PDF Oxu

Siyasət

  • 2 606

Ermənistanın müharibə cinayətləri: Ağdam rayonu TƏHLİL

Ermənistanın müharibə cinayətləri: Ağdam rayonu TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir"

"Ermənistan ordusunun münaqişə xəttinin kənarındakı Azərbaycan şəhərlərini ballistik raketlərlə hədəfə alması onların acizliyini göstərir. Bu, Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayətidir. Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu, onu göstərir ki, Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, eyni zamanda, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl atır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 7 oktyabr tarixində CNN-Türk televiziyasına müsahibəsində bildirmişdir. Dövlətimizin başçısı düşmənin raket atəşinə tutduğu Gəncə və Mingəçevir şəhərlərinin döyüş bölgəsindən uzaqda yerləşdiyini diqqətə çatdıraraq "Döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Ən yaxın bölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minə qədər mərmi düşür və bunun əsas məqsədi mülki şəxslərə qarşı törədilən zorakılıqdır. Bu, bir daha Ermənistanın faşist mahiyyətini göstərir, rejimin faşist mahiyyətini göstərir. Ancaq bu, Azərbaycan xalqını qorxutmur, bunun heç bir təsiri yoxdur. O bölgələrdə, o şəhər və kəndlərdə yaşayan soydaşlarımız orada möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər", - deyə dövlət başçısı bildirmişdir.
7 Oktyabr, müharibənin ən şiddətli günləri idi. "Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir" – deyə müsahibəsində bildirən Cənab Prezident diqqətə çatdırmışdı ki, artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib: "Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir".
"ƏN YAXIN BÖLGƏ TƏRTƏR BÖLGƏSİDİR VƏ TƏRTƏR ŞƏHƏRİNƏ GÜNDƏ MİNDƏN İKİ MİNƏ QƏDƏR MƏRMİ DÜŞÜR"
Azərbaycan ordusu hər gün şəhidlər verir, amma irəliyə doğru gedirdi. İşğalda olan torpaqlarımızın azadlığı uğrunda vətən oğulları Ali Baş Komandanın rəhbərliyi ilə böyük şücaət göstərir və tarix yazılırdı. Bütün cəbhəboyu döyüşlər zamanı ordumuz əldə olunan nailiyyətləri genişləndirmək məqsədilə müxtəlif istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad edirdi. "Bu günədək bizim mülki şəxslər arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistan silahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəşə tutur və minə yaxın ev ya dağıdılıb, ya da ki, böyük ziyan görüb. Lakin hər şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra olunacaqdır," – deyə Prezident qeyd edib. Bölmələrimiz ərazini düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edirdi. Ordumuzun dəqiq artilleriya zərbələri ilə düşmənin müdafiə sahələrində ermənilərə məxsus hərbi texnikaları məhv edirdi. Əks-hücum əməliyyatı başlayandan oktyabrın 7-dək artıq ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd "S-300" zenit-raket kompleksi və xeyli sayda şəxsi heyəti məhv edilmişdi. Zəfərə doğru inam sonsuz idi. Ordumuzun qətiyyətli əks-hücumu qarşısında aciz qalan Ermənistan Azərbaycanın dinc əhalisinin kompakt yaşadığı ərazilərdə, habelə Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Yevlax, Goranboy və Beyləqan və Cəbrayıl rayonlarını raket və artilleriya atəşinə tuturdu. Bu, Ermənistan ordusunun acizliyi olmaqla yanaşı, Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayəti idi. "Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara qarşı atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu, onu göstərir ki, Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, eyni zamanda, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl atır… Ən yaxın bölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minə qədər mərmi düşür və bunun əsas məqsədi mülki şəxslərə qarşı törədilən zorakılıqdır. Bu, bir daha Ermənistanın faşist mahiyyətini göstərir, rejimin faşist mahiyyətini göstərir."
OKTYABRIN 7-DƏ AĞDAM RAYONU İNTENSİV ATƏŞƏ TUTULDU
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edirdi. Oktyabrın 7-də gecə saatlarından başlayaraq Ağdam rayonun işğal altında olmayan yaşayış məntəqələri intensiv atəşə tutulurdu. Nəticədə Xındırıstan kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak oldu, vətəndaşlara məxsus 1 ev dağıldı, 10 evə, 4 yardımçı tikiliyə, 114 nömrəli köçkün ümumi məktəbinə, elektrik və qaz təsərrüfatlarına ziyan dəymiş oldu. Dörd baş iribuynuzlu, 41 baş xırdabuynuzlu heyvan, 2 baş at tələf edildi.
Əlbəttə ki, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətlərə görə tam məsuliyyət daşıyır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər