PDF Oxu

Siyasət

  • 2 986

Fenomenal lider- İLHAM HEYDƏR OĞLU ƏLİYEV!

Fenomenal lider- İLHAM HEYDƏR OĞLU ƏLİYEV!

“Ən böyük şəxslər özündən çox, mənsub olduğu xalqı düşünən, onun xoşbəxtliyi yolunda həyatını verən insanlardır.” Bu sözlərin müəllifi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdür. Müasir zamandı, yaşadığımız dövrdə bu sözlərin isbatını biz İlham Heydər oğlu Əliyevdə görürük. Daima xalqının yanında olan, onun rifahını düşünən, bütün dünyada öz dövlətinin adını fəxrlə ucaldan ölkə başçısı İlham Əliyev hər zaman xalqın dayağı, ümid yeri olmuşdur. Azərbaycanın öz siyasi taleyinin sahibi olan qüdrətli dövlətə çevrilməsini, tarixi nailiyyətlər qazanaraq tərəqqi və qələbə zirvəsinə yüksəlməsini mümkün edən amil liderlik fenomeni olmuşdur. Güclü, nüfuzlu, qətiyyətli, milli maraqlara və milli-mənəvi dəyərlərə əsaslanan siyasət yürüdən liderlər – Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin strateji fəaliyyəti sayəsində Azərbaycanın adı nüfuzlu dövlətlər sırasında çəkilməyə başlanmış, üçrəngli bayrağımız qələbə zirvəsində qürurla və əzəmətlə dalğalanmış, qalib dövlətin vətəndaşları - müzəffər xalqın nümayəndələri olmaq milli qürurunu yaşamışıq.Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı. Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu.

Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirdi. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlamışdır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla davam etdirdi. Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları, Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir.Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim etdi, demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdırdı, “neft kapitalını intelektual kapitala çevirək” devizi ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi.Liderliyi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 19 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı addımlar nəinki ölkəmizdə, bütün dünyada rəğbətlə qarşılanır. Qeyd etmək istədim ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici aspektlərindən biridir. Buna görə də bir sıra məşhur mütəxəssislərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, - fikri təsadüfi sayılmamalıdır. Ümummili Lider Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif maneələrin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə analoji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində tamamlandı. Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışı tam təmin olundu. Bu ölkəmizin beynəlxalq arenada növbəti böyük uğuru idi.Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa İlham Əliyev fenomenal istedad sahibi olmasının göstəricisidir. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir. Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri olur. Cənab İlham Əliyev xalqın alternativsiz lideri, xilaskarıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.
Otuz il həsrətində olduğumuz torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində Zəfər çalaraq, erməni işğalından azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bir məsələni də unutmaq olmaz ki, keçən dövr elə də asan olmayıb. Azərbaycanı hər zaman daxildən parçalamaq, onu inkişafdan geri salmaq, ən əsası isə Qarabağın işğalı ilə barışmağa məcbur etmək kimi çətinliklərə və təhlükələrə baxmayaraq, Prezident İlham Əliyev bütün bu problemləri həll etməyi bacardı. Bu isə böyük siyasi məharət, iradə, qətiyyət tələb edirdi. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi. İldən-ilə biz ölkə başçısının həm daxili, həm də xarici siyasətində əldə etdiyi nailiyyətləri görürük. Bunu həm də dünya görür. Baxmayaraq ki, Azərbaycan kiçik bir ölkədir, lakin Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziyyət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz dövlətimizin başçısının fəaliyyətində bunun əyani təsdiqini görürük.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər