Hazırda heç kimə naməlum deyil ki, Azərbaycan Respublikası dünya dövlətlərinin, xüsusilə Avropa dövlətlərinin enerji təminatında mühüm yer tutur. İstər neft,istər qaz,istərsə də elektrik enerjisini dünya bazarına çıxararaq həm öz iqtisadiyyatını inkişaf etdirir, həm də öz mövqeyini gücləndirir. 2013-cü ilin dekabr ayında Azərbaycan təbii qazının Avropaya böyük həcmdə çıxarılmasını nəzərdə tutan, İlham Əliyevin "XXI əsrin müqaviləsi" adlandırdığı müqavilə sənədi imzalandı. Bununla da Trans Anadolu və Trans Adriatik qaz kəmərlərinin tikintisi artıq reallığa çevrildi. Xəzər dənizindən İtaliyaya doğru uzanan, Avropanın enerji təhlükəsizliyi üçün vacib əhəmiyyətə malik "Cənub" qaz dəhlizi yaradıldı.
Avropada və dünyada mövcud olan geosiyasi vəziyyət Azərbaycanın resurslarına tələbatın ildən-ilə daha da artmasına səbəb olur. Keçən il bu tələbatın artması nəticəsində Azərbaycanın qaz ixracatı əvvəlki ilə nisbətən 40 faiz çoxalmışdı. Gələcəkdə daha da artacağı gözlənilir və bu istiqamətdə işlər görülür. Sirr deyilki bu tələbatın ödənilməsi üçün külli miqdarda sərmayə cəlb edilməlidir. Bu tələbatların ödənilməsi və Avropa İttifaqı ilə münasibətlərin nizamlanması istiqamətində bu il iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda Anlaşma Memorandumu imzalandı.
Yeni saziş üzərində hələdə çalışmalar davam etdirilsə də, əsas məqsədlər barədə razılığa gəlinib. Digər kiçik məqamlar elə də prinsipial önəm kəsb etmir.
Eyni zamanda Azərbaycanın coğrafi mövqeyi və əlverişli nəqliyyat infrastrukturu da Avropa üçün çox böyük əhəmiyyət kəsb edir. İstər qərb-şərq, istərsə də şimal - cənub nəqliyyat marşrutu üzərində yerləşən Azərbaycan Respublikası Avrasiyanın nəqliyyat xəritəsinin önəmli bir hissəsidir.
Məlum məsələdir ki, Azərbaycan XX əsrin sonlarında başlamış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər zaman səylə çalışıb və real addımlar atıb. Lakin qonşu Ermənistanın bu münaqişənin həllinə, qəbul olunmuş hüquqi sənədlərin icrasına yaxın durmadığı üçün münaqişəyə yekun vuracaq sülh müqaviləsinin imzalanması mümkün olmamışdır. Bu azmış kimi münaqişə müddətində cəbhə xəttində dəfələrlə atəşkəsi pozmuş, hərbi və mülki şəxslərin həyatlarını itirməklərində səbəbkar olmuşdur. Cəbhədə erməni terrorçularının törətdiyi təxribat xarakterli fəaliyyətlərin qarşısı Azərbaycan ordusu tərəfindən bir çox kəs alınmış hətta əks-hücum əməliyyatları nəticəsində müxtəlif illərdə, müxtəlif ərazilər geri qaytarılmışdır. Bu əməliyyatların ən böyüyü olan 44 günlük "Vətən müharibəsi" nəticəsində imzalanan Birgə Bəyanata əsasən Azərbaycan - Ermənistan cəbhə xəttində atəşkəs yenidən bərpa olundu və tərəflər öz tutduqları mövqelərdə qalırlar. Naxçıvana nəqliyyat keçidinin verilməsi bu bəyanatla Ermənistanın götürdüyü öhdəlik olmasına baxmayaraq, Ermənistan tərəfindən öz öhdəliyinin pozulması faktı son dərəcə biabırçı faktdır. Kommunikasiyaların açılması artıq həyata keçməli idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir.
Bu bəyanata baxmayaraq, İkinci Qarabağ müharibəsi bitdikdən sonra belə ermənilər bölgədə 1400-dən çox mina basdırıb. Bunun nəticəsidir ki, atəşkəsdən sonra bələ Azərbaycanın hərbi və mülki vətəndaşları ya şəhid olmuş yada ağır yaralanmışdır. Ermənistanın bu təxribatı sülh proseslərinə ciddi şəkildə ziyan vurmaqla yanaşı, xalqımıza qarşı da törədilən növbəti terror aktıdır. Müharibənin bitməsindən təqribən 2 ilə yaxın bir müddət keçməsinə baxmayaraq ermeni silahlı qüvvələri hələdə tam şəkildə ərazimizi tərk etməyib. Bu özbaşınalıq artıq bir yekuna çatmalıdır. Çünki dünya birliyi artıq açıq şəkildə söyləyir ki, Qarabağ Azərbaycandır!!!
Sülhə yavaş - yavaş yaxınlaşırıq... Praqada keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş Naziri Nikol Paşinyanın iştirak etdiyi dördtərəfli görüş sülh müqaviləsinin imzalanması istiqamətində atılan qəti addımlardan biridir. Yaxın zamanda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri sülh müqaviləsinin imzalanması istiqamətində ilk rəsmi görüşləri keçiriliblər. Növbəti görüşün ardınca sülh müqaviləsinin mətnini hazırlamaq məqsədilə işçi qrupların toplanması nəzərdə tutulmuşdur. Bu işçi qrupunun hazırlayacağı sülh müqaviləsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən hazırlanmış ve beynəlxalq hüquqa əsaslanan 5 prinsip əsasında hazırlanmalıdır.Azərbaycanın təqdim etdiyi beş baza prinsip, güc tətbiq etməmək və ya güclə hədələməmək, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur. Bu prinsiplər Ermənistan tərəfindən müsbət qəbul olunub. Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, Dağlıq Qarabağda yaşayan erməni əhali də təhlükəsiz bir şəkildə yaşayacaqdır. Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdikdən sonra, cəmiyyətə inteqrasiyası təmin olunacaqdır. Yaşayış səviyyəsi isə yerli əhalidan fərqlənməyəcəkdir. Onlarla münasibətin tənzimlənməsi artiq Azərbaycan Respublikasının daxili məsələsidir.
Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu. 5 saatdan artıq davam edən görüşdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı. Görüşün sonunda ölkəmizin maraqlarını təmin edən birge bəyanat imzalandı.
Birgə bəyanat əsasən “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır”. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Dağlıq Qarabağ üzərində olan hakimiyyətini tanımış olur. Artıq delimitasiya üzrə komissiya fəaliyyətə başlamalı və növbəti iclasları da Brüsseldə oktyabr ayının sonlarında keçirilməlidir. Delimitasiya haqqında razılığa əsasən Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.
Ləman Babayeva
Bakı şəhəri R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəb