Cənab Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə dördtərəfli görüşü zamanı önəmli məsələlər müzakirə olunub. Görüşlərin əsas məqsədi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması olub. Artıq sülhə yavaş-yavaş yaxınlaşırıq. Verdiyi hər bir sözünün sahibi olan, xalqına verdiyi bütün vədləri layiqincə yerinə yetirən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü məsələsində bir addım da olsun geri çəkilmədi. Güclü diplomat və mahir sərkərdə kimi ölkəmizin ərazi bötövlüyünü əsl Vətən oğlu kimi qorudu, bütün cəbhələrdən qalib əsgər kimi çıxdı.Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarda şəxsən özünün müəllifi olduğu reallıqlardan çıxış edərək ölkəmizin maraqlarını ləyaqətlə qoruyur. Bütün danışıqların nəticələrinə nəzər yetirsək, görərik ki, Azərbaycan Prezidentinin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində diplomatik uğurlarımız biri-birinin ardınca gəlir. Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir.Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi siyasi fəaliyyətin parlaq qələbəsidir. Bəllidir ki, ölkəmizin heç bir qonşu dövlətin ərazisində gözü olmayıb, hər zaman mehriban qonşuluq prinsiplərindən çıxış edib, regionda sülh və sabitlik tərəfdarı olub. Bu, Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm tərəfini təşkil edib. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözləri mövcud vəziyyəti çox gözəl ifadə edir. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Məhz Prezident İlham Əliyevin dəmir iradəsi, qətiyyəti və prinsipiallığı reallığı dünya ictimaiyyətində qəbul etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəfdir.Görüşdə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Praqada, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında da qeyri-formal görüş keçirilib. Müzakirələrə Macarıstanın Baş naziri Viktor Orban, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron da qoşulub. Azərbaycan çalışırdı ki, ərazi bütövlüyünün təmin olunmasına nail olsun və Ermənistan da bununla razılaşsın. Sənəddə qeyd olunur ki, adları çəkilən dövlətlər gücdən istifadə və güc təhdidi, iqtisadi və hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcək. Biz deyə bilərik ki, Ermənistan
Azərbaycanın ərazi bütövlüyünü tam tanıdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 il gərgin əmək sərf etdiyi sənədin təsdiqinə nail olub. Sənəddə BMT Nizamnaməsi asas götürülüb. Burada ən önəmli məsələlərdən biri də odur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib. Görüşdən sonra verilən bəyanatda göstərilir ki, tərəflər BMT nizamnaməsinə uyğun olaraq bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini
tanıyırlar. Eyni zamanda, 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsinə sadiqliklərini nümayiş etdirirlər. Bu da Ermənistanla yanaşı, Avropa liderlərinin də Azərbaycanın ərazi bütövlüyünü tanımaları deməkdir. Bu isə çox vacib bir məqamdır və hesab edirəm ki, Prezident İlham Əliyevin apardığı siyasətin diplomatik qələbəsidir. Eyni zamanda, sülh müqaviləsinin imzalanmasına yönəlmiş növbəti addımdır.
Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini