PDF Oxu

Siyasət

  • 2 934

Yaş senzinin BAYRAQDARI! QÜRUR VƏ MÜBARİZLİK TARİXİ

Yaş senzinin BAYRAQDARI! QÜRUR VƏ MÜBARİZLİK TARİXİ

Həyatının böyük hissəsini Ulu Öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi uğrunda sərf edən vətənpərvərlik təcəssümü!

Bir şəxsiyyətin cəmiyyətdə tanınması onun həyat kredosu və əqidəsi ilə bağlıdır. Belə ki, insan uşaqlığından ailəsində, yaxın mühitində gördüyünü alt şüuruna həkk edir, gələcək həyatını da məhz bu şüur üzərində qurur, formalaşdırır. Bu cür insanlar əsl əqidəyə sahib olan şəxsiyyət kimi cəmiyyət arasında özünəməxsus yerlərdən birini tutur. Məhz belə bir insandan – ölkəsi, xalqı, Vətəni uğrunda bütün ömrünü fədakarlıqlara həsr edən Arif Rüstəmovdan bəhs edəcəyik...Ötən əsrin təlatümlü 90-cı illərində çətin, taleyüklü dövründə Azərbaycanın nicatını, xilas yolunu haqlı olaraq Ulu Öndər, xalqımızın Ümummilli Lideri Heydər Əliyev dühasının böyük siyasətə qayıdışında – yenidən hakimiyyət zirvəsinə yüksəlməsində görən və məşhur “91-lər”in sırasında adı daim ehtiramla çəkilən Arif Rüstəmov ləyaqətli və şərəfli ömür yolu, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə onu tanıyanların qəlbində silinməz iz qoyub.
Ulu Öndər Heydər Əliyev məhz bu cür əqidəli insanlar haqqında demişdir ki, cəsarət və sədaqət sonradan qazana bilən keyfiyyət deyil, bu, insanın qanından gəlir!
Belə bir şəraitdə xalqın aparıcı ziyalıları haqlı olaraq çıxış yolunu Ulu Öndər Heydər Əliyevin fəal siyasi səhnəyə qayıtmasında görürdülər. Arif müəllim Yeni Azərbaycan Partiyasının yaradılmasında ilk təşəbbüskarlardan biri kimi önə çıxanlardan və sinə gərənlərdəndir.O, 1989-90-cı illərin əvvəllərində “Xalq qəzeti” və “SƏS” qəzeti kimi mətbu orqanlarda - hansı ki, o zamanlar Heydər Əliyevlə bağlı çıxış etmək ölkədə qadağan olunmuşdu, açıq məqalələrlə fikirlərini yazırdı. Arif Rüstəmov eyni zamanda, Ulu öndərlə teleqramlaşırdı.Beləliklə, 1990-1993-cü illərdə Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə AXC-Müsavat cütlüyünün səriştəsizliyini ifşa edən bu şəxsiyyət həyatının ən böyük hissəsini Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə həsr etdi. Xalq Heydər Əliyevin hakimiyyətə gələrək ölkəni bu ağır bəladan qurtarmağa səsləyirdi.Lakin 121-ci maddə ilə yaş senzini tətbiq etmək istəyən mənfur qüvvələr hər vəchlə onun qarşısını almağa cəhd edirdilər. Buna qarşı etiraz edənlər isə həbs edilir, təqib və təzyiqlərə məruz qalırdılar.Ulu Öndər məhz bu cür əqidəli insanlar haqqında demişdir ki, cəsarət və sədaqət sonradan qazana bilən keyfiyyət deyil, bu, insanın qanından gəlir.Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev çıxışlarında bu barədə vurğulayıb ki, Ulu Öndərin gələcək fəaliyyətini əngəlləmək üçün o vaxtkı partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdir ki, 65 yaşdan sonra prezident ola bilməz. Lakin mübariz insanlar etiraz aksiyaları təşkil etməklə heç kimdən qorxmadan, hətta repressiya təhlükəsinin olmasına baxmadan öz əqidələrini sona qədər müdafiə etdilər.

Arif Rüstəmovun xatirələrindən: “Ali Sovetin qarşısında keçirilən mitinqlərdə oğlanlarımla birgə iştirak etmişik, süni qadağanın ləğv olunmasını tələb etmişik”

“Dahi Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinə qarşı qoyulan qadağanın - 121-ci maddənin ləğv olunması tələbi ilə Ali Sovetin qarşısında keçirilən mitinqlərdə oğlanlarımla birgə iştirak etmişik, süni qadağanın ləğv olunmasını tələb etmişik.Mitinqdə azyaşlı övladlarım Dahi Öndərimiz Heydər Əliyevin portretlərini başları üzərinə qaldırıb “Azərbaycanın xilası Heydər babanın hakimiyyətə gəlməsidir”, “Heydər baba, biz səni dəstəkləyirik” və digər bu kimi şüararla çıxış etdilər. Bu gün həmin uşaqlar daxili işlər orqanlarında Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövlətinə şərəflə və qürurla xidmət edirlər” (Mənbə: “Səs” İnformasiya Agentliyi, 27.04.2021-ci il – “35 il kölgədə qalan sirlər” sərlöhvəli məqalədən)

Arif müəllimin ömür-gün yoldaşı Havva Həsənovanın xatirələrindən: “Arif müəllim 121-ci maddəni əks etdirən yaş senzinin ləğv edilməsi, habelə bu tələblərlə keçirliən mitinqlərin əsas təşkilatçılarından biridir”

