Ermənistan qanunsuz əməlləri, işğalçı siyasəti səbəbindən yaxın və uzaq dostlarının qınağı ilə üzləşib. Uzun illər ermənilər hansı quruluşda olurlarsa olsunlar, kimin hakimiyyətdə olmasından asılı olmayaraq Rusiyanın daim himayəsi altında olub. Bu, sirr deyil və yenilik də deyil. Ermənistanı son vaxtlar daha uyğun adı ilə çağırmağa başlayıblar, Rusiyanın Cənubi Qafqazda “for-post”u. Bəli, bu ad ermənilərə və Azərbaycan torpaqlarında elə rusların əli ilə yaradılmış Ermənistan adlı qondarma dövlətə tam yaraşır...
Bu gün Ermənistan rəhbərliyi işğalçı əməlləri sayəsində postsovet məkanındakı dostlarını da itirir. Son hadisələrdə Rusiya NATO-su sayılan KTMT-dəki dostlarının Azərbaycana qarşı çıxış etməmələri Ermənistan hakimiyyətini dost axtarışına çıxmağa vadar edib. Baxmayaraq ki, Ermənistanın bütün iqtisadiyyatı, gəlir gətirən sektoru Rusiyanın əlindədir və Ermənistanın bütün sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur, İrəvan hələ də özünə yeni ağa axtarışındadır. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-la təmaslarını başa vurar-vurmaz Fransaya səfərə getdi. Fransa prezidenti Emmanuel Makronla görüşdü və adəti üzrə Parisdən dəstək istədi. Eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a səfər etdi, görüşlər keçirdi və o da amerikalılardan yardıma ehtiyaclarının olduğunu dedi.Emmanuel Makron Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib ki, Fransa Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırır. Onun sözlərinə görə, güc tətbiqi münaqişə tərəflərinin heç biri üçün həll yolu deyil. Fransa prezidenti etiraf edib ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət son dərəcə gərgin olaraq qalmaqda davam edir. O Paşinyana söz verib ki, Azərbaycan qoşunlarının ilkin mövqelərinə geri çəkilməlmələri üçün lazım olan bütün tədbirləri görəcək. Bundan sonar Makron bütün bunları Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışığı zamanı da xatırladıb.Nikol Paşinyan öz növbəsində, BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransaya Azərbaycan və Ermənistan arasında münaqişə məsələsinin məhz Makronun dəstəyi ilə Təhlükəsizlik Şurasının iclasının gündəliyinə salınmasına görə təşəkkür edib. Paşinyan vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmaması ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir, çünki sərhəd hələ sovet dövründən mövcuddur. “Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı inzibati sərhədlər iki ölkə müstəqillik əldə etdikdən sonra, Ermənistan və Azərbaycan 1991-ci il dekabrın 8-də Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Sazişi imzalayıb ratifikasiya etdikdən sonra ilk aylarda dövlət sərhədlərinə çevrildi... Bu, isə o deməkdir ki, Azərbaycanın indiki hərəkətləri şüurlu təcavüzdən başqa cür qiymətləndirilə bilməz”, - Nikol Paşinyan bildirib.Maraqlıdır, Paşinyan yaşından və başından irəli gedərək 1991-ci ilə sərhədlə bağlı sənəddə danışır. Bəli, sadəcə, özünə sərf edən şəkildə danışır. Bəs Ermənistanın faktiki rəhbəri olan Paşinyanın ötən 30 il ərzində, Azərbaycan torpaqlarının işğal altında saxlandığı müddətdə niyə sərhədlər yadına düşmürdü? Əgər həmin xəritələr Ermənistanda da varsa, onda Azərbaycanın sərhəd xəttini pozmadığını da bilməmiş deyillər. Bir həqiqət də budur ki, Ermənistan rəhbərliyi tərəfindən Qarabağın Azərbaycan ərazisi olduğunu etitaf və təsdiq edilir.Paşinyan hər görüşündə regionda vəziyyətin gərgin olaraq qaldığını deyir. Ermənistanın baş naziri “zərər çəkmiş ərazilər”ə beynəlxalq müşahidə missiyası göndərməyə çağırıb. Bildirib ki, bu, beynəlxalq ictimaiyyətə dolayı deyil, birbaşa məlumat almağa kömək edəcək. Paşinyan vurğulayıb ki, Ermənistan əhatə edəcəyi ölkələrin milli qanunvericiliyinə uyğun olaraq köhnə kommunikasiyaları açmağa və yeni kommunikasiyalar qurmağa hazırdır. Eyni zamanda o, Qarabağ məsələsinin Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyi şəkildə həllinin vacibliyinə diqqət çəkib. “Azərbaycanla Qarabağ arasında müzakirənin başlaması faydalı olar”, - deyən Paşinyan Fransanın “danışıqlar prosesinə himayədarlıq edən ATƏT-in Minsk qrupunun həmsədri” kimi bu məsələdə böyük rol oynaya biləcəyini vurğulayıb.Paşinyanın Paris səfərinin praktiki nəticələri hissə-hissə ictimaiyyətə açıqlanmaqdadır. Bu arada Fransanın nüfuzlu “Le Figaro” nəşrinin direktor müavini Jan-Kristof Buisson sosial şəbəkədəki səhifəsində Fransa və Avropa İttifaqını müdafiə sənayesinə rəhbərlik edənləri Ermənistana silah tədarükü məsələsini müzakirə edən ABŞ Konqresindən nümunə götürməyə çağırıb.Konqresdəki bu müzakirələr Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtona işgüzar səfəri ilə eyni vaxta düşüb. Onun səfəri həm hazırkı, həm də keçmiş ABŞ rəsmiləri, səfirlər, beyin mərkəzlərinin rəhbərləri ilə görüşlərlə son dərəcə gərgin olub. Qriqoryanın missiyası həmsöhbətlərinə Azərbaycanın təhdidləri barədə məlumat vermək olub. Bütün danışıqlarda Qriqoryan diqqəti “Azərbaycanın genişmiqyaslı təcavüzü... erməni demokratiyasını təhdid edən” fikirlər üzərində cəmləyib. O, həmçinin Azərbaycanın yeni beynəlxalq hüququ kobud şəkildə pozması faktlarını, mülki əhaliyə və infrastruktura hücumlar faktlarını göstərib.ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mövcud vəziyyətə toxunaraq bildirib ki, Vaşinqton üçün İrəvan və Bakının mövqelərini yaxınlaşdırmaq vacibdir. “Biz Azərbaycanı qoşunları ilkin mövqelərinə qaytarmağa çağırırıq... və biz bu ölkələr arasında bütün məsələləri dinc danışıqlar yolu ilə həll etməyə çalışırıq”, - Prays bildirib.Bu arada Amerika Erməni Milli Komitəsi (ANCA) mesaj yayıb ki, Amerika siyasətçiləri ABŞ Konqresinin təzyiqi altında müdafiə məqsədilə Ermənistana Amerika silahlarını satmağı düşünürlər. “Ermənistan müstəqilliyini elan etdikdən sonra ilk dəfədir ki, ABŞ Azərbaycanla son gərginliyin artması səbəbindən Ermənistana silah satmaq imkanını nəzərdən keçirir”, - məlumatda deyilir.Maraqlıdır ki, həm Paşinyan, həm də Qriqoryan görüş və çıxışlarında Rusiyadan Qərbə istiqamətlənən təhdidlərdən heç bəhs etməyiblər. Amma İrəvan özünü elə göstərməyə çalışır ki, Moskva ilə müttəfiqliyə sadiq qalır.Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi KTMT-nin Qazaxıstanda sentyabrın 26-da başlayan və oktyabrın 8-dək davam edəcək təlimlərində iştirak etməmək qərarına gəlib. İrəvan öz mövqeyini Ermənistan-Azərbaycan sərhədindəki ağır vəziyyətlə izah edib. Amma yəqin ki, məsələ təkcə bunda deyil, həm də Ermənistanın müttəfiqin köməyini gözləmədiyi bir vaxtda Azərbaycanın son hücumlarına alyansın biganə münasibətindədir.Ermənistanın özündə birinci prezident Levon Ter-Petrosyanın İctimai Televiziyanın efirində verdiyi açıqlama geniş rezonans doğurub. “Çətin ağrılı qərarlarla üz-üzəyik. Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdır ki, burada heç kimin xoşuna gəlməyəcək, amma alternativi yoxdur”, - deyən Ter-Petrosyan bu iki qonşu ölkə ilə sülh sazişi olmadan Ermənistanın inkişafının mümkün olmadığını qeyd edib. Ter-Petrosyan bu yaxınlarda erməni katolikosu II Qareginin ölkənin keçmiş prezidentləri ilə görüşünə də toxunub. O bildirib ki, Nikol Paşinyanla dialoq aparmağı özü təklif edib. Ter-Petrosyan digər eks-prezidentlərin reaksiyası barədə heç nə deməyib və vurğulayıb ki, Ermənistanda baş verənlər barədə yalnız bir nəfərin tam məlumatı var - Nikol Paşinyanın. “Bəlkə də bunu yaxın çevrəsindən olan insanlarla bölüşür. Yəni Rusiya, Türkiyə və ABŞ-ın nə təklif etdiyi ilə bağlı bütün həqiqəti iki-üç adam bilə bilər. Nə məndə, nə Robert Köçəryanda, nə Serj Sarkisyanda, nə də həzrətlərinin bu məlumatı yoxdur”, - deyə Levon Ter-Petrosyan bildirib.Bəli, Ermənistanda müəmmalar davam edir. Hökumət nə etdiyini bilmir. Bu tərzi nəinki əzəli müttəfiqi Rusiya, heç dərin münasibətlərdə olduğu Qərb ölkələri də analiz edə bilmir. Ona görə yox ki, Paşinyanın “şahmat gedişləri”ndən kiminsə başı çıxmır, əksinə özünü xaotik hərəkəti Ermənistanın da kələfini itirib…
V.VƏLİYEV