Qırğızıstan enerji böhranından əvvəl Özbəkistanla sərhəd məsələlərini həll etməyə tələsir
Qırğızıstan hakimiyyəti əvvəllər verdikləri vədləri yerinə yetirməyə, qonşu ölkələrlə - Özbəkistan və Tacikistanla sərhəd məsələlərini tezliklə həll etməyə tələsir. Bu, ölkə sakinləri arasında növbəti narazılıq dalğasına səbəb olub. Onlar Kempir-Abad (Əndican) su anbarının Özbəkistana verilməsindən hiddətlənir və icazəsiz mitinqlərdə bütün mümkün vasitələrlə torpaqlarını qoruyacaqlarına söz verir, hakimiyyətin kürsüdən salınmasını tələb edirlər. Prezident Sadır Japarov Daşkəndlə imzalanmış müqavilənin pozulacağı təqdirdə üsyançıları sərt şəkildə cəzalandıracağını vəd edib. Eyni zamanda Düşənbədə sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı Qırğızıstan-Tacikistan danışıqları başlayıb. Avropa İttifaqı da bu problemin həllində vasitəçilik xidmətlərini təklif edib.Sadır Japarov “Kabar” dövlət xəbər agentliyinə müsahibəsində deyib ki, mübahisəli ərazilərin 99%-i Qırğızıstanın xeyrinə həll olunub. Onun sözlərinə görə, çox iş görülüb: “İnanıram ki, xalq hər şeyi öz gözləri ilə görəndə bizi alqışlayacaq”.Lakin su anbarının Özbəkistana verilməsindən xəbər tutan xalq etiraza çıxıb, Daşkəndlə ərazilərin mübadiləsinə dair müqavilənin imzalanmasını dayandırmağı tələb edib, baxmayaraq ki, şərtlər Qırğızıstan üçün kifayət qədər məqbul görünür. Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçibek Taşiyevin sözlərinə görə, sazişin şərtlərinə əsasən, Qırğızıstan təxminən 20 min hektar mübahisəli torpaq, Özbəkistan isə 4485 hektar sahəsi olan Kempir-Abad (Əndican) su anbarından su alacaq. Onun sözlərinə görə, “Qırğızıstan Özbəkistana bir metr də olsun torpaq verməyib, hətta torpaqlarını genişləndirib”.“Əvvəllər Kempir-Abad bəndinə yalnız Özbəkistan vətəndaşlarının çıxışı var idi. İndi su anbarı dörd nəfər Qırğızıstandan, dörd nəfər Özbəkistandan olmaqla birgə idarə olunacaq. 70 il ərzində Özbəkistan sudan istifadə ilə bağlı öz qərarını verib. İndi Qırğızıstan vətəndaşları sudan pulsuz istifadə edə biləcəklər, torpağı sulayacaq, balıq yetişdirəcək, mal-qaranın sudan istifadəsi üçün imkanlar qazanacaq, hətta su xətti çəkə biləcəklər. Özbəkistan mühəndis konstruksiyalarını quraşdıra bilməyəcək”, - deyə Taşiyev vurğulayıb. Eyni zamanda baş mühafizə zabiti müqavilənin məzmununu təkcə ictimaiyyətdən və jurnalistlərdən deyil, hətta parlament deputatlarından da məxfiləşdirib. Xüsusi komitənin iclası dövlət başçısının tapşırığına uyğun olaraq bağlı qapılar arxasında keçirilib. Məlumat sızmasın deyə, xalq deputatlarına iclas otağına hətta telefon aparmağa icazə verilməyib. MTN rəhbəri bildirib ki, hakimiyyət Özbəkistanla sərhədlər haqqında sazişin tam məlumatını və məzmununu yalnız sənəd iki ölkə prezidentləri tərəfindən imzalandıqdan və parlamentlərdə ratifikasiya edildikdən sonra açıqlayacaq.Əgər Taşiyevin elan etdiyi şərtlər Qırğızıstan üçün ən yaxşısıdırsa, niyə razılaşma göstərilməsin? Deputatlar, Qırğızıstan ictimaiyyəti və sərhəd kəndlərinin sakinləri niyə qəzəblənirlər? Cənubda və Bişkekdə insanlar sazişə yenidən baxılmasını və hökumətin istefaya göndərilməsini tələb etmək üçün mitinqlər keçirirlər. Cəmiyyətin müqavimətini görən prezident Sadır Japarov qiyamçıları sərt şəkildə cəzalandıracağına söz verib.
“Butun Qırğızıstan” fraksiyasının lideri Adaxan Madumarov Milli Təhlükəsizlik Komitəsinin rəhbərini xalq deputatlarını qorxutmamağa çağırıb. “Burada siz öz çıxışlarınız ilə Özbəkistanla müqavilələri pozanları cəzalandıracağınızı deyirsiniz. Məni cəzalandır. Televiziyaya dəvət et, məni vur. Onda mənim külümü Kempir-Abadın üstünə səp” deyib müqaviləni imzalamamağı tələb edib.Müxalif siyasətçi Ravşan Jeenbekov hesab edir ki, hakimiyyət informasiyanı öz maraqları naminə manipulyasiya edir. “Fakt budur ki, ərazinin suya dəyişdirilməsi ekvivalentdən uzaqdır. Su həyatdır. Bundan əlavə, qeyd etmək lazımdır ki, Kempir-Abad su anbarı mübahisəli deyildi. Bütün sənədlərə görə, ötən əsrin 60-cı illərindən başlayaraq su anbarı Qırğızıstanın mülkiyyətində olub. Ona görə də insanlar hakimiyyətin mübahisəli ərazilər müqabilində mübahisəsiz əraziləri qonşularına verməsindən narazıdırlar. Obrazlı desək, belə çıxır ki, Qırğızıstan 20 ton dəmiri 5 ton qızıla dəyişir. Hər şeydən əvvəl, ərazilərin mübadiləsini bir şəxs - hətta prezident deyil, Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri bağlı qapılar arxasında həll edir", deyə qırğız siyasətçisi bildirib.Onun sözlərinə görə, müxalifət su anbarının Qırğızıstanla Özbəkistan arasında mübahisə predmeti olmadığı üçün imzalanmanı təxirə salmağı və danışıqları davam etdirməyi təklif edir. “Əgər Qırğızıstan hökuməti su anbarını Özbəkistana vermək istəyirsə, o zaman açıq şəkildə edilməlidir, məsələn, ümumxalq səsverməsi keçirilməlidir, burada yeganə məsələ ərazilərin dəyişdirilməsidir: 20 min hektar torpağı 5 min hektarı əhatə edən Su anbarına”, - Jeenbekov hesab edir.Onun fikrincə, hakimiyyət əlavə xallar əldə etmək üçün sərhədin delimitasiyası və demarkasiyası prosesini tez bir zamanda başa çatdırmağa tələsir. Ölkədə vəziyyət ağırdır, enerji böhranı qapıdadır. Artıq kortəbii mitinqlərdə prezidentin və hökumətin istefası tələbləri səslənir. Müqavilənin imzalanması isə vəziyyəti daha da gərginləşdirəcək. “Bu gün Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçibek Taşiyev milli təhlükəsizliyə təhdid halına gəlib. Onun xarakteri, davranışı münaqişələrin katalizatoruna çevrilir. Bunu açıq şəkildə bildirdik və prezidentdən onun işdən çıxarılmasını xahiş etdik. Amma təəssüf ki, Japarov onu dəstəkləyir”, – siyasətçi bildirib.Etno-Milli Strategiyalar Agentliyinin direktoru Aleksandr Kobrinski diqqəti ona yönəldib ki, xalq sövdələşmə barədə yalnız prezidentlər tərəfindən sərhəd müqaviləsi imzalandıqdan və parlamentlər tərəfindən ratifikasiya edildikdən sonra məlumatlandırılacaq. “Bu, Qırğızıstanda yeni təcrübədir. Qırğızıstan elitası bu məsələlərin təcili həllinə görə mükafatlandırılmış kimi görünür və vəziyyəti kökündən yaxşılaşdırmaq mümkün olmadığını gözləyərək, alınan bonusları nəzərə alaraq qaçış yollarını hazırlayırlar. Sual olunur, bonusları kimdən alıblar? Qonşular o qədər də zəngin deyillər ki, “bulka” paylasınlar. Amma Qərbdə pul var. İndiki vəziyyətdə xaricdəki dostlar təcili olaraq Rusiyanın perimetri ətrafında münaqişələri alovlandırmalıdırlar ki, Moskvanın diqqətini, həm dügücünü Ukraynadan yayındırsınlar”, - Kobrinski bildirib.Onun fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bilavasitə diqqətində olan Ermənistan-Azərbaycan sərhədində toqquşmaların yenidən baş verməsi ehtimalı var. Amma orada alınmasa, ən zəif nöqtələr - Tacikistan və Özbəkistanla sərhəd olan Qırğızıstan hədəf seçiləcək. Həmin qüvvələr Orta Asiyada qarşıdurmaları, hərbi toqquşmaları yenidən alovlandırmağa çalışacaqlar.
V.VƏLİYEV