“Azərbaycan Prezidenti İlham Əliyevin Praqada keçirilən Avropa Siyasi Birliyinin sammitinə dəvət olunması, Avropanın 44 dövlət başçısıları arasında dövlətimizin başçısının da olması onu göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün çox önəmli ölkədir. Yeni təsis olunmuş qurumda Azərbaycanın təmsilçiliyi xarici siyasətimizin düzgün və nizamlı şəkildə aparıldığına əyani sübutdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.Onun sözlərinə görə, sammit çərçivəsində həm də Azərbaycan-Ermənistan münasibətlərinin indiki durumu, aparılan sülh danışıqları, sülh müqaviləsinin hazırlanmasında ortaya çıxan problemlər müzakirə olunacaq: “Görüşün baş tutmasında aparıcı rol yenə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə aiddir. Bilirsiniz ki, Ş.Mişel bundan əvvəlki vasitəçilərdən fərqli olaraq nəinki dialoqların, müzakirələrin keçirilməsi üçün bütün səylərini əsirgəmir, o cümlədən görüşün məhsuldar olması üçün bütün enerjisini sərf edir. Aİ-nin prezidenti indiyə qədər Ermənistan və Azərbaycan liderləri arasında keçirilən 4 görüşdə münaqişənin həlinə böyük töhfələr verib. Hətta gələn ay Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması gözlənilir. Düzdür, proses Azərbaycanın diqtəsi və nəzarəti altındadır, düşmən ölkəyə sülh təklif edən də rəsmi Bakıdır, İrəvana 5 baza prinsiplərindən ibarət olan sənədi təqdim edən də bizik, amma təmasların təşkilində Aİ-nin, xüsusən də Şarl Mişelin rolu az deyil. Əvvəllər ATƏT-in Minsk qrupu yalnız təcavüzkar Ermənistanın yanında dururdu, bu gün isə vəziyyət dəyişib, müharibədə ədalətli qələbə qazanan Azərbaycanın sözünə dəstək verənlərin sayı artıb. Bütün bunlar Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin sərkərdə kimi döyüş meydanında, dövlət rəhbəri kimi danışıqlar masasında siyasi ustalığı sayəsində əldə etdiyi uğurlar sayəsində mümkün olub”.
Müəllif: Abutel İlhamqızı