PDF Oxu

Siyasət

  • 3 933

"Füzuli əməliyyatı ən əhəmiyyətli döyüşlərdən biri olub" - POLİTOLOQ ŞƏRH ETDİ

"Füzuli əməliyyatı ən əhəmiyyətli döyüşlərdən biri olub" - POLİTOLOQ ŞƏRH ETDİ

“Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlər kimi də tarixə düşəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Yusf Bağırzadə Füzuli rayonunun işğaldan azad olunmasının ildönümü ilə bağlı danışarkən deyib.O bildirib ki, Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub: "Ümumilikdə isə Füzulinin işğaldan azad olunması ilə bağlı döyüşlər 2020-ci ilin 27 sentyabrından başlayaraq 17 oktyabr tarixinə qədər davam edib.

Nəticədə 23 avqust 1993-cü ildə işğal olunan Füzuli rayonu 2020-ci ilin 17 oktyabrda Füzuli şəhərinin, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin işğaldan azad olunması ilə düşmən tapdağından qurtulub.
Bu qələbənin qazanılmasında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Onu da qeyd edim ki, ikinci Qarabağ savaşındakı Füzuli əməliyyatı rayonun işğaldan azad olunması istiqamətində həyata keçirilən ilk əməliyyat deyildi. Belə ki, hələ 1994-cü ilin 5 yanvarında Ümumilli Lider Heydər Əliyevin əmri ilə həyata keçirilən əməliyyat zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Birinci Qarabağ savaşında Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür".
Politoloq həmçinin onu da qeyd etdi ki, Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur: "Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir və bu baxımdan da olduqca strateji mövqeyə malikdir. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlər kimi də tarixə düşəcək. Çünki 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu ki, bəziləri Füzuli şəhərini işğaldan azad etməyin mümkün olmayacağnı və ya bunun üçün aylarla vaxt lazım olacağını deyirdilər. Amma Vətən savaşının elə ilk günündə, yəni 27 sentyabrda Müzəffər ordumuz tərəfindən aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı kəndləri işğaldan azad edilmişdir. Sonra 3 oktyabr tarixində Aşağı Əbdürrəhmanlı kəndi, 9 oktyabrda Yuxarı Güzlək, Gorazıllı kəndləri, 14 oktyabr tarixində Qaradağlı, Xatınbulaq, Qarakollu kəndləri, 15 oktyabrda Arış kəndi işğaldan azad olundu. Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüşlər başladı və düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qaldı. Nəticədə Füzuli şəhəri də tam olaraq işğaldan azad edildi və bununla da rayonun ümumilikdə 62 yaşayış məntəqəsi işğaldan azad edilmiş oldu. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı sayəsində həmçinin Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri də Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edirdi. Belə ki, Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermiş oldu. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Artıq Füzuli də digər yaşayış məskənlərimiz kimi azaddır və hal-hazırda rayon ərazisində böyük həcmli bərpa-quruculuq işləri həyata keçirilir. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayona səfəri və prezident tərəfindən Füzuli şəhərində Azərbaycan bayrağının qaldırılması ilə başlayan bərpa işləri tam sürətlə davam etdirilir. Horadiz-Ağbənd dəmir yolu xətti, Füzuli-Hadrut avtomobil yolu, Füzuli-Şuşa yolunun, 180 çarpayılıq xəstəxana, çoxmənzilli yaşayış məhəlləsi, peşə litseyi kimi layihələr tam sürətlə icra olunur. Artıq icra olunmuş layihələr hesab olunan Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsi, Aşağı Köndələnçay su anbarında “Füzuli” yarımstansiyası və eləcə də cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı isə görən hər kəsi sevindirir. Tam əminliklə söuləmək olar ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və bundan sonra da görülməkdə davam edəcəkdir”.
Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər