PDF Oxu

Siyasət

  • 1 939

Milli maraqların Astana zirvəsi

Milli maraqların Astana zirvəsi

14 oktyabr 2022-ci il tarixdə Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişədən sonrakı dövrdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının prinsipial aspektlərinə həsr olunmuş zəngin nitq ilə çıxış etmişdir. Dövlət başçısı çıxışında görüş iştirakçılarına regiondakı mövcud vəziyyət barədə məlumat verərək Ermənistan tərəfinin Azərbaycanla sərhəddə davam edən təxribatlarını qeyd etmiş, Fransa televiziyasına müsahibəsində Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Rusiyaya qarşı böhtan xarakterli ittihamlarına kifayət qədər sərt cavablar vermış və səfirliklərimizə baş tutan hücumları qətiyyətlə pisləmişdir. Nitqə daha detallı nəzər salaq.Azərbaycan Prezidenti ilk növbədə görüş iştirakçılarının diqqətini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsas tezisinə yönəldərək, Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və qaydalarına uyğun, hüquqi əsaslarla artıq həll olunduğunu qeyd etdi. Sitat: “Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib”. Azərbaycan Prezidentinin bu mesajı təkcə erməni separatizminin qızğın tərəfdarlarına, xüsusən də prezident Makronun simasında Fransaya deyil, bütövlükdə bütün beynəlxalq ictimaiyyətə ünvanlanıb. Daha sonra ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı danışan Azərbaycan Prezidenti Minsk qrupunun 28 illik fəaliyyətinin sıfıra bərabər olduğunu qeyd etdi. Uzun illəri əhatə edən danışıqlar prosesində Minsk qrupu faktiki olaraq heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməyib. Belə bir qurumun münaqişə həll oldunduqdan sonra yenidən ortaya çıxaraq fəaliyyət göstərməsi heç bir məntiqə sığmayan boş bir əməldir. Üstəlik hazırkı dünya nizamında üç həmsədr ölkənin bir-biri ilə münasibətlərinin hansı səviyyədə olduğunu nəzərə alsaq onda ortada belə bir qurumun varlığının belə şübhə doğurduğunu deməyə tam əsas yaranır. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Fransa və Amerikanın Rusiya ilə münasibətləri kifayət qədər gərgin və perspektivsizdir. Belə olan bu halda bu 3 ölkənin birləşərək artıq həll olunmuş və tarixin arxivinə qarışmış münaqişə ilə bağlı hansısa tezislər irəli sürməsini gözləmək əlbəttə ki, məntiqsiz və ölünü diriltməyə cəhd qədər boş bir versiyadır.

Daha sonra Fransa Prezidenti Emmanuel Makronun sərsəm bəyanatları barədə də danışan İlham Əliyev bunu təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli olaraq xarakterizə etdi. Bununla yanaşı ölkə başçımız bildirdi ki, Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq indiyə qədər rəhbərliklərlə kifayət qədər sıx ünsiyyət qurmaq imkanı və kifayət qədər ölçülüb-biçilmiş münasibətlər mövcud idi. Indiki hakimiyyət isə mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Həqiqətən də Fransa indiki mövqeyi ilə azad siyasət yeridən ölkədən çox, erməni diasporunun aparıcı qüvvəsi kimi çıxış edir. Sanki qarşımızda uzun dövlətçilik ənənələrinə malik köklü bir ölkə yox hansısa qüvvələrin təsirində qalmış forpost bir ölkə dayanır. Bu mövqeyi ilə Fransanın bundan sonra Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində hər hansı rol tutması tamamilə qeyri-mümkündür. Qeyd edək ki, rəsmi Parisin beynəlxalq platformalarda Ermənistanın maraqlarını lobbiləşdirməyə yönəlmiş siyasi hiylələrinə baxmayaraq, onun cəhdləri dəfələrlə uğursuzluğa düçar olub. Məsələn, Azərbaycan və Ermənistan başçılarının bu yaxınlarda Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşündə İlham Əliyev Aİ missiyasının Azərbaycan ərazisinə yerləşdirilməsinə imkan verməyərək milli maraqlarımızı qətiyyətlə müdafiə etdi. Gördüyümüz kimi, ölkə başçımız Astanada açıq-aydın qoyduğu vurğularla Parisə aydınlaşdırdı ki, onun ermənipərəst siyasəti bütün mövcud diplomatik vasitələrlə neytrallaşdırılacaq və Azərbaycanın ədalətli mövqeyi daim müdafiə ediləcək.Ölkə başçımızın çıxışının daha bir vacib nüansı son dövrlərdə Fransada, Livanda və ABŞ-da səfirliklərimizə qarşı baş verən çirkin hücumlarla bağlı oldu. Fransada səfirliyimizə baş verən ilk hücumdan sonra E.Makronun bunun təkrarlanmayacağı ilə bağlı vəd verməsinə baxmayaraq ikinci hücumdan qısa müddət öncə səfirlik qarşısındakı mühafizənin götürülməsi və belə demək olar ki, radikal qrupların hücumunun asanlaşdırılması ölkəmizdə sual doğurmaya bilməz. Ehtimal ki, bu ermənilərlə öncədən razılaşdırılmışdı. Bu isə o ölkənin rəhbərliyi adına çox böyük utanc və ləkədir. Çünki, məlumdur ki, səfirliklər və diplomatik nümayəndələrin mühafizəsi yerli dövlətin məsuliyyətindədir. Fransa isə bu məsuliyyətini erməni sevgisinə qurban verdi. Tək Fransa yox, Livan və ABŞ-da da səfirliklərimizə qarşı baş verən vandalizm aktları bizi narahat etməyə bilməz. Heç bir şübhə yoxdur ki, bu hücumlarda Ermənistanın əl izləri mövcuddur. Çünki 1990-cı illərdə baş verənlər hələ də hər kəsin xatirindədir. Həmin dövrdə erməni terroru yüzlərlə insanın həyatını itirməsinə səbəb olmuşdur. Ümid edirik ki, nəhayət bu vandalizm sona çatar və hər bir dövlət öz məsuliyyət zonasındakı diplomatik nümayəndələrin mühafizəsinə maksimum dəqiqlik və məsuliyyətlə yanaşar.
Sonda Prezident İlham Əliyev 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə imzalanan üçtərəfli Bəyanatdan danışaraq bildirdi ki, Ermənistan üzərinə düşən öhdəlikləri icra etmir. Söhbət xüsusilə 4 və 9-cu bəndlərdən gedir ki, əgər Ermənistan bunlardan boyun qaçırmağa davam edərsə Azərbaycanın adekvat cavab tədbirləri görməkdən başqa çıxış yolu qalmayacaq. Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi barədə də danışan dövlət başçımız bildirdi ki, bu məsələlər Respublikamızın Konstitusiyasına əsasən təmin ediləcək.

Xeyrulla Ağayev
“Neft Daşları” qəzetinin baş redaktoru

Digər xəbərlər