Azərbaycan və qırğız xalqlarının dostluğu qədim tarixə malikdir. Belə ki, eyni kökə, mədəniyyətə və milli adət-ənənələrə malik olan Azərbaycan və qırğız xalqları arasındakı dostluq daimi və sarsılmaz olmuşdur. Bu iki dost və qardaş ölkə arasında diplomatik münasibətlər bu gün də uğurla davam etdirilməkdədir.Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü ilin yanvarında qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.Məlum olduğu kimi, oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan Respublikasında rəsmi səfərdə olmuşdur və səfər çərçivəsində iki ölkə arasında müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır.Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasındakı çıxışında bildirib ki, bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Türk Dövlətləri Təşkilatında əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Bütün bunlar o anlama gəlir ki, perspektivdə Türk dünyasında iqtisadi əlaqələr daha da dərinləşəcək. Qırğızıstan, eyni zamanda, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəkləyən ölkələr sırasında yer alır.Ticari-investisiya əməkdaşlığından danışan Prezident Sadır Japarov deyib: "Bu gün biz Sizinlə Qırğız-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoru və fəaliyyət mexanizminə çevrilməlidir".Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət daşıyır. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə böyük töhfə verəcək.
Elməddin ABBASOV,
YAP Ağdam rayon təşkilatının əməkdaşı