Tariximizin inkişafla başlayıb Zəfərlə davam edən ən qüdrətli mərhələsi
Lider o şəxsiyyətdir ki, ona etimad göstərmiş xalqın maraqlarını bütün imkanları ilə müdafiə edir, reallaşdırır, cəmiyyətin enerjisinin səfərbər edilməsilə insanların taleyində əhəmiyyətli faktora çevrilir. Bəli, məhz 2003-cü ilin 15 oktyabr tarixində demokratik qaydada keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 71.5%-nin Yeni Azərbaycan Partiyasının namizədi, partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev cənablarına səs verməklə bir daha xalqın düzgün seçim etdiyini təsdiqlədi. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Artıq möhtərəm cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsindən ötən 19 il tariximizin inkişafla başlayan və zəfərlə davam edən ən qüdrətli mərhələsidir. Və bu günün zirvəsindən dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Həmin dövrü Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə etiraf edir. Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi varisi missiyasını yerinə yetirməyin yüksək dərəcədə şərəfli və eyni zamanda məsuliyyətli vəzifə olduğunu izah etməyə ehtiyac duymuruq. Çünki həyat sübuta yetirdi ki, Azərbaycan xalqı 2003-cü ildə tariximizin yeni mərhələsinin ən mühüm qərarını qəbul edərək, ölkəyə Heydər Əliyev miqyasında siyasətçidən sonra yeni lider və prezident seçərkən özünə xas müdrikliyinə əsaslanan yeganə düzgün seçimini edə bilmişdir.
Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi
Bəli, bu gün biz Azərbaycan xalqı olaraq qalib, güclü və nüfuzlu dövlətimiz ilə fəxr edirik. Çünki 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Bir sözlə, 2003-cü il 15 oktyabrda keçirilən seçkidə siyasikursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi, sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. "Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir" deyərək fəaliyyətə başlayan cənab İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə sadiq qalaraq ötən 19 illik fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. Dövlətimizin başçısı İlham Əliyevin prezidentliyinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atıldı. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüldü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Azərbaycanda idmanın kütləviləşməsi, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəbin tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Eyni zamanda, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm
Bəli, öz mənalı həyatının 60 ilini xalqına, onun inkişafına həsr edən, on il müstəqil Azərbaycan dövlətinə şərəflə xidmət edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Ulu Öndər 1993-2003-cü illərdə bu istiqamətdə olduqca mühüm, böyükmiqyaslı işlər gördü. Lakin hələ tamamlanmamış çox perspektivli layihələr, görüləsi işlər var idi. Ümummilli lider Heydər Əliyevin səhhətində yaranan problemlər onun başladığı, nəticələrini aydın gördüyü işləri tamamlamağa imkan vermirdi. Əlbəttə ki, həmin dövr üçün mövcud olan geosiyasi vəziyyəti nəzərə alaraq qeyd etməliyik ki, Heydər Əliyev siyasətini davam etdirmək, kifayət qədər mürəkkəb regionda yerləşən Azərbaycanı ulu öndərin görmək istədiyi mövqelərə çıxarmaq olduqca çətin idi. Belə bir tarixi məqamda xalq İlham Əliyevin simasında öz yeni liderini görürdü. Belə bir əminlik yaranmışdı ki, Heydər Əliyevin müdrikliklə işləyib hazırladığı inkişaf strategiyasını məhz onun siyasi varisi İlham Əliyev reallaşdıra bilər.2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.Bəli, bu gün məhz ona özü qədər inandığını və Azərbaycanın gələcəyinə böyük ümidlər bəslədiyinin nəticələrini bütün Azərbaycan xalqı, bütün dünya görür. Və bu gün illərdir ki, ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır.
"Hər bir azərbaycanlının Prezidentiyəm"
Bəli, hər bir azərbaycanlının Prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən Cənab İlham Əliyev bildirmişdir ki, bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir. Məhz İlham Əliyevin bütün seçkilərdə vətəndaşların ona yeganə inamı olduğunu göstərdi. Belə ki, 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərindən də qalib çıxmasını şərtləndirən əsas amil onun daim xalqın yanında olması, xalqının isə onu alternativsiz etimad ünvanı kimi görməsi idi. 2008-ci il seçkilərində 88,73 faiz səslə Prezident seçilən İlham Əliyev 2013-cü ilin 9 oktyabr seçkilərində 84,54 faiz, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə isə 86,02 faiz səslə vətəndaşlarının yeganə inam mənbəyi olduğunu təsdiqlədi. Xalqın dəstəyini hər zaman yüksək dəyərləndirən İlham Əliyevin 2018-ci il aprel seçkilərində söylədiyi fikirlər bunu bir daha təsdiq edir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm... Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim”.Bəli, necə deyərlər: görünən dağa nə bələdçi. Prezident İlham Əliyevin 19 illik fəaliyyəti, əldə olunan uğular, və nəhayət 30 il həsrətində olduğumuz «Qarabağ Azərbaycandır»ımızın «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun igid əsgər və zabitlərimizin qəhrəmanlığı ilə 44 gündə qovuşmağımız, məhz Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqliyinin, xalqına verdiyi vədlərin göstəricisidir. Azərbaycan tarixdə heç bir zaman olmayan uğurlar gətirdi. Ən əsası isə milli mənafeyi naminə, məlum məkrli qüvvələrin təzyiqlərini göz önünə alaraq, torpaqlarımızın işğalına son qoyan Ali Baş Komandan Ermənistanı döyüş meydanında məğlub etməklə illərlə davam edən Qarabağ münaqişəsini tarixə qovuşdurdu. Tariximizə yenidən Zəfər sözü yazan bir sərkərdə, dövlətin ərazi bütövlüyünü təmin edən xilaskar oldu. Və «Dəmir yumruq» siyasəti ilə Müzəffər Azərbaycan Ordusunun 44 Gün davam edən Vətən Müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində Azərbaycanın hərtərəfli inkişafa, xalqımızı firavan həyata, ölkəni 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpasına qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu gün xalqımız qürurla “Qarabağ Azərbaycandır”- deyə bilirsə, bu, uzun illər ərzində həyata keçirilən məqsdəyönlü siyasətin, Müzəffər Ali Baş Komandanın illərlə verdiyi zəhmətin və məhz onun dövründə formalaşmış qalib Azərbaycan əsgərinin, Azərbaycan xalqının birliyidir. Bu birlik bizə güclü Azərbaycanı, güclü ordunu və ən nəhayət, həsrətində olduğumuz Qələbəni bəxş etdi. Şuşanın azad edilməsindən sonra - 2020-ci il noyabrın 8-də “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirləri ilə xalqa müraciət edən Prezident İlham Əliyev bütün bunları yalnız bir atanın oğluna etdiyi vəsiyyət olaraq yerinə yetirmədi. Həm də ulu öndər Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirən böyük lider, həm də bir Prezident kimi xalqına verdiyi vədi yerinə yetirdi. Ona olan inamın qırılmasına nəinki imkan vermədi, onu getdikcə daha da gücləndirdi. Bu gün Azərbaycan bu inamın sayəsində güclənərək inkişaf edir. Bütün bunlar onun göstəricisidir ki, Prezident İlham Əliyevin fəaliyyəti hər bir sahədə əhəmiyyətli və kompleks səciyyə daşıyan uğurların qazanılmasını şərtləndirib. Dövlət başçısının xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, Onun hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir!Bir sözlə, son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlar deməyə əsas verir ki, Azərbaycan bundan sonra da sürətlə inkişaf etməyə davam edəcək və daha neçə-neçə yeni uğurlara imza atacaqdır.
SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri