Sergey Markov: “Ermənistandan rusiyalı hərbçilərinin bu ərazilərdən qovulması addımını gözləmək olar və indi baş verənlər şübhəsiz ki, Gümrüdəki 102-ci bazadan imtina etmək planının tərkib hissəsidir”
Paris Azərbaycanla Ermənistan sərhədində (delimitasiya və demarkasiya olunmamış-R.R.) beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ideyasını dəstəklədiyini bəyan edir. SİA xəbər verir ki, bu barədə Fransanın İrəvandakı səfiri Ann Luyo bildirib. Fransalı diplomat bildirib ki, artıq bu istiqamətdə işlər aparılır, Fransa və ABŞ müvafiq məsələ ilə bağlı fəal iş aparırlar.“Biz bu ideyanı dəstəkləyirik, bu istiqamətdə işləyirik və digər ölkələrlə də danışıqlar aparırıq”, deyə Ann Luyo bildirib.
Markova görə, fransalı və amerikalı müşahidəçilərin Ermənistana yerləşmələri ssenarisi günü-gündən daha real görünməyə başlayıb
Mövzu ilə bağlı Rusiyalı politoloq, Siyasi araşdırmalar institunun direktoru Sergey Markov “Vestnik Kavkaza”ya münasibətini açıqlayıb. Onun sözlərinə görə, fransalı və amerikalı müşahidəçilərin Ermənistana yerləşmələri ssenarisi günü-gündən daha real görünməyə başlayıb.“Düşünürəm ki, bu tamamilə realdır. Əbəs deyil ki, Nikol Paşinyan fransızlarla və amerikalılarla razılaşmalar aparır ki, onların ordu birləşmələri, həmçinin NATO-dakı müttəfiqləri Ermənistanın ərazisindəki sərhəddə yerləşsinlər”, deyə Markov bildirib.Onun sözlərinə görə, bunun üçün Ermənistan Rusiya ilə münasibətlərini kəskin şəkildə aşağı səviyyəyə salmalıdır və hələ ki, İrəvan buna doğru gedir. “Ermənistandan rusiyalı hərbçilərinin bu ərazilərdən qovulması addımını gözləmək olar və indi baş verənlər şübhəsiz ki, Gümrüdəki 102-ci bazadan imtina etmək planının tərkib hissəsidir”, deyə rusiyalı politoloq hesab edir.
Bəs Rusiyanın cavabı necə olmalıdır?
Qeyd: Markovun fikirlərindən isə yalnız bir nəticəni hasil etmək olar. Rusiya mövcud ağır vəziyyətində uzun illər himayəsi altında saxladığı Ermənistanın ona etdiyi xəyanətini əsla bağışlamayacaq. Əslində isə Rusiya tarixi aspektlərdən də nəticə çıxararaq qoynunda necə zəhərli ilan bəslədiyinin fərqinə varmalıydı. Təəssüf ki, Moskva İrəvanın məqsədlərini hələ indi-indi anlamağa başlayıb və yenə də gec olmadan özünün cavab zərbələrini endirməkdən çəkinməməlidir.
Rövşən RƏSULOV