Balkan yarımadasının mühüm coğrafi mövqeyinə malik olan ölkəsi Bolqarıstanla Azərbaycan arasında 2015-ci ildən çox gözəl iqtisadi və siyasi münasibətlər formalaşıb. Dünya xəritəsində iki mühüm strateji arialda yerləşməsi bu iki ölkənin ən böyük avantajlarıdır. Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi və bir sıra enerji layihələrinin reallaşması nəinki Azərbaycan və Bolqarıstan iqtisadiyyatına, həm də bütün regionun iqtisadiyyatına mühüm töhfələr verəcəkdir. Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti daha da artmaqdadır.Bolqarıstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Bolqarıstan bir sıra enerji layihələrinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Bolqarıstan üçün də vacib önəm daşıyır. Azərbaycan-Bolqarıstan münasibətləri inkişaf dinamikliyi, sanballı hüquqi bazası və qarşılıqlı mənfəət kəsb edən məqamlarla səciyyələnir. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını rəhbər tutan Bolqarıstan Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmiş, Azərbaycanın haqlı mövqeyini habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləmiş və bu dəstəyi davam etdirməkdədir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etməsi hər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında mövcud olan əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaqdır.Son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Cənab İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bunu bir daha sübut edir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verməkdir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə, həmçinin bu ölkənin bir sıra yüksək dövlət rəsmiləri ilə görüşlər olmuşdur.Təqdirəlayiqdir ki, Azərbaycan-Bolqarıstan arasında əlaqələr, həmçinin mədəni, humanitar, elm və təhsil sahələrində də uğurla inkişaf etməkdədir. Məhz bunun sayəsində xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənir və ölkələrimizin gələcək rifahına xidmət edir.
Şakir Mikayılov
Pirallahı rayonu, 186 nömrəli tam orta məktəbin direktoru