Azərbaycan xalqının iradəsini ifadə edən, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.Oktyabrın 15-i Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il ötür. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, Mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu inam Ulu Öndərin siyasi varisi Cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Bəli, bu gün xalqın taleyüklü məsələri dövlət başçımız tərəfindən həllini tapır.2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam".Həqiqətən də, belə oldu: Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən on yeddi il, aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmiş və sosial problemləri həll etmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.“Seçkilərdən əvvəl dediyim və artıq məşhur olan “mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” kəlamı sadəcə şüar, yaxud da ki, təbliğat naminə deyilən söz deyildir. Bu, mənim əqidəmdir, həyat prinsipimdir və mənim tabeliyimdə işləyənlərdən, yerlərdəki nümayəndələrimdən də tələbim budur: bu prinsiplərlə yaşamaq, insanların qayğıları ilə yaşamaq”.Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində abadlaşan bölgələrimiz, inkişaf edən ölkəmiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı və digər şəhərlərimiz Azərbaycanın dinamik inkişafının göstəriciləridir.“Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləridir”.Tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.“Azərbaycanda həm iqtisadi, həm siyasi sahədə aparılan islahatlar, qazanılan uğurlar bizdə nikbinlik hissi oyadır. Eyni zamanda, Azərbaycanda siyasi proseslər də çox müsbət istiqamətdə gedir. İctimai-siyasi proseslər demək olar ki, iqtisadi və siyasi islahatların nəticəsidir. Belə olan halda, Azərbaycanda istənilən məsələ həll edilə bilər və siyasi iradəmiz, proqramlarımız bizi bütün bu işlərə yaxınlaşdırır”.Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləyib. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.“Azərbaycan öz xarici siyasətini xalqımızın milli maraqlarına uyğun şəkildə həyata keçirir və bu xarici siyasət uğurludur. Bizim bütün qonşularla çox səmərəli, qarşılıqlı surətdə faydalı əlaqələrimiz var. Beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzu və rolu artır”.Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmayıb. Ölkə başçısı İlham Əliyev cənabları çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir.“İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var”.Bəli, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi.“...biz gələcəyə baxmalıyıq, müasir ölkəyə çevrilməliyik. Həm infrastruktur baxımından, həm dünyagörüşü baxımından, həm təhsil baxımından - bütün parametr baxımından biz müasir dövlət olmalıyıq ki, dünyada və bölgədə öz yerimizi daha da möhkəmləndirək”.İlham Əliyev cənabları, prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atdı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması önə çəkdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.“Müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun”.Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Bununla da, Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi.“Biz 1994-cü ildə xarici şirkətlərlə "Əsrin müqaviləsi"ni imzaladıq və bu müqavilədə bir vergül belə dəyişdirilməyibdir. Hesab edirik ki, etimadı illərlə qazanmaq lazımdır, onu səhv bir addımla itirmək olar”.Bütün yollar Qarabağın azadlığına aparır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı.
“Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır”.
Ali Hərbi Baş Komandan İlham Əliyev cənabları 27 iyun 2005 – ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə nitqində belə demişdir:“Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir”.Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.“Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır.”2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 19 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.“Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”44 gün davam edən Vətən müharibəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
“İyirmi birinci əsr türk əsri olacaq”.
Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir, yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında;“Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”...deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı.“Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır”.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev. Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası məqsədilə 7 iyul 2021-ci il tarixində imzalanmış Fərman Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsünü müəyyən etdi və bununla da regionun yeni iqtisadi və siyasi reallığı rəsmiləşdirildi. Fərmana əsasən ölkəmizdə yaradılmış 14 yeni iqtisadi rayon sistemli islahatların davamı olaraq dayanıqlı inkişafı təmin edir. Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.
“Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”
Həqiqətən də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları nəinki Azərbaycana, bütün Dünyaya sübut etdi ki, O, hər bir Azərbaycan vətəndaşının Prezidentidir!
Mürsəl Mürsəlov
Azərbaycan Republikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru