Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 44 günlük müharibə zamanı keçilən şanlı mübarizə yolunu dönə-dönə xatırlatması, xalqımızın və ordumuzun yenilməzliyinə, mübarizliyinə diqqəti cəlb etməsi, müharibəni hər dəfə şanlı tariximiz adlandırması hər bir şəhidə, qaziyə, şəhid ailəsinə xalqa böyük hörmətin, ehtiramın ifadəsidir. Bu baxımdan Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Anım gününü Füzulidə qeyd etməsi, xüsusilə Azərbaycan əsgərinin ilk hücuma keçdiyi məkanlarda olması, Qaraxanbəyli kəndi yaxınlığında ucaldılmış xatirə lövhəsinin önünə gül dəstələri qoymaları, Vətən müharibəsi şəhidlərinin xatirəsini məhəbbətlə və böyük hörmətlə yad etməkləri, ölməz oğullarımızın, əsgər və zabitlərimizin hünərlərini yüksək qiymətləndirmələri hər bir insanda qürur hissi doğurur . Ölkə başçısı hər zaman xalqının ən həssas və çətin məqamlarında onun yanında olduğunu göstərir.
Şəhidlərimizin şərəfinə qaya parçasından abidə burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz bu ərazilərdə vermişik. Müharibənin ilk günlərində azad edilən Qaraxanbəyli kəndindəki bu xatirə lövhəsi uğurlarımızın başlanğıcının təməl daşı olmaqla bərabər, həm də gələcək qələbəmizin yol göstəricisidir.
Dövlət başçısı Qaraxanbəyli kəndində çıxışı zamanı Azərbaycan əsgərinin məhz buradan hücuma keçdiyini, şəhidlərimizin bura da can verdiyini bildirib. “Bu qaya parçasından ucaldılan abidənin olduğu ərazinin yaxınlığında beş-altı müdafiə xətti mövcud idi. Abidənin yanında isə düşmənin səngəri yerləşirdi. Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararmaqla bizim Zəfər yürüşümüz başlamış oldu. Azərbaycanın qəhraman oğulları müdafiə xətlərini yarmaq üçün ölümə gedir, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”.
Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə - Zəfərə doğru gedirdi. . Bir gün belə dayanmadan, bir gün belə geriyə addım atmadan, ancaq irəli gedib, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində torpaqlarımız qarış-qarış azad edildi, yenidən doğma torpaqlarımızda şanlı bayrağımız ucaldıldı. Bir sözlə 44 günlük müharibə bizim qürur mənbəyimizdir. Bu hissləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, Şanlı Ordumuza, Vətən uğrunda canlarından keçən şəhidlərimizə və qazilərimizə borcluyuq. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir Vətənsevər övlad Qaraxanbəyli kəndindəki bu abidənin başında şəhidlik şərbəti içmiş oğullarımızın qarşısında baş əyir və onlara uca Allahdan rəhmət diləyir. Yazılan bu tarixi salnamə isə bütün dünyaya sübut edir ki, ölkəmizin bütövlüyü və suverenliyi bundan sonra heç vaxt təhlükə altında qalmayacaq. Hər bir azərbaycanlı sarsılmaz xalq-dövlət faktoru ətrafında daha da sıx birləşərək növbəti zəfərlərə, qələbələrə doğru inamla, əzmlə addımlayacaqdır.
Səltənət Möhsünlü
YAP Tərtər Rayon Təşkilatının məsləhətçisi