PDF Oxu

Siyasət

  • 2 532

Azərbaycan və Qırğızıstan strateji tərəfdaşdır

Azərbaycan və Qırğızıstan strateji tərəfdaşdır

Bu gün bütün dünyada olduğu kimi, Avrasiya məkanında da ölkələr arasında qarşılıqlı maraqlara söykənən münasibətlərin bütün çalarları özünü büruzə verməkdədir. Məlumdur ki, geosiyasi fəallıq artdıqca həm rəqabətdə, həm əməkdaşlıqda yeni çağırışlar meydana çıxır. Təbii ki, belə bir zamanda ölkələrin milli maraqları daha artıq özünü göstərir.Bütün parametrlərinə görə Cənubi Qafqazın lider dövləti, nüfuzlu ölkəsi olan Azərbaycan da bu mənada istisna deyil.

44 günlük Vətən müharibəsində tarixi qələbə qazandıq, yeni geostrateji reallıqlar yaratdıq. Bu mövqedən çıxış edən Azərbaycan yeni mərhələdə qarşıda duran strateji hədəflərə çatmaq üçün konkret və çox əhəmiyyətli addımlar atır. Bunların ən mühümü də dost və qardaş, o cümlədən tərəfdaş ölkələrlə bütün sferalarda əməkdaşlığı dərinləşdirməkdir. Bu baxımdan, Prezident İlham Əliyevin Qırğızıstan dövlət səfərinin böyük əhəmiyyəti var.
Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu səfəri Qırğızıstanla Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət verir. Hər iki dövlət arasında münasibətlərin yüksək səviyyədə dəstəklənməsi, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirmək əsas amildir və bu iki dövlət arasında ortaq tarix, köklər, mədəniyyət, ənənələr və milli xüsusiyyətlər var. Azərbaycan və Qırğızıstan mədəniyyət, təhsil, elm, turizm, idman sahələrində münasibətlərin inkişafı məsələlərinə böyük əhəmiyyət verir. Ölkə başçısının qeyd etdiyi kimi, artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Qeyd edək ki, iki ölkə arasında fundamental diplomatik əlaqələrin əsası 1993-cü ildən qoyulmuşdur. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin görüşü keçirilmişdi. Azərbaycan Prezidenti Heydər Əliyev daha sonra 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib və orada qırğızıstanlı həmkarı ilə görüşüb. 11 noyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan–Qırğızıstan münasibətləri daha yeni inkişaf mərhələsinə qədəm qoyub. İllərdir ki, hər iki respublika İƏT, İKT, BMT çərçivəsində əməkdaşlıq edirlər. Qırğızıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir. Bir sözlə, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan–Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Qırğızıstana səfəri tarixi əhəmiyyət kəsb edir. Qırğızıstan səfəri və əldə edilən razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir və belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər.

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər