6 oktyabr 2022-ci il tarixdə Çex Respublikasının paytaxtı Praqada “Avropa siyasi birliyi”nin zirvə toplantısının plenar iclası keçirildi. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə etdilər. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Toplantı da iştirak etdi. Toplantı ölkəmizin diplomatik tarixində də özünəməxsus yer tutdu. Belə ki, zirvə çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransa prezidenti Emmanuel Makron, Aİ şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli görüş keçirdi. Görüşlər təxminən beş saatdan artıq çəkdi. Və təmaslar nəticəsində bir sıra mühüm razılaşmalar əldə edildi. Görüşlərin nəticəsi olaraq dördtərəfli Birgə Bəyanat qəbul edildi. Bəyanatda, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirdi və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını ortaya qoydu. Bəyanatda suverenlik prinsipinin qeyd olunması kifayət qədər diqqət çəkən məqam idi. Bununla Ermənistan Qarabağ üzərində Azərbaycan hakimiyyətini tanımış oldu. Bildiyimiz kimi, Azərbaycan heç zaman Ermənistanın ərazi bütövlüyünə qarşı dövlət səviyyəsində nə bir iddia irəli sürüb, nə də ümumiyyətlə Ermənistanın ərazi bütövlüyünü tanımadığına dəlalət edən hər hansı qətnamənin müəllifi olub. Bu baxımdan beynəlxalq birliyə və BMT də daxil olmaqla bir çox qurumlara Azərbaycanın bu mövqeyi heç də yenilik deyildi. Ermənistan isə daim bu məsələdə konstruktivlikdən uzaq, sülhü və birgəyaşayışı təhdid edəcək mövqe nümayiş etdirirdi. Belə ki, Ermənistanın Azərbaycanın əraziləri ilə bağlı apardığı manipuliyasiya, özəlliklə Qarabağdakı ermənilər üzərindən Azərbaycanı ittiham etməsi ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alma cəhdi idi. Bu baxımdan imzalanan Praqa bəyanatının mühüm əhəmiyət kəsb etdiyi və sülh yolunda atılan ciddi bir addım olduğu aşkar reallıqdır.Qeyd etdiyimiz kimi, Bəyanat Azərbaycanın diplomatiya tarixində də əhəmiyyətli bir yer tutacaqdır. Çünki, sözügedən Bəyanat cənab Prezident İlham Əliyevin növbəti diplomatik qələbələrindən biridir. Bir çox siyasi şərhçilər Praqa danışıqlarına Brüssel formatının davamı kimi yanaşmaqdadır. Bu məqamda bir nüansı da qeyd etmək yerinə düşərdi ki, bu günə qədər iki ölkə lideri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə görüşmüşdür ki, bu görüşlərin hər biri çox mühüm irəliləyişlərin əldə olunması ilə səciyyəvi olmuşdur. Beləliklə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsləri iki ölkə arasında sülh müqaviləsinə gedən yolda kifayət qədər əhəmiyyətli rol oynamışdır. Bu səbəbdəndir ki, ölkə başçımız da Praqa səfəri çərçivəsində yerli mətbuata müsahibəsində cənab Şarl Mişelin fəaliyyətini yüksək qiymətləndirdi. Cənab İlham Əliyevin Praqa səfəri çərçivəsində çox sıx qrafikinin olmasına baxmayaraq, Azərbaycan televiziya kanallarına müsahibə verməsi və xarici və daxili auditoriyanı məlumatlandırması həqiqətən olduqca vacib idi. Dövlət rəhbərimizin müsahibəsi ölkəmizin beynəlxalq aləmdə artan rolunu, BMT və dünya birliyi tərəfindən tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etməsini, Qarabağ məsələsinin gündəmdən çıxmasını, dünya birliyinin bu məsələnin Azərbaycanın daxili işi olmasını qəbul etdiyini özündə ehtiva etdi. Müsahibənin ən vacib anlarından biri, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana biləcəyinin vurğulanması idi.Beləliklə, Avropa siyasi ictimaiyyətinin bir araya gəldiyi bir platformada 4 tərəfli formatda keçirilən belə bir görüşdə Azərbaycanın 30 il ərzində çalışdığı və diplomatik və hərbi qələbəmizlə başa çatan reallıq yenidən təcəssüm edildi. Bu isə onu göstərir ki, Ali Baş Komandanımız diplomatik müstəvidə uğurlar əldə etməyə davam edir. Prezident İlham Əliyevin mahir diplomat kimi beş saatdan çox çəkən danışıqlar prosesində bütün təzyiqləri dəf edərək Azərbaycanın prinsipial mövqeyini qətiyyətli şəkildə müdafiə edərək əldə etdiyi bu nəticə diplomatiya tarixinə qızıl hərflərlə yazılmağa haqq qazanmışdır.
Sevda Alxasova
Pirallahı rayon, 168 №li tam orta məktəbin müəlliməsi