1993-cü il oktyabrında Ümummilli lider Heydər Əliyev birinci dəfə Prezident seçildikdən sonra andiçmə mərasimində belə bir fikir söyləmişdir: “Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla demokratik prinsiplər əsasında gedəcəkdir. Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək respublikanın xarici siyasətində Azərbaycanın müstəqilliyini daim qoruyacağıq”.
Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın daxili və xarici siyasətini yenidən qurub. Xarici siyasət sahəsində vaxtilə buraxılan səhvləri və onun nəticəsi əsasında ölkəmizin ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq naminə işlər gördü.
Dahi lider Heydər Əliyevin iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alındı. Ölkənin daxilində vətəndaş həmrəyliyinin əldə olunması üçün çətin və mürəkkəb vəzifələr də öz həllini tapdı. Hadisələrin düzgün istiqamətdə yönəldilməsi Ermənistanın Azərbaycan Respublikasının ərazisinə hərbi təcavüzünün qarşısının alınması fonunda baş verirdi. Torpaqlarımızın işğal edilməsi və işğalın nəticələrinin dünya ictimaiyyətinı çatdırılmasında Dahi lider mühüm işlər görmüşdür. Haqlı tələblərin yerinə yetirilməsi ölkəmizin xarici siyasət kursunda əsas yerlərdən birini tutmuşdu. Həmin dönəmdə Ulu öndər Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından istifadə edərək Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa çalışdı. Ümummilli lider ölkəmizin tarixi, mədəniyyəti, təbii sərvətləri, geosiyasi mövqeyi haqqında ətraflı məlumatlar verməklə bərabər həmçinin diqqəti Qarabağ münaqişəsi və həmin münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələlərinə yönəldirdi. Dahi lider BMT-Azərbaycan əlaqələrinə də xüsusi diqqət yetirirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsinin qəbul olunmasından sonra Baş Assambleyanın 65-ci sessiyasında “İşğal olunmuş ərazilərdə vəziyyətə dair” məsələ müzakirə edilmiş və qətnamə qəbul edilmişdir.
Dünyanın ən nüfuzlu və güclü hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlığa xüsusi önəm verən Dahi lider Heydər Əliyev 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq Proqramı”nın çərçivə sənədini imzalamış, sənədin imzalanmasından sonra Azərbaycan-NATO əlaqələrində inkişaf başlayıb. Bundan sonra Azərbaycan ordusunda islahatlardan sonra NATO standartlarına uyğunlaşdırma işləri həyata keçirilmişdir. Hal-hazırda da NATO-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir.
Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətində eyni zamanda Avropa İttifaqı, MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Komitəsi, İslam Konfransı Təşkilatı və s. təşkilatlarla əlaqələrin qurulmasına xüsusi önəm verib.
90-cı illər Azərbaycanın iqtisadi vəziyyətini nəzərə alaraq Ulu öndər ölkəyə xarici investisiyaların cəlb olunmasında lazımi işlər gördü. 1994-cü ildə bütün çətinliklərə baxmayaraq “Əsrin müqaviləsi” adlanan neft müqaviləsinin bağlanması ilə bu istiqamətdə addımlar atıldı. Daha sonra, 1999-cu ildə Türkiyədə ATƏT-in sammiti çərçiçəsində Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyədən Xəzər dənizindən çıxarılan “əsas xam neftin nəqli haqqında” saziş imzalandı.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü bütün işlərdən nə qədər danışsaq və nə qədər yazıya alsaq yenə də azdır. O, nəinki Azərbaycanın hətta türk dünyasının lideri idi. Bu gün Ulu öndərin siyasi kursunu cənab prezident İlham Əliyev layiqli şəkildə davam etdirir. Azərbaycan çətin geosiyasi mühitdə müstəqil xarici siyasət yürüdən ölkələrdəndir. Hazırda regionda heç bir layihə Azərbaycan olmadan reallaşa bilməz.
Ulu öndər Heydər Əliyev söyləmişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”. Bu gün Azərbaycan gəncləri tək bir yumruq olub cənab prezident İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizi qorumalıyıq.
Nigar İmaməliyeva
YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini