PDF Oxu

Siyasət

  • 2 453

Azərbaycanın Bolqarıstanla əməkdaşlığı yeni perspektivlər vəd edir

Azərbaycanın Bolqarıstanla əməkdaşlığı yeni perspektivlər vəd edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstan Respublikasına rəsmi səfəri hər iki ölkənin qarşılıqlı əməkdaşlığının yeni perspektivlərə yol açdığını nümayiş etdirdi. Ölkə Başçımızın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibli görüşündə qeyd edib ki, ölkələrimizin siyasi, iqtisadi və digər sahələrdə əlaqələri iki dost ölkənin əvvəldən mövcud olan yaxşı münasibətlərinin bundan sonra genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə əminik. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev də ölkələrimiz arasındakı münasibətlərin sıx dostluq, qarşılıqlı hörmət telləri ilə bağlı olduğunu, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, son illər yüksək səviyyədə siyasi dialoq nəticəsində qarşılıqlı olaraq hər iki ölkə üçün böyük əhəmiyyəti olduğunu ifadə edib.Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin yaranmasının 30 ili ərzində bir çox istiqamətlərdə, xüsusən neft-qaz sahəsində səmərəli əməkdaşlıq hər iki ölkəyə böyük fayda gətirmişdir. Elə buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında qeyd etmişdir ki, “Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu memoranduma əsasən növbəti bir neçə ildə biz Avropaya qaz ixracımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var”.Cənab Prezident daha sonra təbii qazın Yunanıstan vasitəsi ilə Bolqarıstana nəql edilməsini Avropanın enerji xəritəsinin dəyişdirməklə digər region ölkələri ilə iqtisadi əməkdaşlığın inkişafını sürətləndirəcəyini, TAP-ın inkişafında mühüm bir mərhələnin başlanacağını və Cənub Qaz Dəhlizinin şaxələnməsinə gətirib çıxaracağını vurğulamışdır.Azərbaycanla Bolqarıstan arasında iqtisadi əlaqələr təkcə enerji sahəsi ilə bitmir. Ölkələrimiz arasında informasiya texnologiyaları, süni intellekt, “yaşıl enerji”, maşınqayırma, qida, əczaçılıq, kənd təsərrüfatı və bu sahənin inkişafı üçün lazım olan kimyəvi preparatların istehsalı üzrə birgə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Hər bir ölkənin inkişafında nəqliyyat infrastrukturunun geniş şəbəkəyə malik olması mühüm rol oynayır. Bu nöqteyi nəzərdən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi həm Azərbaycan, həm də Bolqarıstan üçün böyük fayda vermişdir. Bu xətt istifadəyə veriləndən sonra Avropa İttifaqı və Mərkəzi Asiya regionlarının bazarlarına hər iki ölkənin çıxışı təmin olunmuşdur. Statistika göstərir ki, təkcə 2022-ci ilin I yarımilliyində Azərbaycan üzərindən ötürülən tranzit yüklərin həcmi 30% artmışdır. Dost ölkə kimi Azərbaycan və Bolqarıstan 1988-ci ildən TRASECA layihəsinə qoşulmuş, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx əlaqələr qurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 1-də Yunanıstan- Bolqarıstan Qaz interkonnektorunun (İGB) açılışı mərasimi çərçivəsində Yunanıstan Respublikasının Baş Naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş Naziri Nikolae-Yonel Çuke ilə görüşləri bu ölkələrlə də strateji əməkdaşlıq və enerji layihələri istiqamətində əlaqələrin daha da inkişaf etdirilməsi baxımından çox əlamətdar olmuşdur. Bolqarıstan səfəri də ölkə Prezidentinin böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edən son səfərləri kimi zəngin palitraya malik, ölkəmizin milli maraqlarına xidmət edən bir səfər olmuşdur.

Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər