Azərbaycanda 1990-1993-cü illərdəki xaos və hərc-mərclik Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra aradan qaldırmağa başladı,ölkənin iqtisadiyyatı yenidən inkişaf etməyə,beynəlxalq aləmdə nüfuzu yüksəlməyə başladı.Ulu Öndərin müdrik siyasəti nəticəsində Ermənistanın işğalçı müharibəsinin qarşısı alındı,atəşkəsə nail olundu.Ölkəmizdə ordu quruculuğu hərbi sənayə inkişaf etməyə başladı. Artıq Azərbaycan möhkəm addımlarla irəliləyir və işğal olunmuş torpaqlarımızın azad olunması üçün beynəlxalq aləmdə siyasi mübarizəyə başlayırdı. Xalqımızın arxayın sabaha inamla yaşamaqla yanaşı həm də yaxın vaxtlarda işğal olunmuş torpaqlarımızın azad olunacağı ümidi ilə sabaha inamla baxırdı. Azərbaycan tarixində yeni səhifələr yazılmaqda idi.2003-cü ilin oktyabrın 15-də Respublikamızda növbəti Prezident seçkiləri baş tutdu.Bu seçkilərə xalq böyük inamla gedirdi, çünki Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevə, onun ölkəmizi daha da inkişaf etdirəcəyinə, Ulu Öndərin müstəqillik siyasətini davam etdirəcəyinə inanırdı. Belə bir atalar sözü var ki, xalqın gözü tərəzidir. Xalqımız növbəti dəfə ölkəmizin taleyi üçün düzgün yolu seçməyi bacardı və İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladı. Bu fəaliyyət təkcə ölkə miqyasını əhatə etmir, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artırılmasına, yüksək beynəlxalq tribunalardan Azərbaycanın haqq səsinin səslənməsinə xidmət edirdi.Artıq 19 ildir ki,möhtərəm Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi uğurlu fəaliyyətini davam etdirir. Onun fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafına,müstəqilliyinin möhkəmləndirilməsinə və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə xidmət etməkdədir. İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilmiş Prezident seçkilərində və sonrakı dövrlərdə dəfələrlə qeyd etmişdir ki, Ulu Öndər Azərbaycanın müstəqil daxili və xarici siyasətini müəyyənləşdirmiş, Azərbaycan üçün əsl inkişaf yolunu seçmişdir və bu siyasəti, bu yolu dönmədən davam etdirəcəyik. Bütün fəaliyyəti ərzində möhtərəm prezident Heydər Əliyevin layiqli davamçısı və varisi olduğunu sübut etmişdir.
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmizin siması bütünlüklə dəyişmişdir.Regionlarda və Bakıda görünməmiş quruculuq işləri aparılmışdır. Bu işlərin yerinə yetirilməsində beynəlxalq təcrübədən geniş istifadə edilmiş, quruculuq işləri aparılarkən milli adət və ənənələrimizin qorunmasına ciddi fikir verilmişdir. Bu gün Azərbaycanın ən ucqar nöqtəsində də möhtərəm Prezidentin quruculuq işlərinin uğurla yerinə yetirilməsinin şahidi ola bilərik. Təsadüfi deyil ki, Bakıya gələn, regionlarımıza səfərlər edən xarici qonaqlar Azərbaycanda gedən möhtəşəm quruculuq işlərini daim xüsusi qeyd etmişlər.İlham Əliyev prezident kimi fəaliyyətə başladığı gündən torpaqlarımızın azad edilməsi qaçqın və köçkünlərin tezliklə doğma yurdlarına qayıtması üçün ardıcıl xarici siyasət yeritməyə başladı, bütün ali məclislərdə, bütün səfər və görüşlərdə Azərbaycanın haqq sözünü çəkinmədən səsləndirdi. Ermənistanın işğalçı dövlət kimi tanınmasına nail oldu. Onun ardıcıl siyasəti nəticəsində informasiya blokadası aradan qaldırıldı və dünya ölkələri Azərbaycanın üzləşdiyi fəlakətlə yaxından tanış oldu. Təsadüfi deyil ki, 2020-ci ildəki 44 günlük Vətən Müharibəsində bir neçə dövlətdən başqa bütün dünya Azərbaycanın haqq mübarizəsi apardığını etiraf etdi. Bu etiraf uzunmüddətli və çətin xarici siyasətin nəticəsində əldə olunmuşdur.Möhtərəm Prezident fəaliyyəti ərzində Azərbaycan Ordusunun güclü bir orduya çevrilməsi üçün də müxtəlif tədbirləri həyata keçirdi. O, bütün görüşlərdə, müsahibə və səfərlərində qeyd etmişdir ki, biz sülh danışıqlarını davam etdirəcəyik. Biz müharibə istəmirik və danışıqlar yolu ilə torpaqlarımızın azad edilməsinə çalışırıq. Lakin bu danışıqlar nəticə verməsə, Ermənistan işğalçı siyasətindən əl çəkməsə torpaqlarımızı müharibə yolu ilə azad edəciyik. Bu bəyanatların həqiqətə çevrilməsi üçün isə müasir silahlarla təchiz olunmuş güclü, çevik və intizamlı bir ordu lazımdır ki, möhtərəm Prezident bu ordunu yaratmışdır. Onun siyasəti nəticəsində Azərbaycan Ordusu regionumuzun ən qüdrətli ordusu kimi hamı tərəfindən tanınmaqdadır.Ölkəmizin sülh danışıqları apardığı bir dövrdə 2018-ci ildən başlayaraq Ermənistanın yenidən işğalçılıq siyasətini gücləndirdi, müxtəlif şəhər və kəndlərimizdə terror əməliyyatlar həyata keçirməyə başladı. Həlak olanların arasında hərbiçilər, dinc sakinlərlə yanaşı uşaq və körpələr də var idi. Artıq səbr kasası dolmuşdu, artıq Ermənistanın bu həyasızlığının qarşısında susmaq mümkün deyildi. 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. Bu müharibə Prezident İlham Əliyevin uğurlu hərbi siyasətinin nəticəsi oldu. 44 günlük müharibə bütün dünyaya göstərdi ki, İlham Əliyev qüdrətli və mütəşəkkil, müasir silahlarla silahlanmış bir ordu yarada bilmişdir, bu ordu istənilən anda ölkəmizin müstəqilliyini qorumağa hazırdır. İlham Əliyevin yaratdığı ordunun təcrübəsi bugün aparıcı dövlətlərin hərbi mütəxəssisləri tərəfindən öyrənilməkdədir.Bu gün ölkəmiz qələbəmizi möhkəmləndirməyə, Ermənistanla sülh müqaviləsinin imzalanmasına görə beynəlxalq siyasətini davam etdirir. Ermənistanın bu müqavilənin imzalanmaması üçün etdiyi bütün cəhdlər Möhtərəm Prezidentimiz tərəfindən aradan qaldırılır. Bütün beynəlxalq aləm Azərbaycanın bu müqavilənin bağlanmasına nail olacağına əmindir. İnanırıq ki, möhtərəm Prezidentimiz Ermənistanla sülh müqaviləsinin bağlanmasına, Azərbaycanın öz sərhədlərinin ədalətli şəkildə təyin olunmasına nail olacaqdır.44 günlük Vətən Müharibə nəticəsində torpaqlarımızın azad olunmasına nail olduq. Heç bir müharibə qurbansız ötüşmür. Bu müharibədə də şəhidlərimiz, yaralılarımız oldu. Ali Baş Komandan həm müharibə dövründə, həm də sonrakı görüşlərdində qeyd etmişdir ki, şəhid ailələri və yaralılar dövlətin daimi qayğısı ilə əhatə olunacaqdır. ”Mən həmişə qazilərin yanında olacağam” - sözləri möhtərəm Prezidentin növbəti fəaliyyətini müəyyənləşdirir. Bu gün şəhid ailələrinin rifah halının yaxşılaşıdırılması, ehtiyacı olanların yeni mənzillərlə təmin olunması, qazilərimizin və yaralıların müalicəsi Prezidentimizin rəhbərliyi ilə xaricdə təmin edilmişdir. Və bu siyasət Prezidentin dediyi kimi daimi xarakter daşıyacaqdır.Bu gün qarşıda duran əsas məsələ Qarabağın yenidən qurulması və dirçəldilməsi, qaçqın və köçkün ailələrinin doğma yurd-yuvalarına qayıtmasıdır. Möhtərəm Prezidentimizin bu sahədə də davamlı siyasəti var. Onun rəhbərliyi ilə Qarabağın şəhər və kəndləri yenidən qurulur, Qarabağın iqtisadiyyatının yenidən qurulması üçün tədbirlər həyata keçirilir. Onun uzaqgörən siyasəti nəticəsində Qarabağın dirçəldilməsi işlərinə beynəlxalq şirkətlər də cəlb olunmuşdur. Xalqımız inanır ki, tez bir zamanda Qarabağ ölkəmizin dilbər guşələrindən birinə çevriləcək, şəhər və kəndlərindən uşaq səsi gələcək və Qarabağ ölkəmizin iqtisadi və mədəni həyatında aparıcı mövqeyə çatacaqdır. Qarabağın öz mədəniyyəti ilə bütün dünyaya səs salacağı gün uzaqda deyildir.Bütün xalqımız inanır ki, möhtərəm prezidentimiz bundan sonra da ölkəmizin siyasi, iqtisai və mədəni yüksəlişi üçün uğurlu siyasətini davam etdirəcək və ölkəmiz daha uca zirvələr fəth edərək aparıcı dövlətlər arasında yüksək mövqedə dayanacaqdır.
Möhtərəm Prezidentimiz və müzəffər Ali Baş Komandanımıza ölkəmizin və ordumuzun bundan sonrakı yüksəlişi üçün gördüyü bütün işlərdə, apardığı siyasətdə uğurlar arzu edirik.
Yaşasın müstəqil Azərbaycan Respublikası!
Yaşasın Müzəffər Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Mətanət Mayılova
Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin direktoru