Siyasət

  • 980

Azərbaycan- Bolqarıstan əlaqələri strateji önəm daşıyır

image

Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə malik ölkədir. Məhz siyasi və enerji böhranı dövründə Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti daha da artmaqdadır. Təbii ki, bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib. Bu gün isə Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır.Azərbaycan Avropanın Cənub -Şərqinin maye qazla təminatını həyata keçirməklə, bir neçə ölkəni təchiz edir. Məhz Bolqarıstanla bu istiqamətdə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək.Son illərdə Azərbaycan-Bolqarıstan əlaqələrində dinamik inkişaf müşahidə olunur. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bunu bir daha sübut edir. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verməkdir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində yer alan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidentinin bolqarıstanlı həmkarı ilə təkbətək və geniş tərkibdə, həmçinin bu ölkənin bir sıra yüksək dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Xüsusi olaraq vurğulaya bilərik ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.Xatırlatmaq yerinə düşər ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyev Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. Dövlətlərarası əlaqələrimizə təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edib. Bundan sonra ali və yüksək səviyyələrdə çoxsaylı qarşılıqlı səfərlər baş tutub, iki ölkə arasında 60-dan çox sənəd imzalanıb. 1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Qeyd olunmalıdır ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır.İki ölkə arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Bu mənada Bolqarıstan Respublikasının dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər həyata keçiriblər. Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana son səfəri 2017-ci ildə olub.Azərbaycanla Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb.Azərbaycanla Bolqarıstan arasında informasiya sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir və xəbər mübadiləsi həyata keçirirlər.Həmçinin vurğulanmalıdır ki, Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Bakı küçəsi var. Bu küçənin açılışı 2005-ci ildə Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı olub.Azərbaycanla Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr mövcuddur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılıb.

Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç. 73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər