Siyasət

  • 1 288

Kamran Bayramov: Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin xilaskarı kimi yazdı

image

“Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Əminliklə söyləmək olar ki, Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir.

Bildiyimiz kimi 2023-cü il, mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” kimi qeyd ediləcək.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, dövlətimizin başçısı daim çıxışlarında müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin müqayisəli şəkildə təhlil olunmasının vacibliyini vurğulayır. Və bu həqiqətlərin gələcək nəsillərə çatdırılmasını, gənclərin müstəqillik yolumuzun heç də hamar olmadığını bilməli olduqlarını vəzifə kimi qarşımıza qoyur. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar, müstəqillik tariximizin ən parlaq səhifələridir. Öndərimiz tərəfindən Dünya azərbaycanlılarının həmrəylik gününün təsis edilməsi, Azərbaycan xalqının ümummilli birliyinin nə qədər mühüm bir amil olduğunu göstərməklə yanaşı, həm də, müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməlini qoydu. Bununla o, tarixdə ilk dəfə xalqı böyük bir ideya– azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə çağırmış oldu. Çünki dahi və uzaqgörən siyaətçi Heydər Əliyev xalq olaraq birləşmədən, həmrəyliyə nail olmadan, müstəqilliyimizi və azadlığımızı qoruyub saxlaya bilməyəcəyimizi çox gözəl bilirdi.
K.Bayramov diqqətə çatdırıb ki, iki ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. Ulu Öndərin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub. Biz doğma Qarabağımıza qovuşmuşuq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Əgər 1993-cü ildə Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün olmazdı. Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin xilaskarı kimi yazdı. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlara nəzər salmaqla Ulu Öndərin xidmətlərinin böyüklüyünü, əvəzolunmazlığını böyük qətiyyətlə qeyd edə bilərik. Dahi şəxsiyyət təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir.
Ümummilli Liderin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı, ölkəmizə inam artdı. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi. Azərbaycan regionun aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirdi. Məhz qazanılan bu inam, etimad son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında daha mühüm layihələrin icrasını, eyni zamanda, “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. 2014-cü ildə çoxtərəfli əməkdaşlığın əsası olan Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ildə rəsmi açılışı oldu. Həmin ilin iyununda bu layihənin əsas tərkib hissəsi olan TANAP, 2020-ci il dekabr ayının 31-də isə TAP istifadəyə verildi. Bununla da Cənub Qaz Dəhlizinin uğurlu icrası başa çatdı. Azərbaycan bu gün də gündəmə gətirilən hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır və bu istiqamətdə böyük qətiyyət və iradə nümayiş etdirir.
Sonda millət vəkili K.Bayramov deyib: “Sevindirici haldır ki, Ulu Öndərimizin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün bir daha böyük qürur hissi ilə deyirik ki, Ümummili Liderin ideyalarının işığında sabaha böyük inamla addımlayan müasir, müstəqil, qalib Azərbaycanı qarşıda daha böyük uğurlar gözləyir.”

yap.org.az

Digər xəbərlər