PDF Oxu

Siyasət

  • 2 756

Ulu Öndərin Azərbaycan dövlətçiliyinin təməlində duran siyasi irsi

Ulu Öndərin Azərbaycan dövlətçiliyinin təməlində duran siyasi irsi

Dünyada hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyətlər var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşmüşdür. Misilsiz xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycan xalqı öz müdrik liderinin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlər əldə etmişdir. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Azərbaycan dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, qətiyyəti, müdrikliyi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.Heydər Əliyevin ilk dəfə ölkə rəhbərliyinə gəlişi keçmiş sovet ölkələri sırasında geridə qalmış respublikalardan biri sayılan Azərbaycanda həyat ritmini dəyişdi.Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım idi.Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunması qürurverici hadisə oldu. Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etdi. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra iri miqyaslı layihələrin Bakıda gerçəkləşməsinə nail oldu. Dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi.Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmışdır.Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir vəzifəni üzərinə götürərək Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.Ulu öndər Heydər Əliyevin neft strategiyasının şah əsəri sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi bu gün qlobal proseslərin ən əhəmiyyətli tərəflərindən biri kimi Azərbaycanın dünya üçün əhəmiyyətini daha da artırır.Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".Heydər Əliyevin ümummilli problemimizin həlli üçün göstərdiyi səylər tək diplomatiya ilə məhdudlaşmırdı. Danışıqların aparılması ilə yanaşı, ulu öndər Azərbaycan ordusunun formalaşması və gücləndirilməsinə xüsusi diqqət yetirirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində Azərbaycanda milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, ciddi nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan qüdrətli ordudur. Bu, həmin ordudur ki, qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Qarabağda zəfər bayrağımızı qaldırdı. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Təbii ki, bu qələbəni şərtləndirən amilləri sadaladığımız zaman bir mühüm məqama – əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli birliyimizə, milli həmrəyliyimzə xüsusi önəm verməliyik. Milli-mənəvi dəyərlər Azərbaycan xalqının milli sərvətidir. Bu mənada, xalqımızın sarsılmaz birliyi məhz milli-mənəvi dəyərlərimizə söykənir. Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafını təmin edir.Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var, lakin bizim ən böyük sərvətimiz Heydər Əliyev siyasi irsidir.

Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər