Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən il sentyabrın 27-də xalqa müraciətində Ermənistan silahlı qüvvələrinin zəbt etdikləri torpaqlarımızdan çıxarılacağını, birinci Qarabağ müharibəsində işğal olunmuş rayonlarımızın geri qaytarılacağını böyük əzmlə və inamla vurğuladı. Müharibənin ilk günlərindən ordumuzun qələbə sədaları, Ali Baş Komandan İlham Əliyevin xalqa qələbə müjdələri bütöv bir milləti dəmir yumruq kimi birləşdirdi. Bu andan başlayaraq Azərbaycan xalqı dövlət başçısının “Vətən müharibəsi” adlandırdığı bu savaşda onun ətrafında birləşdiyini bütün sahələrdə sübut etməyə başladı. Bundan ruhlanaraq, minlərlə gənc könüllü ordu sıralarına qatılmaq üçün müraciət etdi, əksər qurumlar və kollektivlər orduya yardım fonduna və birbaşa döyüşçülərimizə öz dəstəyini göstərdilər. Cənab Prezident ölkəmizə rəhbərlik etdiyi on yeddi ildə həmişə orduya diqqətini, nəyi necə və nə zaman etməyi böyük bir uzaqgörənliklə nəzərə almışdı. Ordumuz gücləndirilmişdi, əsgərlərimiz yüksək təlimlərlə hər cür çətin döyüş əməliyyatına hazır idilər.
Vətən müharibəsi dövründə informasiyanın dövlət və media siyasətinin praktik göstəriciləri, mediada birgəlik anlamı vacib şərt kimi qarşıda dururdu. Ali Baş Komandan İlham Əliyevin bu sahədə də apardığı siyasət, formalaşdırdığı informasiya diplomatiyası mediamıza ən güclü dəstək oldu. Xüsusilə onun xalqa müraciətləri, xarici jurnalistlərə verdiyi saysız-hesabsız müsahibələri beynəlxalq əhəmiyyətindən əlavə, düzgün informasiya siyasətini formalaşdırdı. Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi dövründəki qəhrəmanlığı bizim gözümüzün qarşısında baş verirdi. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq onun üçün ən mühüm vəzifə idi. Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşündə də bir sıra önəmli məsələlər müzakirə olundu. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirildi. Görüşdə Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına çağırış etdi. Bu o demək idi ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır.
Prezident İlham Əliyevin İspaniyanın “El Pais" qəzetinə müsahibəsində müxbir tərəfindən verilən “Cənab Prezident, Sizcə Ermənistanla atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?” sualına də qeyd etmişdir ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həllinə yönəlik siyasət həyata keçirir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Müxbirin, Dağlıq Qarabağın statusu və Azərbaycanın mədəni irsinə qarşı soyqırım törətməsi ilə bağlı verdiyi suallarına cavabında isə, Cənab Prezident - Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Azərbaycan müharibədə qalib gəlib və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Ümumilikdə 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerləyeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insanın, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var, deyə qeyd edib.
Bu gün cənab Prezidentin bütün müsahibələrində, eləcə də İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə bir daha qeyd edir ki, bu gün Azəbaycan ədaləti, həmçinin BMT-nin, müxtəlif beynəlxalq təşkilatların iflasa uğramış nüfuzunu bərpa edir. Bu gün beynəlxalq ictimaiyyətin özü də çox gözəl dərk edir ki, Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar aparır və Ermənistandan fərqli olaraq heç bir beynəlxalq hüququ pozmayıb. Bəzən isə dünya mətbuatında, ictimaiyyətində belə fikir yaranıb ki, guya Azərbaycan Ordusu mülki əhalinin yaşadığı yerlərə də ağır artileriyadan atəş açıb. Bu, qətiyyən belə deyil. Ordumuz yalnız özünün təhlükəsizliyini qorumaq üçün mülki əhalinin yaşadığı ərazilərdə hərbi obyektləri vurur. Təbii ki, bu da müharibənin qanunlarına uyğundur. Terrorçuluq əməlləri yalnız Ermənistana məxsusdur. Azərbaycan sülhün tərəfdarıdır”
Günel Fətəliyeva
Xəzər rayonu, 262 №li tam orta məktəbin müəllimi