27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və rəhbərliyi ilə ermənilərin amansız hücumuna cavab olaraq müzəffər Azərbaycan ordusu işğal altında olan ərazilərimizdə əks-hücum əməliyyatları həyata keçirdi. Uğurlu döyüş əməliyyatları nəticəsində düşmən tərəfindən qurulmuş istehkam xətti yarılmış, ermənilərin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası darmadağın edilmiş, düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpağı – Füzuli işğaldan azad edilmişdir. Şanlı Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş Füzulidə xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır.Bu parlaq qələbə heç şübhəsiz ki, cənab Prezidentin yürütdüyü qətiyyətli siyasətin və nail olduğu yüksək ordu quruculuğunun nəticəsi idi. Azərbaycan ordusu həqiqətən də bölgənin ən qüdrətli ordusudur. Vətən səngərini özlərinə beşik edən hərbçilərimiz qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpası uğrunda, işğalçı hərbi birləşmələrini darmadağın etdi.Biz o tarixi günlərdə Prezidentimizin verdiyi tarixi müsahibələrlə nəfəs alır, onlarla qürurlanır, fəxarət hissi keçirirdik. Bu tarixi günlər bizə bir vaxt əlçatmaz möcüzə kimi gəlirdi. Bir zamanlar bu günə şahid olmaq naminə hər birimiz çox şeyi qurban verməyə hazır idik. Bu uğurda öz canlarından keçən candaşlarımız vətən həsrətini özləriylə gözlərində, ürəyində o dünyaya apardı. Daha lalədən, qərənfildən qan axmayacaq. Daha ağlamayacaq hörüklü gəlinlər, örpəkli analar, məktəbli qızlar.
Ölkə başçısı Füzulinin azad olduğunu deyəndə milyonların ürəyinə su səpdi. Xalq ilə Dövlət arasında qırılmaz bağ qurdu. Onun işlətdiyi hər bir ifadə 30 ilə yaxın bir müddətdə ürəklərdə qalan tikanı çıxarır, yaralarımıza məlhəm olurdu. Hər birimiz elə zənn edirdik ki, danışan elə bizik. Bəli, bizim səsimizlə rəhbərimizin səsi bunca həmahəng, ürəyimizlə onun ürəyi bunca birgə olmamışdı. Bizim prezidentimiz olmağın həqiqəti, fəlsəfəsi elə elə bu imiş, bunda imiş!Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 79 klub, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Təhsil və səhiyyədə də yaxşı göstəricilərə malik rayonda 685 çarpayılıq 13 xəstəxana, 17 həkim məntəqəsi, 30 tibb məntəqəsi, vərəm, dəri və zöhrəvi xəstəlikləri dispanseri, texnikum, 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 65 məktəbəqədər müəssisə, stadion, və s. obyektləri olub. Əməyə bağlılıq, halal zəhmət füzulilərin həyat tərzi olmasına baxmayaraq, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə də respublikamızda ad-san qazanmışdır.Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərə yaxın müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir. 6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir. Hazırda Füzuli rayon Təhsil Şöbəsinin tabeliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir.23 avqust 1993-cü il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzuli rayonu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri oldu.Qan varsa, şəhid varsa deməli zəfər qaçılmazdı. Polad polad kimi bərkiyib, əl-ələ verib Mübarizlə. Düzülüb arxasınca torpağa can verənlər. Artıq dillər himn olub qəlblər bayraq. Vətən bayram görür artıq. Füzulidə zaman ananı-balaya , övladı-ataya, ən əsası da torpağı-torpağa qovuşdurdu. Daha torpaq eşitməyəcək güllə səsi, mərmi səsi, top səsi.Birlik zamanıdır eşq zamanıdır. Artıq Füzulidə Qarabağ şikəstəsi oxunur! Müşfiqin tarı çalınır! Çalınır ki, namərdin cansız canlısına sinəsi sipər edən şəhidlərim, rahat uyusun, səssiz uyusun, sakit uyusun!!!
Firəngiz Xəlilova
Xəzər rayonu,
E. Əliyev adına 234 nömrəli tam orta məktəbin müəllimi