Siyasət

  • 2 765

Ömrünü xalqa həsr edən tarixi şəxsiyyət - ŞƏRH

image

3 oktyabr 1993-cü il tarixi Azərbaycanın inkişaf tarixində yeni səhifənin açıldığı gündür. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 29 il ötür. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda böyük uğurlara, xalqın sosial rifah halının yaxşılaşdırılmasına, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsinə səbəb olub. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir. Xalqın böyük əksəriyyətinin səsini qazanaraq hakimiyyətə gələn Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içdi. Andına sadiq qalan Ulu Öndər ömrünün sonuna qədər bütün həyatını Azərbaycan xalqının rifahına, xoşbəxt gələcəyə aparmağa həsr etdi. Ən böyük azərbaycanlı olan Heydər Əliyev Azərbaycan xalqının gələcək rifahı naminə, gözəl gələcək naminə illərlə yorulmadan xidmət etdi.Ulu Öndər 1993-cü ilin oktyabrında prezident seçildikdən sonra Azərbaycanın siyasi və iqtisadi, eləcə də hüquqi suverenliyinin təmin olunmasını inanılmaz dərəcədə sürətləndirdi. Ölkədə baş alıb gedən hərc-mərcliyin, vətəndaş müharibəsinin qarşısını aldı. Ermənistan silahlı qüvvələrinin işğal ərazilərinin genişləndirmələrinə imkan vermədi. Ordu quruculuğu işlərində çox böyük işlərə nail oldu, silahlı qüvvələri bir komandanlıq altında birləşdirdi.

Ulu Öndər xalqı üçün yaşadı, yaratdı, bütün ömrünü özünün də dediyi kimi, xalqına həsr etdi. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq, qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. Ulu Öndərin dahiliyi ondadır ki, Azərbaycan kimi kiçik bir dövləti dünyada tanınan nüfuzlu bir dövlətə çevirdi. Beynəlxalq təşkilatlarda Azərbaycana hörmət etməklə yanaşı ona ciddi diqqət yetirirdilər. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər bütün çətinliklərə və qarşısına çəkilən sipərlərə baxmayaraq uğurlu iqtisadi addımlar atmağı bacardı. Bakı- Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük siyasətçinin qətiyyəti və iradəsi nəticəsində baş tutdu.Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Ermənistanla atəşkəsə nail olunmasıdır. Məhz Ermənistanla atəşkəsə nail olunduqdan sonra Azərbaycanın gələcək inkişafını və insanların rifahını təmin edəcək "Əsrin müqaviləsi" imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyələşdirdi. Dünyanın 8 ölkəsinin 14 neft şirkəti ilə müqavilə imzalandı, sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə müqavilələr imzalandı. 1997 ci ildən başlayaraq Azərbaycan nefti dünya bazarına çıxarıldı. Bununla da Azərbaycanın sürətli inkişafının əsası qoyuldu.Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan uğurla inkişaf edir. Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda inamlı addımlarla irəliləyir.

Samir Ağayev

YAP Biləsuvar rayon təşkilatı, məsləhətçi

Digər xəbərlər