Rəsmi İrəvan Aİ missiyasının Azərbaycanla müəyyən olunmamış sərhədlərində fəaliyyətə başlamasına niyə bu qədər böyük ümidlər bəsləyir?
Məlum olduğu kimi, Prqa görüşündən sonra məhz Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi əsasında Avropa İttifaqına məxsus vətəndaş missiyası Azərbaycanla müəyyən olunmamış sərhəd zolağını müşahidə edəcək. Lakin o da məlumdur ki, həmin missiyanın Azərbaycan tərəfində də fəaliyyəti üçün rəsmi Bakıya müraciət olunmuşdu, ancaq Azərbaycan Prezidenti İlham Əliyev qəti olaraq bu təklifi qəbul etmədi və bununla bir daha sübuta yetirildi ki, qalib və müstəqil siyasətini reallaşdıran Azərbaycanın bu kimi missiyalara ehtiyacı yoxdur.
Ermənistanda Rusiya hərbi bazaları ilə yanaş, Aİ missiyası da olacaq və hər iki cinahın Ermənistanın mövcud hakimiyyəti ilə bağlı kəskin maraq toqquşmaları mövcuddur
Bununla belə, Ermənistanın Aİ missiyasından nə umduğu da bəzi məqamları üzə çıxarır. Misal üçün, fakt budur ki, missiyanın fəaliyyəti Ermənistanın bağlanmayan qapı obrazını üzə çıxarır. Daha dəqiq desək, bu ölkənin gah bu, gah da digər istiqamətlərə doğru yıxılması oraya istənilən dairələrin daxil olma imkanlarını açıq edir. Məsələn, Ermənistanda Rusiya hərbi bazaları ilə yanaş, Aİ missiyası da olacaq və hər iki cinahın Ermənistanın mövcud hakimiyyəti ilə bağlı kəskin maraq toqquşmaları mövcuddur. Bu toqquşmalar isə ölkəni hissələrə parçalanma ehtimalını artırmaqdadır.
Rəsmi Tehran Aİ missiyasının Ermənistana gəlməsi ilə bağlı: “İran öz sərhədləri yaxınlığında anarxiyaya dözməyəcək”
Növbəti faktor isə İrandır. Artıq rəsmi Tehran özünün ali siyasi rəhbərliyi səviyyəsində bəyan edib ki, regionda, xüsusilə İranla sərhəddə olan ölkənin ərazisində NATO-ya üzv olan dövlətlərə məxsus hərbi mütəxəssislərin hətta mülki fəaliyyətləri fonundakı mövcudluqları yolverilməzdir. “İran öz sərhədləri yaxınlığında anarxiyaya dözməyəcək”, deyə həmin bəyanatda bildirilib.Onu da qeyd edək ki, bütün bunlar Ermənistanın qeyri-müəyyən maraqlarını kölgədə qoyur və buradan da nəticə çıxarmaq olar ki, avropalıların missiyası heç də sülhün təmin olunmasını həyata keçirmək deyil, əksinə, öz maraqlarını təmin etməkdir. Məsələn, Ermənistanda mövcud olan Rusiya bazalarının analizini aparmaq, hərbi-siyasi vəziyyəti öyrənmək və s.Qaldı ki, Ermənistanın missiyadan öz səmərəsi üçün nəyi isə istifadə etməsinə - bu əsla sərhəddəki erməni təxribatlarına qarşı Azərbaycanın cavab tədbirlərinin qarşısını ala bilməyəcək.
Qərb-Rusiya-İran faktorlarının Ermənistan uğrunda savaşa çıxma ehtimalları artır
Beləliklə, İrəvan hazırda öz uğursuz diplomatiyası ilə növbəti risklər yaradır – təkcə İran və Rusiya faktoru Ermənistan üçün ciddi siqnallardır. Əbəs deyil ki, bu gün Ermənistan müxalifəti iqtidara sual edir ki, regionda yeni risklərin yaranması ölkənin xəritədən silinməsi ehtimallarını artırır. Hətta fakt budur ki, erməni müxalifətçiləri Aİ-nin mülki missiyasının sadəcə görüntü xarakteri daşıdığını bildirir, eyni zamanda həmin missiyada yer alanlar hərbi mütəxəssislərdir. Çox yəqin ki, bunu Rusiya və İran tərəfi də bilir və buna görə də qarşıda Qərb-Rusiya-İran faktorlarının Ermənistan uğrunda savaşa çıxma ehtimalları artır.
Rövşən RƏSULOV