Məqaləni hazırlayarkən Arif müəllimin ömür-gün yoldaşı Havva Həsənova ilə də söhbətləşdik, onun da fikirlərini, düşüncələrini dəyərli oxucularımızla bölüşmək qərarını verdik. O, bizimlə söhbətində deyir ki, YAP-ın yaradılmasında ciddi təşviş və qorxu keçirən AXC-Müsavat iqtidarı 4 oktyabrda Naxçıvanda dövlət çevrilişinə cəhd etdilər. SİTAT: "Arif müəllim həmin ərəfələrdə çox gərgin və məsuliyyətli idi, xüsusilə Ulu Öndər Heydər Əliyevə olan təhdidlərin baş verməməsi üçün gecə və gündüz fəaliyyət göstərir, siyasi həmfikirləri ilə yuxusuz gecələr keçirirdi. Çünki xain qüvvələr Naxçıvanda hakimiyyəti zəbt edib, Heydər Əliyev ətrafında birləşən insanları qorxutmaq, mübarizələrindən çəkindirmək istəyirdilər. Məhz bu kimi mübariz, əqidəli insanların davamlı səyləri nəticəsində xain qüvvələrin istəkləri baş tutmadı. Onlar Ulu Öndərin ətrafında daha da sıx birləşərək, təhdid və təzyiqlərin qarşısını almağa nail oldular".O, sözlərini belə davam etdirib: “Həyat yoldaşım Birinci Qarabağ veteranı Arif Rüstəmov Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünə və bu barədə təbliğat aparanların sırasında ilk mübarizlərdən biridir. O, 1990-1993-cü illərdə hakimiyyətdə olan bir qrup AXC-Müsavat cütlüyünün səriştəsizliyi, ölkəni idarə edə bilməməsi səbəbindən, Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə öz qəlbinin səsi ilə Ulu Öndər Heydər Əliyevin xilaskar missiyasına ümid bəsləyən şəxslərdəndir. Eyni zamanda, Arif müəllim 121-ci maddəni əks etdirən yaş senzinin ləğv edilməsi, habelə bu tələblərlə keçirliən mitinqlərin əsas təşkilatçılarından biridir. O, dəfələrlə Murtuz Ələsgərov, Səfiyar Musayev, Misirxan Vəliyev, mərhum general Rasim Musayevlə birlikdə Ulu Öndər Heydər Əliyevin müdafiəsi ilə bağlı keçirilən mitinqlərdə o zamankı hakimiyyətin qəzəbinə tuş gəlmişdir. Bir neçə dəfə onu polis bölməsinə apararaq 10-15 gün azadlıqdan məhrum ediblər. Ancaq bu kimi təzyiqlər onu haqq və ədalət uğrunda apardığı mübarizədən çəkindirmədi. Əksinə, daha böyük fəallıqla Ulu Öndərimiz Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək Azərbaycanın düşdüyü ağır problemlərdən xaos və anarxiyadan xilas etmək işində dəstəyini davam etdirdi”.

Ata yolu ilə qorxmadan addımlayan övladlar - bəzilərinin hünər edib gedə bilmədikləri yerə Arif Rüstəmov özünün azyaşlı övladlarını aparırdı!

“Belə bir məqamda övladlarımız da o mitinqlərdə iştirak edir, xalqın mübarizəsində öz sözlərini deyirdilər. Eyni zamanda, bəzilərinin hünər edib gedə bilmədikləri yerə Arif Rüstəmov özünün azyaşlı övladlarını aparırdı. Bu gün onlardan biri – Tural Rüstəmov hüquq-mühafizə sistemində çalışır, Vətənimizin, vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən məsuliyyəti uğurla icra edir. Bir ana olaraq mən fəxr edirəm ki, Arif Rüstəmovun övladları onun əqidə və şərəf yolunu yaşadır, Ulu Öndər Heydər Əliyev ideyalarına və bu ideyaları uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının apardığı mütərəqqi siyasətə, dövlətə, xalqa sadiqlikləri ilə seçilirlər. Bir valideyn kimi bu hisslər mənə qürur hisləri verir”, deyə Arif Rüstəmovun ömür-gün yoldaşı Havva Həsənova bildirib.

Arif müəllim Ulu Öndər Heydər Əliyevlə teleqramlaşır, onun tövsiyələrini həyata keçirmək üçün qorxmadan fəaliyyət göstərirdi

Havva xanımın fikirlərindən o da məlum oldu ki, Arif müəllim Ulu Öndər Heydər Əliyevlə teleqramlaşır, onun tövsiyələrini həyata keçirmək üçün qorxmadan fəaliyyət göstərirdi. Həmin ağır dövrlərdə hətta onu tanıyanlar, o cümlədən iş yoldaşları Arif müəllimdən yan gəzirdilər. Onlar AXC-Müsavat hakimiyyətinin təqib və təzyiqlərindən çəkinir və qorxurdular.Havva Rüstəmova Azərbaycan ordusunun uğurlu hərbi qələbələrindən də danışaraq bildirir ki, Azərbaycan xalqının bir yumruq kimi birləşərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsi bu gün ölkəmizin inkişaf təzahüründə özünü göstərməkdədir. “Mən ona da qürur duyuram və Allahıma şükür edirəm ki, bu Zəfərimizi Arif müəllim də gördü. Bu gün övladlarımız da qalib Vətənin övladları olaraq yaşamaqda, fəaliyyətlərini davam etdirməkdədirlər”.

Rövşən RƏSULOV

Digər xəbərlər