Azərbaycanın qaz ehtiyatı potensialı yüksəkdir ŞƏRH
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır.Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində də müvafiq sualları cavablandırarkən bildirib ki, enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək:
“Yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik. Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətindir, çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazökarcasına bu rəqəmləri səsləndiririk. O rəqəmləri səsləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq. Bizim həm qazımız, həm neftimiz, eyni zamanda, elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır, bəlkə də bu haqda danışmaq bir qədər tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır”.
Onu da qeyd edək ki, "Şahdəniz" yatağı Avropaya tədarük olunan Azərbaycan qazının başlıca mənbəyidir. Belə ki, Avropa İttifaqının nisbətən az qaz ehtiyatı var. Faktiki olaraq, təkcə Azərbaycanda olan qaz ehtiyatları Avropanın ümumi qaz ehtiyatlarının 75 %-dən çoxuna bərabərdir. Buna görə də, Avropanın Azərbaycan qazının təchizatına çıxış əldə etməsi mühüm əhəmiyyət daşıyırdı və bu gün "Şahdəniz" həmin təchizat həcmlərinin əsas mənbələrindən biridir. Bu da Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən etibarlı enerji tərəfdaşına çevirir. Bu kimi layihələr isə təkcə ölkə və region üçün əhəmiyyətli deyil. Onun böyük qlobal əhəmiyyəti də var. O da əbəs deyil ki, məhz bu uğurlu tandemin hesabına Avropanın enerji xəritəsini dəyişəcək, Azərbaycan və region ölkələri üçün əlavə imkanlar açacaq.
Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri