliyin elan edilməsi də belə deməyə zəmin yaradır ki, “bu xəmir hələ çox su aparacaq”. Lakin belə bir mülahizə də yürütmək mümkündür ki, Kreml müharibənin tez başa çatması üçün bu kimi səylərini sürətləndirir. Həmçinin, Rusiyanın digər məqsədləri də var və onlar bir neçə hissəyə bölünüb.
İqtisadiyyatın tənəzzülü baş verərsə hansı problemləri yarana bilər?
Hələ sentyabrın əvvəlində bir sıra KİV-lər məlumat yaydılar ki, G7 ölkələri Rusiya neftinin tədarükündə qiymət həddinin müəyyən edilməsi ilə bağlı ümumi razılıq əldə ediblər. Belə ki, qiymət həddi xam neft üçün 2022-ci il 5 dekabr, neft məhsulları üçün isə 2023-cü il 5 fevral tarixində qüvvəyə minə bilər. Məhz bu tarixlərdə Avropa İttifaqının Rusiyadan xam neft və bəzi neft məhsullarının idxalı və tranziti ilə bağlı müştərək embarqoları qüvvəyə minəcək.
Digər tərəfdən, hazırda ABŞ-da Rusiyadan neft, qaz və kömür alan xarici müəssisələrə qarşı ikinci dərəcəli sanksiyaların hazırlandığı bildirilir. Sanksiyaların genişlənməsi isə paralel olaraq Rusiyanın cavab tədbirləri görməsinə zəmin yaradır. Moskva Qərbin enerji və ərzaq böhranı ilə üzləşməsi istiqamətindəki təzyiqlərini artırır. Maraqlıdır ki, hər iki cinah tətbiq etdikləri qərarlarının onlara üçün heç də yaxşı nəticələr verməyəcəyini anlaya-anlaya həmin addımlarını atırlar.
Moskva itirə-itirə gedir...
Beləliklə, referendum amili sözügedən prosesi daha da sürətləndirməyə başlayıb, xüsusilə sanksiyaların ardıcıllığı və sərtliyi hazırda daha çox görünür. Misal üçün, planlaşdırılan sanksiyalar referendumun təşkilində birbaşa iştirak edən şəxslərə şamil olunacaq və əsasən, Donbas regionunun maliyyələşməsini, onunla iqtisadi münasibətlərin qurulmasını qadağan edəcəkdir.Bir sıra maliyyə-iqtisadi dairələrin hesablamalarına görə, referendum keçirildikdən sonra Rusiyanın fond bazarı müharibə başlayandan bəri ən güclü çöküş ilə qarşı-qarşıya qaldı. Belə ki, sentyabrın 20-də Moskva birjası 10,7%, RTS isə 10,5% geriləmə nümayiş etdirirdi. Sberbankın səhmləri 5,35%, Lukoylun 9%, Qazpromun 8%, Yandeksin 8,9%, Nornikel isə 2% dəyər itirdi.Həmin gün Rusiyanın Avrasiya İqtisadi İttifaqı üzrə müttəfiqi Ermənistan “Mir” kartlarının xidmətinə xitam verdi. Həmçinin, Ermənistana qədər “Mir” kartlarından Türkiyənin bir sıra nüfuzlu və iri bankları ilə yanaşı, Qazaxıstan da imtina etmişdi.
Rusiya ordusu Ukrayna cəbhəsində ağır itkilərə məruz qalır
Yuxarıda da qeyd olunduğu kimi, referendumun ardınca bütün Rusiya boyu qismən səfərbərlik elan etdi. İddialar var ki, qismən səfərbərlik sentyabrda elan olunsa da, ona hazırlıq hələ may ayından başlamışdı. Məsələn, hərbi komissarlıqlar ehtiyatda olan hərbçiləri, xüsusilə zabit heyətini və peşəkarları “hərbi qeydiyyat”, “yaşayış yerinin və qeydiyyat yerinin təsdiqi” və ya “səfərbərlik əmrinin çatdırılması” səbəbləri ilə toplayırdılar. Əvvəl qismən səfərbərliyə 300 min insanın cəlb olunacağı bildirilirdisə, hazırda bu rəqəmin 500 minə çatdığı və artacağı da istisna edilmir. O cümlədən, səfərbərlik elanından sonra Rusiyadan digər ölkələrə təyyarə biletləri tez bir zamanda satıldı, biletlərin qiymətləri fantastik dərəcədə pik həddinə çatdırıldı. Rusiya ilə həmsərhəd olan quru ərazilərinə də orduya qatılmaq istəməyənlərin kütləvi axınına başlanıldı. Demək olar ki, ölkənin bütün şəhərlərində etiraz aksiyaları keçirildi. Bütün bunlar əslində Rusiya əhalisinin müharibə əleyhinə olduğunu göstərdi.
Nüvə təhlükəsi – düyməyə basılacaqmı?
Artıq Kremldən bir neçə dəfə açıq-aydın bəyan edilib ki, son həddə nüvə başlığını istifadə edə bilər. Lakin buna qədər Rusiya Ukrayna ilə savaşında qələbə qazanmağı iki istiqamətdə planlaşdırıb. İlk istiqamət səfərbərliyin elan edilməsidir ki, artıq bu proses realizə olunmaqdadır. Növbəti istiqamət isə nəzarət altına keçmiş ərazilərin Rusiyanın tərkibinə daxil edilməsidir və bu plan da dünya birliyi tərəfindən qəbul edilməyən referendumla tətbiq edilib. Yəni fakt budur ki, Ukrayna ordusunun güclü əks-hücumlarını nəzərə alaraq Rusiya referendum keçirdi, bu vasitə ilə “DNR”, “LNR”, Xerson və Zaporojye vilayətlərini özünün nüvə çətirinin altına aldı.Məhz bu baxımdan, RF-nın prezidenti Vladimir Putin nüvə silahının istifadəsinin mümkünlüyünü istisna etmədi. Ancaq daha bir düşündürücü sual budur ki, Qərb nüvə zərbəsinin hansı cinahdan endiriləcəyini bilmir. Daha dəqiq desək, nüvə başlığı tətbiq ediləcəksə, əlbəttə ki, Qərb buna susqun qalmayacaq və dərhal cavab tədbiri görməklə başlığın hansı ərazidən qaldırıldığını müəyyən edəcək, məhz həmin yerə cavab zərbəsi endirəcəkdir. Ancaq sual açıq qalıb – Rusiya nüvə zərbəsini haradan endirə bilər?Xatırladaq ki, bir müddət əvvəl Rusiya və Belarusiya prezidentlərinin görüşləri zamanı Belarusiya ərazisinə nüvə başlıqlı raketlərin yerləşdirilməsi ilə bağlı razılığa gəlinib. Ancaq buna baxmayaraq, Minsk öz təhlükəsizliyini də nəzərə alaraq ərazisindən Ukraynaya taktiki nüvə zərbəsinin endirilməsinə imkan vermək fikrində deyil. Bu baxımdan, Moskva Minskin etiraz və qadağalarına məhəl qoymayıb, zərbənin endirilməsi haqqında birtərəfli qərar da qəbul edə bilər. Lakin bu addım iki müttəfiq ölkənin arasında ciddi qalmaqallara, hətta müttəfiqliyin pozulmasına qədər də gətirib-çıxara bilər.Fakt budur ki, təhlükə qalır və bu təhlükə iki ölkəni – Rusiya ilə Ukraynanı təhdid altında saxlamır, eyni zamanda, Qərb ölkələri, o cümlədən, dünya həmin təhdidin təhdidi altındadır. Ona görə də, Rusiya məsələnin bu həddə qədər gəlib-çatmaması üçün müharibəni tezliklə bitirməyə cəhdlər göstərir. Amma bu cəhdlər də hələ ki, nəticə verməməkdədir. Ukrayna və Qərbin anti-Rusiya dirənişi davam edir...
Rövşən RƏSULOV