44 günlük Vətən müharibəsi şanlı tariximizin ən şərəfli səhifələrindən biridir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovmuşdur. Bu Qələbənin qazanılmasında bütün Azərbaycan cəmiyyəti birlik və iradə nümayiş etdirib. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir, həmçinin şanlı Zəfərimizlə qürur duyuruq. Şanlı Ordumuz xalqımızın 30 ilə yaxın bir zaman kəsiyi ərzində düşmən tərəfindən oğurlanmış, təhqir olunmuş qürurunun geri qaytarıldığını müjdələdi. Azərbaycan torpaqları işğal altında olan dövlət statusunu qalib ölkə, qalib dövlət statusuna dəyişdi. Ölkəmiz təkcə öz torpaqlarını deyil, bütün Cənubi Qafqazı bəlkə də son iki yüz ildə bəşəriyyətin qarşılaşdığı, lakin düzgün qiymətləndirə bilmədiyi ən təhlükəli bəlaların birindən – erməni faşizmindən xilas etdi. Biz bu yolda çox qurbanlar verdik, çox məşəqqətlərdən keçdik. Azərbaycan öz haqqını dünyaya sübut edənə qədər ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş saysız-hesabsız terror və təxribatları, qırğın və qətliamları yaşamalı oldu. Dünya birliyi bu vəhşiliklərin qarşısını almaq, cinayətkarları cəzalandırmaq üçün heç bir addım atmadı.
Dövlətimizin başçısının müdrik diplomatiyası, xalqın sıx vəhdəti, ordumuzun güc-qüdrəti, haqq-ədalətin ölkəmizin tərəfində olması sayəsində Vətən müharibəsində işğalçıya sarsıdıcı zərbə vuruldu. Bir sözlə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki şəxslərin, bütövlükdə xalqımızın əzm və iradəsi, bir yumruq kimi birlik və həmrəyliyi düşmənin ağır məğlubiyyəti ilə nəticələndi. Ermənistanın bu müharibədə rüsvayçı məğlubiyyətlə üzləşməsində həm də düşmənin Azərbaycan xalqının Qarabağ sevgisinin, Vətən məhəbbətinin nə qədər güclü olduğunu dərk etməməsi əsas rol oynadı. Dövlətimizin başçısının vurğuladığı kimi, “onlar bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.
Vətən müharibəsində Azərbaycan Ordusunun hər gün irəliləyərək, dayanmadan, durmadan, usanmadan hərəkət edərək, hər gün qan tökərək, şəhidlər verərək irəliyə-Zəfərə doğru getdi. Məhz belə şücaətin, qəhrəmanlığın nəticəsində 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edildi. Düşmən isə məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyəti ilə barışdı və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu. Azərbaycan İkinci Qarabağ müharibəsində təkcə işğalçını yox, faşizmi də məhv edib.
Azərbaycan haqlı olaraq haqq savaşında qələbə qazanıb.
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!
Samirə Zeynalova
YAP Tərtər rayon təşkilatının əməkdaşı