PDF Oxu

Siyasət

  • 3 999

"Zəfərə gedən yolun başlanğıcı - 2003-cü il" DƏYİRMİ MASA

"Zəfərə gedən yolun başlanğıcı - 2003-cü il" DƏYİRMİ MASA

(əvvəli ötən sayımızda)

"Səs" qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində Prezident seçilməsinin ildönümü ilə bağlı dəyirmi masa keçirildi
"Səs" qəzetinin redaksiyasında Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində Prezident seçilməsinin ildönümü ilə bağlı "Zəfərə gedən yolun başlanğıcı - 2003-cü il" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov, YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin üzvü Fərid Mustafayev iştirak edirdilər. Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev qeyd etdi ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, ictimai-siyasi əhəmiyyət kəsb edən mövzular çərçivəsində hər zaman dəyirmi masalar təşkil edib. Növbəti dəyirmi masa Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 19-cu ildönümünə həsr olunub: "XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Cənab İlham Əliyev ötən 19 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk günlərdən başlayaraq, nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verir".

BİRLİYİN KÖKÜNDƏ DAYANAN ƏSAS AMİL XALQIN PREZİDENT İLHAM ƏLİYEVƏ OLAN İNAMI, ETİMADI VƏ ETİBARIDIR

VÜSAR İSMAYILOV:

- Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. Artıq Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-i 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il ötür. Dövlət başçısının dərindən düşünülmüş daxili islahatları və ölçülüb-biçilmiş xarici siyasəti sayəsində hazırda Azərbaycan dinamik inkişaf edən ölkədir. Sabitlik, təhlükəsizlik və inkişaf 19 illik tariximizi xarakterizə edən əsas amillərdir. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır. Bu gün, tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmişdir. Azərbaycanda təhsilin keyfiyyətinin artırılması, həmçinin, bu yöndə müxtəlif dövlət və beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi birbaşa cəmiyyətimizin elmi səviyyəsinin və təfəkkürünün inkişafına xidmət edir. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində, ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Qəbul olunmuş dövlət proqramları, layihələr, aparılan islahatlar təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsində mühüm rol oynayıb. Yeni təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri, müasir avadanlıqla təminatı uğurla reallaşıb. Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin. Göründüyü kimi, zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib.
Azərbaycan 44 günlük Vətən müharibəsində hərb tarixində yeni səhifə olan müharibədə qalib dövlət oldu. Azərbaycan xalqının həmrəyliyi, xalq-iqtidar birliyi uğurları şərtləndirən amil olduğundan ölkəmizi daha da böyük nailiyyətlər gözləyir. Əlbəttə ki, bu uğurların, dövlətçilimizin möhkəmlənməsində Yeni Azərbaycan Partiyasının rolu müstəsnadır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirib, dövlətçiliyini inkişaf etdirib, demokratik dəyərlərə yiyələnib və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaradıb.
30 ilə yaxın dövr ərizində erməni işğalı altında olan torpaqlarımız azad olunandan sonra həmin ərazilər bu gün yenidən qurulur və böyük canlanma müşahidə olunmaqdadır. Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edəcək və bunun üçün artıq dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırılır.

HƏYATA KEÇİRİLƏN UĞURLU SİYASƏT VƏ İDARƏÇİLİK DÖVLƏTİMİZİN QÜDRƏTİNİN ARTMASINA VƏ XALQIMIZIN RİFAHININ YÜKSƏLMƏSİNƏ XİDMƏT EDİR

ELNUR SADIQOV:

- Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi 4,9 faizə enmişdir. Halbuki, bu rəqəm 2004-cü ildə 40,2 faiz təşkil edirdi. Prezident İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsinə şərait yaratmışdır. Həyata keçirilən uğurlu siyasət və idarəçilik təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, müstəqiliyimizin möhkəmləndirilməsinə, dövlətimizin qüdrətinin artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Vaxtında həyata keçirilən məqsədyönlü islahatlar və icra olunan layihələr Azərbaycanı regionda hər bir sahədə iqtisadi və siyasi mərkəzin inkişafına çevirmişdir. Dövlət başçısının rəhbərliyi ilə qəbul edilmiş dövlət proqramlarının və "Strateji yol xəritələri"nin dəqiqliklə icra olunması inkişafı sürətləndirməklə yanaşı, onun əhatə dairəsini də genişləndirmişdir. Bütün bu inkişaflar Prezident İlham Əliyevin düzgün şəkildə yürütdüyü daxili və xarici siyasətin nəticəsidir.
Respublikanın qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq regionların balanslı və davamlı inkişafı sürətlənmiş, bu da eyni zamanda əhalinin sosial-rifahının yaxşılaşmasına şərait yaratmışdır. Ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisasdi və siyasi islahatlar Azərbaycanın iqtisadi rəqabət qabiliyyətini və dayanıqlığını artırmışdır. Xüsusilə, İlham Əliyevin 2016-cı il mart ayının 16-da imzaladığı Sərəncam ölkədə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsinə və sistemli xarakter almasına xidmət edir. Hal-hazırda dünyada baş verən hərbi, siyasi və maliyyə böhranının sürətlə dərinləşməsinə baxmayaraq ölkədə iqtisadi inkişafı qoruyub saxlamaq, təbii ki, böyük nailiyyətdən xəbər verir.
Son dövrdərdə Azərbaycanda yerli istehsala üstünlük verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması yönündə və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar aparılır.
Davos İqtisadi Dünya Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə Azərbaycanı 40-cı yerə, MDB məkanında isə birinci yerə layiq görmüşdür. Əlbəttə ki, qeyri-neft sektoru iqtisadi inkişafı¬mızda əsas yer tutur. Azərbaycan iqtisadiyyatının çox şaxəli inkişafına baxmayaraq qeyri-neft sekto¬ru daxili məhsulun təxminən 70-faizini təşkil etməkdədir. Cənab İlham Əliyev prezident olduğu vaxtdan – bir neçə xarici ölkələrlə iqtisadi, sənaye, neft-qaz və investisiya layihələri hazırlanmış və imzalanmışdır. Möhtərəm İlham Əliyevin prezidentliyi dövründə iqtisadiyyatın inkişası üçün bir çox mühüm addımlar atılmış, Azərbaycan neftinin dünya bazarına, o cümlədən Avropa bazarına çıxarılmasına imkan verilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi bir sıra qlobal layihələr başa çatdırılmışdır. Bildiyimiz kimi 2006-cı ildən artıq Bakı-Tbilisi-Ceyhan boru xətti istismara verilmişdir.
Beləliklə, 2003-2022-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb. Lakin milli iqtisadiyyatını formalaşdırmaqda olan Azərbaycan Respublikası müstəqil dövlət olaraq iqtisadi dayaqlarını daha da möhkəmləndirməli, yeni dövrün çağırışlarını özünün sosial-iqtisadi həyatında daha çevik nəzərə almalıdır.

AZƏRBAYCAN GƏNCİ PREZİDENT İLHAM ƏLİYEVİN UĞURLU DAXİLİ VƏ XARİCİ SİYASƏTİNİ DƏSTƏKLƏYİR

FƏRİD MUSTAFAYEV:

