PDF Oxu

Siyasət

  • 4 559

Tezliklə regionda daimi sülh bərpa olunacaq

Tezliklə regionda daimi sülh bərpa olunacaq

Yaranmış vəziyyəti düzgün dəyərləndirmək, aparılan uğurlu siyasət ölkəmizin dünya miqyasında əhəmiyyətini daha da artırmışdır. Bunun nəticəsidir ki, dövlətimiz tez-tez beynəlxalq konfranslarda, tədbirlərdə layiqincə təmsil olunur. Ölkə başçısı İlham Əliyev regionda davamlı və daimi ola biləcək sülh üçün bir sıra görüşlər keçirir.

Belə görüşlərdən biri də 6 oktyabr 2022-ci il tarixində Praqada baş tutmuşdur. Burada Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmüşdür. Görüş zamanı bir sıra məsələlər haqqında müzakirələr, danışıqlar aparılmışdır.

İlk növbədə enerji məsəslələrinə toxunan İlham Əliyev bildirdi ki, Azərbaycan Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq həyata keçirilməkdədir. Bu ilk növbədə enerji sahəsində öz əksini tapmışdır. Belə ki, cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda Anlaşma Memorandumu imzalanmışdır. Xatırlatmaq lazımdır ki, Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.

Azərbaycan və Avropa İttifaqı ilə əməkdaşlıq təkcə enerji sahəsi ilə yekunlaşmır. Ən önəmli istiqamətlərindən biri də siyasi dialoqdur. Yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artmışdır.

Prezident daha sonra qeyd etdi ki, Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Bu dəhlizlər iqtisadi əlaqələrin daha da güclənməsinə, regionun inkişafına böyük töhfə verəcəkdir.

Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən danışarkən Prezident qeyd etdi ki, Sülhə yavaş-yavaş yaxınlaşırıq. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir və hər dəfə sülhə daha da yaxınlaşırıq. Cari dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunmuşdur.

Bu görüşlərin bir məqsədi var ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Təmaslar davam edir. Sülh prosesinə artıq təkan verildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bunun ardı kəsilməməlidir. İşçi qrupu sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalıdır.

Təəssüflər olsun ki, Ermənistan verdiyi vədlərə əməl etmir. Sülh üçün çalışmır. İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Bu yeganə cinayət deyil. Belə ki, Erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Buna da son qoyulmalıdır. Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır və orada yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar.

Prezident bildirdi ki, regionda daimi sülhün əldə olunması üçün bizim tərəfimizdən irəli sürülmüş müqavilənin beş prinsipi var. Bu prinsiplər mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər.

Qeyd edək ki, Praqada baş tutan bu görüşün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edildi. Belə ki, görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Bununla da suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

Həmçinin Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.

Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu. Saatlarla davam edən görüşdə Ölkəmizə qarşı yönəlmiş təzyiqlərin qarşısı alındı.

İnanmaq istərdik ki, Ermənistan bu dəfə də iki ölkə arasında sülhün əldə olunmasını uzatmayacaq. Tezliklə regionda daimi sülh bərpa olunacaq.

Cəfərli Seyran

Xəzər rayonu 237 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Digər xəbərlər