PDF Oxu

Siyasət

  • 2 182

Hər gün yazılan yeni Tarix! - ELDAR İBRAHİMOV YAZIR

image

Güclü, Qalib Azərbaycan dövləti Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hər gün, hər həftə, hər ay yeni Tarix yazır.44 günlük İkinci Vətən Müharibəsi, tarixi Qələbə və Zəfərimizdən sonra yeni-yeni Qələbələrə, Zəfərlərə, uğurlara, nailiyyətlərə imza atılır.Yağı, murdar düşmən tapdağından azad olunmuş torpaqlarımız, ərazilərimiz yenidən dirçəldilir, Qarabağımız yenidən qurulur, yenidən canlandırılır.Qarabağımıza yeni can, yeni nəfəs verilir.Hətta qısa müddət ərzində işğaldan azad olunmuş bölgələrimiz, ərazilərimiz önəmli, əhəmiyyətli, tarixi hadisələrə şahidlik və ev sahibliyi edir.Qeyd edək ki, belə bir tarixi hadisələrdən, tədbirlərdən biri də işğaldan azad olunmuş Ağdam rayonunda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu oldu.Forum BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə baş tutdu.Forum ərəfəsində Ağdam rayonuna növbəti dəfə səfər və bir sıra tarixi təməlatmalarda iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Forumun işinə də qatıldılar.Onu da qeyd edək ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq.Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.Xatırladaq ki, bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.Ölkə Prezidenti hər zaman olduğu kimi, bu dəfə də dediyi sözün üstündə dayandı və Ağdamda sözügedən Forum baş tutmasına “yaşıl işıq” yandırdı.Forumda tarixi çıxışında və nitqində ölkə Prezidenti bir daha önəmli mesajlar verdi, xəbərdarlıqlar etdi.Xüsusilə, 44 günlük tarixi İkinci Vətən Müharibəsi ilə, “Dəmir Yumruq”la qarşısında diz çökdürdüyü Ermənistana və onun havadarlarına növbəti mesajlarını, xəbərdarlıqlarını çatdırdı.“…Hazırda biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Əfsuslar olsun ki, bu rəqəm hər həftə artır. Təkcə keçən həftə 2 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Lap bu yaxınlarda biz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirmişik”-deyə, bəyan edən Ali Baş Komandan bildirdi ki, Azərbaycana qarşı təcavüz, Azərbaycana qarşı terror davam edir.Çıxışında “ölü can” olan ATƏT-in Minsk qrupunun fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə toxunan Azərbaycan Prezidenti vurğuladı ki, ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, təbii ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar.Onlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar. Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib.Dövlət başçımız onu da bəyan etdi ki, sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var.Çünki bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib.Ümid edirik ki, bu, çox vaxt aparmayacaq.Sonra “Biz bilirik ki, ermənilər 28 ildir Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmaq kimi razılığa gəlmək istəmədikdə adətən hansı taktikalardan istifadə edirlər. Belə davam edərsə, biz də sülh əldə edə bilməyəcəyik. Əgər bu, Ermənistanın seçimidirsə, bu, o deməkdir ki, onlar növbəti ciddi səhvə yol verəcəklər. Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və bunun əvəzini ödəməli oldular. İki il bundan əvvəl baş verən müharibə Azərbaycan ərazisində aparılıb. Bu, bir daha bizim mövqeyimizi sübut edir və göstərir ki, bütün bunlara, bir milyondan çox vətəndaşımızın çəkdiyi zülmlərə baxmayaraq, biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik”-deyən Ali Baş Komandan eyni zamanda, qeyd etdi ki, müvəffəq olub-olmayacağıq, görəcəyik, amma ən azından biz bu istiqamətdə irəliləyirik.Həmçinin, Praqada Azərbaycan televiziya kanallarına müsahibəsinə ölkə rəhbəri bir daha bəyan etdi ki, hələ də bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb.Biz isə haqlı olaraq, bunu tələb edirik.Düzdür, onların bir qismi çıxarılıb, amma hələ də onlar torpağımızda mövcuddur və ümid edirik ki, buna da son qoyulacaq.Ali Baş Komandanın bəyan etdiyi kimi, çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır!Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra.Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir.Müsahibəsində “Qarabağda yaşayan ermənilər, – mən bunu dünən Ağdamda demişəm, – bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”-deyən Azərbaycan Prezidenti növbəti dəfə və açıq şəkildə bildirdi ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər.“Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik”-deyərək, dövlət başçımız vurğuladı ki, sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır və buna da tez nail olmaq mümkündür.Bəli, biz növbəti dəfə sözümüzü dedik, növbəti dəfə mesajımızı verdik, növbəti dəfə seçimimizi etdik.İndi isə seçim və düzgün qərar qarşı tərəfindir.Ağılları olsa, tez və düzgün seçim edərlər.Amma bütün hallarda, biz sülh müqaviləsinə, onun imzalanmasına nail olacağıq.Necə ki, 30 illik münaqişəni 44 günə Qələbə ilə bitirdik, sülhü də bu bölgəyə biz gətirəcəyik, sülhü də biz bərqərar edəcəyik!

Başqa söz ola bilməz!

Eldar İbrahimov
Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Digər xəbərlər