- Mən fikrimi Ulu Öndər Heydər Əliyevin sözləri ilə başlamaq istərdim: "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir". Bu gün gənc nəslin düzgün inkişafı ölkə siyasətində önəmli yer tutur. Ulu Öndər Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmışdır. Ölkəmizdə gənclər siyasəti yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarının formalaşması bu sahəyə böyük diqqətin nəticəsidir. Vətən müharibəsi zamanı döyüş meydanında düşmənin hər cür təxribatına inamla cavab verən Azərbaycan əsgərinin, zabitlərinin əksəriyyəti son 19 ildə böyüyən gənclərimiz təşkil edir.
Gənclər və İdman Nazirliyi yaradılması, məhz Ulu Öndərin gənclərə olan münasibətinin tərənnümüdür. O, illərdə ölkəmiz böhrandan təzə-təzə çıxırdı. Azərbaycanda iqtisadi vəziyyət çox ağır idi. Məhz həmin vaxt ölkəmizdə islahatlara start verildi. Ulu Öndərin qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Daha sonra da müvafiq qərarlar qəbul edildi, dövlət gənclər siyasəti haqqında Fərman imzalandı. Sonrakı dövrdə belə ki, 2003-cü ildən bu günə qədər dörd Dövlət Proqramı qəbul edilmiş, bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi, onlarla Olimpiya İdman Mərkəzi yaradılmışdır. Çox böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, Azərbaycan gəncləri bu gün müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycanın hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Ölkəmizin gəncləri müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər və ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.
Bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin Lideri olan Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün hər kəs yumruğunu bir hədəfə vurmalıdır. Bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Sözlərimi Cənab Prezident İlham Əliyevin fikirləri ilə yekunlaşdırıram: "Mənim gənclərə xüsusi münasibətim var, Mənim ürəyim sizinlədir. Siz bütün işlərdə Mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram."

MUSA QULİYEV:

- Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edən lider partiyadır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin, şərəfli yol keçib. Müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında böyük nüfuz sahibidir. Sözsüz ki, partiyanın yüksək nüfuzu bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sədri olduğu YAP bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur. YAP-ın VII Qurultayda qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı.Yeni islahatlar və dəyişikliklər çərçivəsində partiyanın idarə olunmasında, partiya fəaliyyətinin tənzimlənməsində müvafiq addımların atılması zərurəti yaranmışdı. Bütün bu məsələlər YAP-ın VII Qurultayında təsdiq edilən yeni nizamnamədə öz əksini tapmış oldu. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi və yeni Nizamnaməsi təsdiq olundu. YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası yaradıldı. Yeni idarəetmə modelini özündə ehtiva edən YAP-ın VII Qurultayında qəbul olunmuş qərarları milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

YENİ REALLIQ SİYASİ İSLAHATLARIN DƏRİNLƏŞMƏSİ ÜÇÜN ZƏMİN YARATDI

ŞAHLAR ƏSGƏROV:

- Yeni Azərbaycan Partiyası ölkənin həyatında müstəsna rol oynayan, Ulu Öndər Heydər Əliyevin ideyalarından güc alan siyasi partiya olaraq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, cəmiyyətin ümumi mənafelərinin təmin edilməsində mühüm rol oynayıb. YAP Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrildi. Xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Bu gün artıq YAP-ın yaranma tarixindən 30 il ötür. Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Sözlə əməl birliyi, partiya üzvlərinin Ulu Öndər Heydər Əliyev ideyalarına və Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ölkədə keçirilən bütün seçki kampaniyalarında fəal iştirak edərək, qalib olmuşdur. YAP-ın VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisəyə çevrildi və bu partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bu gün baş verənlər öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Qurultaydakı geniş məzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürərək proqram xarakterli nitqində YAP üzvləri qarşısında yeni vəzifələri də müəyyənləşdirmiş oldu. Partiya bu vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirir. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmış oldu. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

YAP BÜTÜN FƏALİYYƏT PRİNSİPLƏRİNİ DÖVLƏTƏ VƏ XALQA XİDMƏT ÜZƏRİNDƏ QURUB

ARİF RƏHİMZADƏ:

- YAP müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin olan yol keçib. O vaxtkı iqtidarın səriştəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər elə bir vəziyyət yaratmışdır ki, hətta Azərbaycana dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə idi. Həmin vaxtlar YAP-ın yaranması tarixi zərurət idi. YAP-ın yaranması ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni keyfiyyət gətirdi. YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi və bu gün də bu inkişaf göz önündədir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. 2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını ödəyə bilmirdilər. Bu gün hər bir sahədə uğurlar qazanılıb və Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu uğurların əldə edilməsində YAP-ın rolu danılmazdır.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP böyük inkişaf yolu keçib. İnkişaf və tərəqqi yolunu tutaraq, bütün fəaliyyət prinsiplərini dövlətə və xalqa xidmət üzərində quran YAP ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər