Siyasət

  • 3 449

Azərbaycan tarixində yeni mərhələ

image

3 oktyabr 1993-cü il. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan və həkk olunan gün. Həmin gün Azərbaycan xalqının Xilaskar oğlu, Ümummilli Lider, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin ilk dəfə Prezident seçildiyi gündür. Həmin gün Ulu Öndərimiz ilk dəfə müstəqil Azərbaycanın Prezidenti seçildi və Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu.

Tarixə nəzər salsaq, 1993-cü ilin iyun hadisələrindən, Gəncə qiyamından sonra Azərbaycan xalqının və keçmiş yarıtmaz AXC-Müsavat hakimiyyətinin israrlı, təkidli xahiş və tələblərdən sonra Ulu Öndər 15 iyun tarixində Ali Sovetin sədri vəzifəsinə seçilmiş, cəmi 9 gün sonra, eks-prezident Əbülfəz Elçibəyin Bakını qəfil tərk etməsindən sonra, 24 iyun tarixində isə ölkə Prezidentinin səlahiyyətlərinin icrasına başlamaqla, çiyinlərini Azərbaycan naminə növbəti dəfə ağır yükün altına vermiş lider qətiyyəti ilə bütün məsuliyyəti öz üzərinə götürmüşdü. Bununla da Azərbaycanda yeni mərhələnin təməli qoyulmuşdu.

Ulu Öndərin hakimiyyətə gəlməsindən qısa müddət ərzində Azərbaycanı AXC-Müsavat cütlüyünün səriştəsiz, bacarıqsız siyasəti üzündən düşmüş olduğu ağır bəladan-vətəndaş müharibəsindən, qardaş qırğınından, xaos və anarxiyadan, dağılmaq, parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas edilmişdi. Ölkədə qanunsuz silahlı dəstələrin varlığına son qoyulmaqla, əsl ordu quruculuğuna başlanılmışdı. Xalqımız sözün əsl mənasında öz Xilaskarına qovuşmuşdu və onu israrlı və təkidli şəkildə ikinci hakimiyyətə dəvət etməyindən məmnun qalmışdı. Ulu öndər Heydər Əliyev 1993-cü ilin 3 oktyabr tarixində demokratik və alternativ əsaslarla keçirilən Prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəyini, səsini əldə edərək, inamlı qələbə qazanaraq, ölkə Prezidenti seçilmişdi. Azərbaycan xalqı birmənalı şəkildə öz Xilaskarına etimad, etibar etmişdi, gələcəyini onunla bağlamışdı.

3 oktyab 1993-cü il tarixinin Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin tarixində xüsusi yeri və rolu vardır. Dövlətimiz var olduqca, xalqımız yaşadıqca, 3 oktyabr tarixi də həmişə yaddaşlarda, hafizələrdə əbədi olaraq qalacaq, xatırlanacaq. Çünki, məhz 3 oktyabr tarixindən sonra Azərbaycanda inkişaf, quruculuq, dövlətçilik yolunda yeni mərhələ başlanmışdır. Qısa müddətdə Azərbaycanı nəinki regionun, bütövlükdə dünyanın Lider dövlətləri sırasına çıxardı. Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanı əsas aktorlardan, əsas oyunçulardan, söz sahiblərindən birinə çevirdi.

Ümummilli liderin Prezident seçilməsindən cəmi 11 ay sonra məhz onun qətiyyəti, cəsarəti, iti, parlaq zəkası sayəsində baş tutan, imzalanan tarixi “20-ci əsrin müqaviləsi” Azərbaycanı yenidən dünyaya Günəş kimi doğdu və parlatdı. Həmçinin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Qədim və Yeni İpək yolunun bərpası kimi layihələr həyata vəsiqə aldı və Azərbaycanın imzasını imzalar içində əbədi bərqərar etdi. Bunların hamısı 24 iyundan başlanan və 3 oktyabrdan sonra davam edən tarixi yol, Xilaskarlıq missiyası saəyəsində baş tutdu, gerçəkləşdi. Bütün bunlara görə Tarixi və Bütöv Şəxsiyyət, Liderlər Lideri Heydər Əlirza oğlu Əliyevə borclu və minnətdarıq. Bəli, ikinci müstəqil Azərbaycan və onun indiki Lideri, Müzəffər, Qalib Ali Baş Komandan cənab İlham Əliyev Heydər Əliyevin, Ulu Öndərin Şah əsərləridir.

Azərbaycan torpaqlarının, Qarabağın işğaldan azad edilməsini bəlkə də Ümummilli Lider qədər istəyən, bunun üçün var gücü ilə çalışan kimsə yox idi. Hakimiyyətdə olduğu 10 il ərzində bir an olsun belə Qarabağı yadından çıxarmadı, onun işğaldan azad olunması üçün bütün enerjisi sərf etdi və elə bir potensial qoyub getdi, elə bir yol-iz açdı ki, o potensial, o yol, o iz bizi mütləq Qələbə və Zəfərə aparmalıydı və apardı da. Ulu öndər siyasi kursunun layiqli və uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərə verdiyi sözünə, vədinə əməl etdi, Suqovuşanı və işğal altındakı digər torpaqları işğaldan qurtardı, Azərbaycana tarixi Qələbə və Zəfər qazandırdı, düşməni diz çökdürdü. Bununla da Ulu Öndərimizin, atasının ruhunu sevindirdi.

Bəli, heç kim üçün sir deyil ki, Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə – 2020-ci il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Müzəffər Ordumuz böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, – birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi – 6 kənd, – oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi. Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi.

Qeyd edək ki, Suqovuşanın azad edilməsindən cəmi bir gün sonra, 4 oktyabr tarixində ilk rayonumuz, rayon mərkəzimiz Cəbrayıl və Cəbrayılın bir neçə kəndin işğaldan azad olundu və Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk etdirildi. Artıq təqvimdə qara tarixlər, işğal tarixləri yoxdur, təqvimdə Zəfər və Qələbə tarixləri vardır.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dənizdən dənizə qədər mifik Ermənistan xülyasından, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər və əl çəkəcəklər. Bunun başqa yolu yoxdur, çünki başqa yolları da qalmır. Müzəffər Ali Baş Komandanımızın da bəyan etdiyi kimi, biz qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərs verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə partiyasının sədr müavini

Digər xəbərlər