Azərbaycanın Avropanın enerji təchizatının əsas təminatçılarından birinə çevrilməsi bir daha sübut edir ki, ölkəmiz bütövlükdə dünyanın iqtisadi məkanında önəmli yerlərdən birini tutmaqdadır. Bu baxımdan, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin həyata keçirilməsi mühüm məqamlardan biridir. O cümlədən, "Cənub qaz dəhlizi"nin Bolqarıstan üçün əhəmiyyəti böyükdür. Bu ölkə Yunanıstanla interkonnektor vasitəsilə həmin dəhlizə çıxa bilir. Eyni zamanda, Bolqarıstanda bunu qaz təchizatının diversifikasiyasının, regionda həmin şaxələndirmənin əks olunmasının vacib meyarı hesab edirlər. Çünki bu, Bolqarıstanın qaz təchizatını etibarlı şəkildə təmin edərək gələcəkdə daha sanballı töhfələr verəcək. Əbəs deyil ki, hər il "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının Bakıda keçirilən toplantılarında Bolqarıstanın yüksəkvəzifəli şəxsləri də iştirak edirlər və sözügedən layihənin onların ölkəsi üçün önəm daşıdığını vurğulayırlar.O cümlədən, Prezident İlham Əliyevin Bolqarıstana səfəri və Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirakı və çıxışı da bu reallığı əks etdirir. “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur”, deyə dövlət başçımız bildirib. SİTAT: “Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Cənub Qaz Dəhlizi qazı istehlakçılara yeni marşrutla, o cümlədən yeni mənbədən nəql edir. Bu vaxta qədər yeganə mənbə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olmuşdur. Lakin Azərbaycanın bir neçə digər qaz yatağında hasilat bu yaxınlarda başlayacaq və təchizat həcmlərinin artırılmasına töhfə verəcəkdir”.Əbəs deyil ki, bu gün Azərbaycanın fəaliyyəti həmin layihədə yer alan ölkə başçıları tərəfindən də yüksək qiymətləndirlir. Bu barədə danışan Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donev bildirib ki, interkonnektorun həyata keçirilməsi tərəfdaş ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Bolqarıstan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayır. Bu, “Repower Europe” planındakı şaxələndirmə hədəflərinə töhfə verəcək.İnterkonnektorun Bolqarıstanda təbii qaz mənbələrinin real şaxələndirilməsini və enerji müstəqilliyini təmin edən ilk layihə olduğunu bildirən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) icraçı direktoru Teodora Georgiyeva isə bildirib: “Mən, həmçinin Azərbaycandan olan tərəfdaşlarımızın və dostlarımızın dəstəyinin əhəmiyyətini vurğulamaq istərdim. Bu gün onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə burada yenidən yüksək səviyyədə təmsil olunublar. Azərbaycan qazının Bolqarıstana təchizatı layihənin əsasını və onun ehtiyatının 1/3-ni təşkil edir, bu həcmin artırılması potensialı var”.Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) digər icraçı direktoru George Satlas da layihə barədə danışdı. Bildirdi ki, 5 il əvvəl bu layihənin reallaşmasına inananlar az olsa da, birgə səylər sayəsində o, bu gün artıq reallığa çevrilib.Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışında dedi ki, IGB kimi layihələr qışda Avropanı qazla kifayət qədər təmin edəcək. Bu gün qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır.Qeyd etmək yerinə düşərdi ki, Bolqarıstan və Cənub-Şərqi Avropa regionu üçün tədarük təhlükəsizliyinin artırılması və təbii qaz mənbələrinin şaxələndirilməsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar isə Azərbaycanın bütövlükdə Avropanın etibarlı enerji təminatçısı olması faktını kifayət qədər sübut etməkdədir.
Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri