PDF Oxu

Siyasət

  • 4 563

Azərbaycan dünyaya sülh mesajları verməkdədir

Azərbaycan dünyaya sülh mesajları verməkdədir

Azərbaycan üçün dünya birliyinə inteqrasiya, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi hər zaman prioritetlər sırasında olub. Vətən müharibəsində əldə olunan qələbə həm də Azərbaycanın siyasi gücünü, qüdrətini artırdı. Son zamanlarda dünyada baş verən geosiyasi proseslər isə Avropa ilə Asiyanın birləşdirən Azərbaycanı bir daha diqqət mərkəzinə çevirdi. Azərbaycan liderinin hər iki qitə ölkələrinə səfərləri və bu səfərlər zamanı dövlət və hökumət başçıları ilə keçirilən görüşlər, imzalanan sazişlər, bəyanatlar ölkəmizin əldə etdiyi uğurlar sırasındadır. Məlumdur ki, 13 oktyabr tarixində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yaradılmasının 30 illiyinə həsr olunmuş 6-cı zirvə toplantısında dünyanın 11 ölkə başçısı, o cümlədən Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak etmişdi. Bu müşavirənin əsas məqsədi və istiqamətləri Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün çoxtərəfli yanaşmaları inkişaf etdirməklə əməkdaşlığı gücləndirməkdir.

Qazaxıstanın sədrliyi ilə keçirilən zirvə toplantısının plenar iclasında ölkə başçımız cənab İlham Əliyev çıxışı zamanı bir neçə məqamı bütün dünyanın diqqətinə çatdırdı. Çıxışında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini Azərbaycanın öz gücünə təmin etməsini, həmçinin işğal illərində Qarabağda baş vermiş barbarlığı, vandallığı diqqətə çatdırdı. 30 illik dövr ərzində məscidlərimizin təhqir olunması, barabarlıq, vandalizm hərəkətlərinin icra olunması məsələsi hər zaman cənab Prezidentin diqqətində olub və müxtəlif platformalardan bu haqda məlumatlar səsləndirib. Ölkə başçımız bu dəfəki çıxışında yenidən bu məsələyə touxnaraq vurğuladı ki, “Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə olunurdu. Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı” .

Erməni vandalizminin sərhədləri və əsil siması Azərbaycanın işğal faktını aradan qaldırılması ilə ortaya çıxdı. Xarici jurnalistlərin Ağdamda olarkən dediyi “Qafqazın Xirosiması” ifadəsi əslində bütün Qarabağın simasında əksini tapır. Vandalizmin miqyasını duyurmaq üçün bu gün sonsuz sayda faktlar mövcuddur: 67 məsciddən 65-i tamamilə, 144 məbəd, 200-ə yaxın ziyarətgah, 900-dən çox qəbiristanlıq və s. dağıdılıb, məhv edilib. 100 mindən artıq eksponatın toplandığı 22 muzey, dünyanın ən qədim yaşayış məskənlərindən biri-Azıx mağarası və s. erməni vandalizminin qurbanına çevrilib. Bu dağıntılar təsadüfi deyil, məqsədli, sistemli şəkildə həyata keçirilib. Tarixi saxtalaşdırma prosesi isə azərbaycanlılara aid dini abidələrin məhv edilməsi və yalançı erməni tarixini abidələrini bölgəyə yerləşdirmək şəklində həyata keçirilib. Heç təsadüfi deyil ki, Azərbaycan Ordusu Kəlbəcərə daxil olduqdan bir neçə gün sonra burada “tarixi abidələr” qondarmaqla bağlı müəssisə aşkarlamışdı. Bu haqda xarici televiziya kanallarında da reportajlar yayımlanmışdı. Sərhəd tanımayan erməni vandalizmi, barbarlığı xüsusilə islam və türk tarixinə, abidələrinə qarşı yönəlib. Məscidləri tövləyə döndərməklə yalnız azərbaycanlılara qarşı heç bir əsası olmayan sadəcə xəstə təxəyyüldən doğan aqresiya ilə yanaşı həm də bəşəri dəyərlərə münasibətini təqdim edib. Təəssüf ki, Ermənistan işğal etdiyi ərazilərdə bizə-dinimizə məxsus məscidləri, mədəniyyət obyektlərini məhv etməklə qalmayıb, alban-xristian memarlığına məxsus kilsə və monastrları da erməniləşdirib, dünyaya erməni abidələri kimi tanıtdırmağa çalışıb. Hətta torpaqlarımızın işğaldan azad olunması zamanı belə ermənilər özlərinin barbarlıq və oğruluq əməlindən bir an olsun belə çəkinmədilər.

Azərbaycanın həyata keçirdiyi siyasət Ermənistanın törətdiyi vandalizmlə müqayisədə özünü daha çox büruzə verir. Azərbaycan bütün dinlərə bərabər münasibət göstərir. Qarabağda abadlıq işlərinə başlanılarkən ilk gündən oradakı oradakı kilsənin təmirinə və bərpasına başlanılıb, bu ərazilərdə dini abidələrə qarşı heç bir ayrı-seçkiliklə yanaşılmır. Beynəlxalq iqtisadi-siyasi münasibətlərdə yenilikçi tərəfdaşlığı ilə fərqlənən Azərbaycan multikultural və tolerant ölkə kimi də bu gün öz mövqeyini davam etdirməkdədir. Erməni vəhşiliyinə rəğmən Azərbaycan post münaqişə dövründə də özünün ləyaqətli mövqeyini davam etdirir. Multikultural və tolerant ölkə olaraq müxtəlif din və əqidələrə məxsus dəyərlərin qorunub saxlanması, maddi-mədəniyyət abidlərinin bərpasını dövlət siyasəti səviyyəsində yanaşır. Aparılan monitorinqlər zamanı aşkarlanıb ki, işğaldan azad edilən ərazilərdə 2600-dən çox tarixi mədəniyyət abidəsi var. Mədəni terrora məruz qalan bu sənət əsərlərinin bəzilərinin dərhal bərpası onu göstərir ki, vandalist və saxtakar simasını nümayiş edən Ermənistanın əksinə Azərbaycan quruculuq missiyası ilə dünyaya sülh mesajları verməkdədir. Dünya erməni vandalizminin iç üzünü görür.

Seymur Yusibov

Pirallahı rayonu, 231 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Digər xəbərlər